Əlaqə Arxiv
news Image
2016.12.10
09:00
| A A A
Ankara-Moskva yaxınlaşması ermənilərin Qarabağ qorxusunu artırır
Elşən Manafov: “Bu iki dövlətin yaxınlaşması ilə Qarabağ konfliktinin həllində yeni prosesin başlana biləcəyi mümkündür” Elman Nəsirov: “Ermənistana qarşı budəfəki təzyiqlər daha çox üç istiqamət üzrə ola bilər”

Rusiya və Türikyə arasında iqtisadi, siyasi münasibətlər intensivləşir. Bu fonda ermənilər bəyan edirlər ki, Türikyənin Rusiyaya Qarabağ münaqişəsinə görə təsir və təzyiqləri Azərbaycanın xeyirinə olan müstəvidə artacaq.

Politoloq Elşən Manafov bildirdi ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması fonunda Qarabağ münaqişəsinin həllində yeni prosesin başlana bilməsi Ankaranın Moskva ilə münasibətləri hansı səviyyəyə qədər çatdıra biləcəyindən asılıdır: “Türkiyənin baş naziri Binəli Yıldırımın bu günlərdə Rusiyada həmkarı Dmitri Medvedyevlə apardığı danışıqların fonunda əlbəttə ki, bu iki dövlətin yaxınlaşması ilə Qarabağ konfliktinin həllində yeni prosesin başlana biləcəyi mümkündür. Nəzərə alaq ki, Türkiyənin özü də ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərdəndir, sadəcə, həmsədrlikdə təmsil olunmur. 
Aydın məslədir ki, Ankaranın burada həmsədr olacağı təqdirdə problemin çözülməsilə bağlı prosesə təsir imkanları da kifayət qədər arta bilər. Sadəcə olaraq, həmsədrlikdə Türkiyənin təmsil olunması üçün bu məsələdə Ermənistanın razılığı alınmalıdır. Amma onu da unutmayaq ki, Türkiyə regional dövlətdir. Zənnimcə, Moskvanın vasitəçiliyilə aparılan danışıqlarda Türkiyə belə bir şərt qoya bilər ki, ərazilərin boşaldılacağı halda Ankara Ermənistanla sərhədləri açır. Bu da indiki şəraitdə mühüm əhəmiyyət kəsb  edən bir  hadisə olacaq. Bu halda konfliktin həlli istiqamətində hansısa ciddi uğura imza atılacağını düşünmək olar. Digər hallarda onu nəzərə almaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında mövcud yaxınlıq hər iki tərəfin maraqlarına cavab verən hadisə olsa da, qardaş ölkə hələlik NATO üzvüdür. Belədə NATO üzvü olan dövlətlə Rusiya bütün hallarda münasibətlərini çox ehtiyat və təmkinlə quracaq.
Ankaranın mövqeyi bəllidir. Ermənistan işğal etdiyi ərazilərdən işğalçı qoşununu çıxarmalıdır və yalnız bu halda Türkiyə ilə İrəvan arasında münasibətlərin forması dəyişə bilər. Lakin Türkiyənin indiyədək sərgilədiyi bu mövqeyə baxmayaraq, İrəvan hələ ki, irəli sürülən təkliflərin realizə olunması istiqamətində konkret addımlar atmır. Bütün hallarda güman edirəm ki, Türkiyə regional dövlət olaraq Qarabağ probleminin həllini tapması istiqamətində səylərini də gücləndirəcək”.  
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə də, Ankara-Moskva əlaqələrinin intensivləşməsi nəticə etibarı ilə Qarabağ münaqişəsinin çözülməsinə də ciddi töhfə verə bilər : “Ermənistan tərəfi hər zaman maraqlı olub ki, Ankara ilə Moskva arasındakı münasibətlər gərgin olsun. Bu gərginlikdən də istifadə edərək öz işğalçı siyasətlərini davam etdirsinlər. Lakin Türkiyə ilə Rusiya arasında başlanan istiləşmə tendensiyası təkcə siyasi dialoq və iqtisadi münasibətlərlə kifayətlənməyəcək. Bu əlaqələrin intensivləşərək daha da istiləşməsi nəticə etibarı ilə digər spektlərdəki məsələləri, o cümlədən Dağlıq Qarabağ konfliktinin həllilə bağlı prosesə də müəyyən mənada təkan verər. Nəzərə alaq ki, hər iki dövlət münaqişənin həllilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvləridir. Rusiya həm də həmsədrdir. 

Belə olan vəziyyətdə iki dövlətin münasibətlərinin yaxşılaşması təbii ki, sülh prosesinə töhfə verə biləcək bir addımdır. Artıq Azərbaycanla Rusiya arasında Parlamentlərarası Əməkdaşlıq İşçi  qrupu mövcuddur. Anoloji qrup Bakı ilə Ankara arasında da vardır. İndiki şəraitdə isə Moskvanın  təşəbbüsü ilə  üçtərəfli formatda, Türkiyə, Azərbaycan və Rusiya arasında Parlamentlərarası Birgə Dostluq Qrupunun yaradılması istiqamətində işlərə başlanılır. Bütün bunlar nəticə etibarı ilə üç dövlətin münasibətlərinin daha da möhkəmlənməsi mənafeyinə xidmət edən bir məsələdir. Belə olan halda həm siyasi dialoq sahəsində, həm iqtisadi-ticarət, xüsusilə qaz istehlak və satışı istiqamətində Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması və bu yaxşılaşmanın Suriya məsələsində də öz əksini tapması reallıqları onu göstərir ki, həmin böhranla bağlı tərəflər hazırda ortaq mövqe ortaya qoya bilirlərsə, eyni tendensiyanı Qarabağ münaqişəsinin həllilə bağlı prosesdə də görmək istərdik. Buna müəyyən mənada bir inam da əmələ gəlməyə başlayıb. Bu da nəticə etibarı ilə münaqişənin çözümü istiqamətində yeni bir situasiya yaradır. Ona görədir ki, həmin prosesin gedişatını Ermənistan tərəfi diqqətlə izləyir və bu fonda hadisələrin gedişinin nəticə etibarı ilə konfliktin həlli istiqamətində İrəvana təzyiqlərin daha da artmasına gətirib çıxara biləcəyi nəticəsini çıxarır. Ermənistana qarşı budəfəki təzyiqlər daha çox üç istiqamət üzrə ola bilər: Türkiyə, Azərbaycan və Rusiya. Bu tendensiyanı rəsmi İrəvan görməkdədir və həyəcanlanması da məhz bununla bağlıdır”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz