Əlaqə Arxiv
news Image
2016.10.29
09:00
| A A A
Düşmən təxribatlarının körüklədiyi yeni müharibə
Mais Gülalıyev: “İstənilən qarşıdurma münaqişənin həllini xeyli gecikdirir” Elman Məmmədov: “Növbəti danışıqlar mərhələsinə hazırlıq getdiyindən onu pozmaq məqsədilə ermənilər belə təxribatlara gedirlər”

Aprel döyüşləri, onun ardınca Vyana və Sankt-Peterburq şəhərlərində keçirilən danışıqlardan sonra ermənilər yenidən atəşkəsi pozmağa başlayıblar. Bunun ardınca işğalçılar cəbhədə təxribata da əl atıblar. Belə ki, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd ediblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, aprel olayından sonra Minsk qrupu həmsədr ölkələrinin prosesə qarışması ilə uzun müddətdir danışıqlarda yaranan passivliyə ümumən son qoyuldu. Qısa zaman kəsiyində Vyana və Sankt-Peterburq olmaqla tərəflər arasında iki görüş baş tutdu. Bu görüşlərin nəticəsi olaraq da Minsk qrupu cəbhə xəttində bir müddət atəşkəsin əldə edilməsinə nail oldu. Lakin son aylar erməni işğalçılarının yenidən atəşkəsi pozmağa, özü də daha intensiv şəkildə başlayıblar. Ardınca da göründüyü kimi, təxribatlara yol verirlər. Ermənistanın təxribatlar formasında cəbəhdə vəziyyəti gərginləşdirməyə çalışmasına görəsən səbəb nədir və bu hal münaqişəyə nə vəd edir?
Politoloq Mais Gülalıyevin fikrincə, problemin dinc yolla həlli beynəlxalq hüquq çərçivəsində həll prosesini nəzərdə tutduğundan bu da Ermənistana sərf etmir. Ona görə də təxribatlar törətməklə çalışırlar ki, danışıqlar prosesi gedər-gəlməzə qədər uzansın: “İstənilən bir qarşıdurma əlbəttə ki, münaqişənin həllini xeyli gecikdirir. Bu fonda konfliktin sülh yolu ilə həlli imkanları azalır.
Ermənilər onsuz da problemin danışıqlar yolu ilə həllini qətiyyən istəmir. Onlar dərk edir ki, danışıqlar yolu ilə münaqişənin öz xeyirlərinə həlli mümkün deyil. Çünki dinc yolla həll problemin beynəlxalq hüquq çərçivəsində çözülməsini tələb edir ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Ona görə də ermənilər nə qədər mümkündürsə, çalışır ki, atəşkəsi pozmaqla aranı qarışdırsınlar. Aydın məsələdir ki, onlar hər dəfə atəşkəsi pozanda Azərbaycan tərəfi də haqlı olaraq onlara cavab verməyə məcburdur. Bu cavab isə regionda qarşıdurmanı genişləndirə və beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəldə bilər. Hər dəfə də belə vəziyyətlərdə beynəlxalq təşkilatlar mümkün olan qədər çalışır ki, atəşkəs rejimi uzansın.
Atəşkəs rejiminin uzanması ilə danışıqlar bir tərəfdən gecikir, eyni zamanda ermənilərin də bir o qədər əl-qolu açılır. Bu səbəbdən də ermənilər atəşkəsi pozur, təxribatlara gedirlər ki, danışıqlar prosesi heç bir nəticə vermədən uzansın. Belə olan halda atəşkəsin pozulmasını arqument olaraq götürməklə Azərbaycan apreldə olduğu kimi yenidən həmləyə keçsə, yenə də beynəlxalq təşkilatlar yaxalarını cırmağa başlayacaqlar. Bütün hallarda Azərbaycan nə qədər mümkündürsə, çalışır ki, qan tökülmədən məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapsın. Amma fakt ondan ibarətdir ki, ermənilər bunu istəmir. Zamanın uzanması ermənilərə sərf edir. Dəfələrlə Azərbaycan Prezidenti qeyd edib ki, prosesin bu cür davam etməsinin müəyyən həddi olmalıdır. Müəyyən zamandan sonra danışıqlar effekt verməyəcəyi halda Azərbaycan özünün konstitusion hüququ və beynəlxalq normalardan istifadə edərək torpaqlarını azad etmək üçün hərbi gücdən də istifadə edə bilər. Bütün hallarda problemin Azərbaycanın xeyrinə həll etmək imkanları də hələlik tükənməyib və nə qədər mümkündürsə, bu imkanlardan yararlanmaq gərəkdir. Qan tökmək ən sonuncu variant olaraq istənilən zamanda mümkündür. Ona qədər diplomatik, hüquqi, iqtisadi və s. variantlardan istifadə etmək lazımdır ki, problem qansız-qadasız həlli olunsun”.
Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, törətdikləri bu təxribatlar ermənilərin özlərinə qarşı çevriləcək və onlara apreldə olduğundan daha ağır zərbə vurulacaq: “Ermənilər birinci dəfə deyil ki, təxribat törədirlər. Budəfəki təxribatları da erməniləri çox istəyən, onlara havadarlıq edən, qoruyan həmsədrlərin bölgəyə səfəri ərəfəsində baş verdi. Həmçinin, Avropa İttifaqının Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsi də bölgəyə səfər etmişdi, o da ermənilərin bu təxribatının şahidi oldu.
Bu hal onu göstərir ki, ermənilər heç bir danışıqlara, beynəlxalq qurumların fəaliyətinə heç bir məhəl qoymur və öz bildiklərini etməkdə davam edirlər. Təbii ki, bu hadisələri ermənilər qondarma «Dağlıq Qarabağ qurumu»nun adından törədir və hətta apreldə Azərbaycanın azad etdiyi əraziləri yenidən işğal etməyə cəhdlər edirlər. Bununla da özlərinin varlığını nəzərə çatdırmaq, nəyəsə nail olmaq istəyirlər. Guya növbəti danışıqlar mərhələsinə hazırlıq gedir.
Onu pozmaq məqsədilə də ermənilər belə təxribatlara gedirlər. Hərbi cani Serj Sarkisyan həmçinin erməni cəmiyyəti qarşısında özünə haqq qazandırmaq və siyasi hakimiyyətini qoruyub saxlamaq üçün cəbhə xəttində bu təxribatlara gedir. Hər dəfə də onların bu təxribat cəhdləri Ermənistan xalqına bir neçə erməni dığasının meyidini bağışlayır. Özü də məsələ ondadır ki, ölən və yaralanan ermənilərin heç biri Dağlıq Qarabağ sakini deyil, Ermənistan vətəndaşıdırlar. Ermənistan vətəndaşının Azərbaycan torpağında olması, burada ölməsilə onlar növbəti dəfə beynəlxalq təşkilatlar qarşısında özlərini ifşa edirlər. Bunlar hamısı növbəti dəfə göstərdi ki, Azərbaycan ayıq-sayıqdır, erməni təxribatlarının qarşısını hər an almağa layiq və qadirdir. Bir daha onlara sübut etdik ki, budəfəki sillə apreldə olandan daha betər olacaq və danışıqların pozulması üzrə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Qoy, bunu onların havadarları, həmsədrlər də bilsin.
Bir neçə gün öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsilə görüşdə də onlara bildirdim ki, bu şəraitdə sülhə nail olunacağını gözləyirsinizsə, səhv edirsiniz. Nə qədər ki, düşmən ordusu bizim torpaqdadır, ərazi bütövlüyümüz təmin olunmayıb, müharibə hər an alovlana bilər, özü də daha dəhşətli formada. İndiki vəziyyətdə isə heç zaman dayanıqlı sülh və qarşılıqlı etimad da olmayacaq. Nə qədər ki, problem həllini tapmayıb ermənilər belə təxribatlara əl atmaqda davam edəcək. Azərbaycan ordusu da onlara daha sarsıdıcı zərbələr vurmaqla erməniləri geri oturda-oturda torpaqlarımızı işğaldan azad edəcək. Bu, bizim son məqsədimizdir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz