Əlaqə Arxiv
news Image
2016.10.28
09:30
| A A A
Ermənistanın ekoloji terroru şiddətlənir

Bu günlərdə AMEA-nın Hüquq və İnsan Haqları İnistitutunuda “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz–üzə” mövzusunda “dəyirmi masa” keçirilib. İnstitutun direktoru, millət vəkili Aytən Mustafayeva tədbir haqda danışaraq deyib: “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində zəhərli maddələr basdırırlar. Gizli laboratoriyalarda isə insanlar üzərində qadağan olunmuş əməliyyatlar aparırlar”.

Mövzu aktuallıq kəsb etsə də adından da göründüyü kimi təzə deyil. Burada siyasi və iqtisadi, habelə mədəni və ekoloji terrordan söhbət gedir. Xüsusilə, təbiətimizə və torpağımıza vurulan zərərlərin miqyası ölçüyəgəlməzdir.
Əsrimizin əvvəlində (fevral-mart 2004-cü il) Ermənistan hökuməti parlamentdə təsdiq etmək üçün «Tullantılar haqqında» qanun layihəsi hazırlayıb. Qanun layihəsinin hazırlanması Ermənistanda zərərli və təhlükəli tullantıların miqdarının çoxalması ilə əlaqədar idi. Bu fikri erməni rəsmiləri mətbuatda təsdiq etmişlər. Məsələn, Ermənistan təbiəti mühafizə naziri V. Ayvazyan 2003-cü ilin martında kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə demişdir ki, təkcə 2002-ci ildə Ermənistanda 327,8 min ton zərərli tullantı yığılmışdır ki, bunların da 1,2 min tonu ekoloji cəhətdən təhlükəli tullantı hesab olunur.
Tədqiqatlar göstərir ki, ermənilər Azərbaycana qarşı hələ 80-cı illərdə başla¬dıqları cinayətləri indi də davam etdirirlər. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdikləri ekoloji cinayətlər haqqında həm tədqiqatçılarımız, həm rəsmilərimiz, həm də respublikanın əlaqədar orqanları, qeyri-hökumət təşkilatları vaxtında həyəcan qaldırıblar. Təhlükəli tullantıların sərhəd zonasında dövriyyəsi və istifadəsinin qarşısının alınması və ona nəzarət edilməsi beynəlxalq sənədlərdə öz əksini tapıb. Buna baxmayaraq, Ermənistan beynəlxalq sənədlərdə irəli sürülən tələblərə məhəl qoymur və Azərbaycana qarşı ekoloji cinayətkarlığını davam etdirir.
Milli Məclisin müvafiq komissiyası 15 il bundan əvvəl Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) “İşğal olunmuş Azərbaycan torpaqlarında yaranmış ekoloji vəziyyət” haqda ətraflı məlumat verib. Ermənistan tərəfin sənaye, o cümlədən Mesamor AES-in radioaktiv tullantılarının Azərbaycanın işğal olunmuş torpaqlarında basdırması haqda əldə dəqiq məlumatlar var. Bütün bunlar haqda beynəlxalq təşkilatlara dəfələrlə əsaslı məruzələr təqdim olunub. Lakin həmin təşkilatların rəhbərləri təkidlə susmağa üstünlük verir, daha dəqiq desək, ermənilərin əməllərinə göz yumurlar. Niyə?
Təbii ki, Qərb ölkələrinin timsalında xristian dünyası ekoloji fəlakətin nə olduğunu gözəl bilir və yeri gəldikcə bunu kəskin tənqid atəşinə tuturlar. Yeri gələndə, Ermənistanın əməlləri də istisna olunmur. Xüsusilə, fiziki və mənəvi cəhətdən aşınmış Metsamor Atom Elektrik stansiyasının bərbad vəziyyəti region ölkələrinin başı üzərindən asılmış domokl qılıncı təsiri bağışlayır. Hətta neçə illər öncə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistan hökumətinə 1 milyard avro vəsait ödəməyə hazır olduğunu bildirib. Lakin ermənilər bu təklifi rədd ediblər. Bəlkə də bu avropalılarla ermənilərin əvvəlcədən danışılmış iş birliyinin tərkib hissəsi olub. Hər halda təklif verilib və qarşı tərəf rədd edib. Vəssalam. Bununla da məsələ bağlanıb və bu gün də davam edən erməni terroruna qarşı beynəlxalq ictimaiyyət seyrçi mövqe sərgiləməsi açıq-aydın sübut edir ki, beynəlxalq hüquq və normalardan bəhs edən qərbli rəhbərlər əslində, dini və siyasi təəssübkeşlik göstərərək münasibətlərdə ayrı-seçkilik yolunu tutublar. Belə olmasaydı, türkiyəli və azərbaycanlı, hətta bir sıra rus mütəxəssislərinin Metsamor barədə fikirlərini nəzərə alardılar.
Lakin təəssübkeşlik yalnız dini və milli sevgidən qaynaqlanmır. Bu məsələdə siyasi məqsədlər də əhəmiyyətli mövqeyə malikdir. Sanki bir sıra ölkələrin rəhbərləri partlayış həddində olan bu stansiyadan məhz Türkiyə və Azərbaycan əleyhinə psixoloji silah qismində istifadə edir. Üstəlik, cinayətkarlar aləmi də regionda psixoloji gərginliyin qalmasında maraqlıdırlar. Rəzalət nə qədər güclü olarsa, baş qarışar və cinayət üçün əlverişli mühit davam edər.
Hesab edirik ki, Dağlıq Qarabağ problemi həll olmayınca bu rəzalət davam edəcək. Yalnız regionda sabitliyin və haqq-ədalətli sülhün yaranması bütün digər həlli vacib məsələlərin çözülməsinə müvafiq şərait yaradacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz