Əlaqə Arxiv
news Image
2016.12.06
09:15
| A A A
ABŞ Ermənistan siyasətini dəyişir
Natiq Miri: “Ermənistanı Trampın prezident seçilməsilə həqiqətən narahat edə biləcək ciddi əsaslar var” Aydın Ağayev: “Tramp adminstrasiyasının Ermənistana hansı münasibət sərgiləyəcəyi barədə daha konkret gələn il danışa bilərik”

“ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün çağırışdır. Çünki son onilliklər ərzində ilk dəfədir ki, ABŞ-da erməni məsələsi barədə anlayışı olmayan, bir dəfə də olsun Ermənistan barədə danışmayan və erməni sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə “soyqırım” barədə heç vaxt bəhs etməyən biri prezident olacaq“. Bu sözləri erməni politoloq Ruben Sfrastyan deyib. 

Erməni politoloqun fikrincə, ABŞ-ın əvvəlki prezidentlərinin erməni məsələsi haqda anlayışı, öz mövqeləri var idi. “Çünki onlar siyasi istebleşmentə məxsus idilər. Tramp isə biznesdən gəlib. “Onun erməni məsələsi barədə anlayışı  belə yoxdur”-Safrastyan bildirib. 
Qeyd edək ki, əvvəlki illərdə baş verən prezident seçkiləri ərəfəsində namizədlər qondarma “erməni soyqırımı“ məsələsini də gündəmə gətirirdilər. Düzdür, heç bir prezident seçildikdən sonra bu ifadəni açıq olaraq işlətməyib. Amma ən azından bu dəfəki seçkilərdə əvvəlki dövrlərdən fərqli olaraq nə Tramp, nə də xanım Klinton erməniləri sevindirəcək ifadələr işlətmədilər. Trampın seçilənə qədər bir biznesmen olaraq erməni ticarət dairələri ilə də əlaqələri demək olar ki, yox səviyyəsindədir.  
Beləliklə bu fonda gözləmək olarmı ki, Trampın idarəçiliyə başlamasından sonra ABŞ Ermənistanla bağlı fərqli siyasət yürütsün? Bu Ermənistana, Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir? 
Politoloq Natiq Miri bildirdi ki, Trampın prezident seçilməsi həqiqətən də Ermənistanda əməlli-başlı həyacan yaradıb: “Trampın gəlişi ilə Dağlıq Qarabağla bağlı ABŞ-ın siyasətində ciddi dəyişiklik olacağını düşünmürəm. Ancaq Ermənistanı Trampın prezident seçilməsilə sözün əsl mənasında həqiqətən narahat edə biləcək əsaslar vardır. O mənada ki, Trampın prezident seçkiləri öncəsi prosesin maliyyələşməsində erməni lobbisi iştirak etmədi. 
O da gerçəkdir ki, erməni lobbisi maliyyəsini daha çox xanım Klintonun seçki prosesinə sərf edib.  Bu haqda da təbii ki, Trampın məlumatı var. Ayrıca onu da nəzərə almaq lazımdır ki, Tramp həm seçki öncəsi mübarizədə, həm də prezident seçiləndən sonra birmənalı bəyan etdi ki, prezidentliyi dövründə lobbiçilik siyasətini tamamilə dayandıracaq. Bu da təbii ki, Ermənistanın maraqlarına ciddi şəkildə təsir edir. Erməni lobbisi bilirsiniz ki, ABŞ-da güclüdür və maliyyə dəstəyilə həm prezidentlərə, həm adminstrasiyaya, eyni zamanda qanunverici orqanlara da təsir edə bilirlər. Bu fəaliyyət Trampın dediyi kimi dayandırılacaqsa, düşünürəm ki, bu halda erməni lobbisinin fəaliyyəti məhdudlaşacaq. Belədə Ermənistan dövlətinin maraqlarına da ciddi zərbə vurulacaq. Ona görə də Ermənistan hakimiyyətinin bu istiqamətdə narahat olmasına əsas var. Bu da gələcəkdə Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa uyğun olaraq həll olunmasında Azərbaycanın mövqeyini müəyyən mənada gücləndirə bilər. 
Onu da nəzərə almaq lazımdır ki, Trampın Azərbaycana münasibəti də Ermənistana rəğmən daha müsbətdir. Azərbaycanla Trampın və onun ailəsinin müəyyən mənada biznes əlaqələri də var. Məhz bu amillərin Trampın Azərbaycana münasibətinə isti mənada təsirləri olacaq. Belədə görürük ki, Ermənistanın bu fonda narahat olmağa ciddi əsasları vardır”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə bildirdi ki, indidən Trampın Ermənistanla bağlı hansı siyasət yürüdəcəyi haqqında fikir bildirmək çətindir: “Trampın qələbəsindən sonra erməni mətbuatının və xaricdə məsələni izləyən ekspertlərin yazdıqlarından çıxan  ümumi mənzərə ondan ibarət idi ki, ermənilər Demokratlar Partiyasının namizədinin qalib olmasını istəyirdilər. Sonrakı həftələrdə də həmin mənzərə dəyişmədi. Məsələ ondadır ki, Trampın idarəçiliyə başlayandan sonra xarici siyasətdə prioritet məsələlərin hansılar olacağını görəcəyik. Bu barədə indidən söyləmək bir qədər çətindir. Hər şey Trampın xarici siyasətdə hansı prioritetləri qabartmasından asılı olacaq. Ermənipərəst qüvvələr Amerikada həmişə olublar. Hazırda Respublikaçıların nəzarətində olan qanunvericilik orqanında da onlar qalırlar.
ABŞ-ın yeni  adminstrasiyasının Ermənistana hansı münasibət sərgiləyəcəyi barədə  daha konkret olaraq gələn il danışa bilərik.    
İndidən bu barədə bir şey söyləmək çətindir. 
Münaqişəyə gəldikdə, onun həlli üçlüyün monopoliyasında qalacaqsa, görünür, belə də olacaq, təbii ki, Amerikanın münasibətində bizi qane edən ədalətli yanaşma olacaqsa, bu, dərhal görünəcək. Hələlik Vaşinqtonun xarici siyasət prioritetlərini seçkiqabağı dövrdə səslənən çağırışlar əsasında qiymətləndirmək bir qədər düz olmazdı. Çünki seçki kampaniyasında söylənilənlərlə praktiki işdə bir qədər fərqli mənzərə ola bilər. Bu, təbii haldır. Gözləyək görək, nə olur. Burada Rusiya ilə münasibətlərdən də çox şey asılıdır. Ermənilər qoy, Trampdan narazılıq etsinlər, narahat olsunlar. Bu onların öz işləridir. Həmçinin erməni ekspertləri tərəfindən səslənən hər hansı rəyləri də çox ciddiyə almaq lazım deyil. Ermənilərin hazırda güvəndiyi yeganə qüvvə var, o da məlumdur. Bütün ötən illər ərzində onlar bu istiqamətdə işləyiblər. Onlar indi də məlum istiqamətdə daha çox işləyirlər. Ermənilər hazırda işlərini bir neçə istiqamət üzrə qurmaq istəyir. Həm Rusiya ilə öz aralarında, həm də Moskva-Ankara arasında olan münasibətlərin indiki mənzərəsini də ermənilər diqqətdə saxlayırlar  ki, bu yaxınlaşmanın özləri üçün hansı ziyanı və yaxud xeyri ola bilər. Hər gün bu barədə yazır və danışırlar. Gözləyək görək, nə olur. Azərbaycan uzaq coğrafiyada yox, məlum yaxın coğrafiyada olan əsas hədəflə işləməlidir. Nə qədər çətin olsa da. Başqa yol yoxdur”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz