ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər: "Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər".
Bu təkliflər Qarabağ münaqişəsinin həllinə nə vəd edir və onun əsasında məsələ çözülə bilərmi? Yoxsa bunlar da əvvəlki təkliflər kimi əhəmiyyətsiz olacaq? Bu hal Qarabağ münaqişəsinə nə vəd edir?
Milli Məclisin deputatı Fazil Mustafa həmsədrlərin, o cümlədən Ceyms Uorlikin açıqlamalarının səmimiyyətdən uzaq olduğunu bildirdi: “Bunlar bir cəfəngiyatdır. Qarabağ məsələsi ilə bağlı hazırda danışıqlar masasına gətirilən təkliflər hər hansı bir fayda verməyəcək. Çünki təkliflərin mahiyyətində birinci növbədə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Bu yoxdursa, qalan bütün təkliflərin artıq bir mənası qalmır. Ona görə də hesab edirəm ki, həmsədrlərin bu tip açıqlamaları heç də səmimi yanaşmadan xəbər vermir. Həqiqətən də səmimiyyət istəyirlərsə, ərazi bütövlüyü prinsipindən məsələyə yanaşsınlar. Onda Azərbaycan istənilən variantda müzakirəyə hazırdır”.
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, həmsədrlərin bu tip sayıqlamaları cəfəngiyat, saxtakarlıq və qeyri-səmimilik və riyakarlıqdan irəli gəlir: “Ötən illər ərzində onların dediklərinin hamısı bir-birinin ardınca puç və ifşa olub. Çünki icrası mümkün olmayan, haqq-ədalətdən uzaq olan fikir və təkliflərdir ki, səsləndirirlər. Uorlik və digərləri can-fəşanlıqla bəyan edirlər ki, təmas xəttində dayanıqlı atəşkəsin olmasına çalışmalıyıq. Mən isə bir Azərbaycan vətəndaşı, millət vəkili kimi deyirəm ki, təmas xəttində dayanıqlı atəşkəsin olmasına qəti olaraq etiraz edirəm. Nəyə görə təmas xəttində dayanıqlı atəşkəsin olmasına razı olmalıyıq?
Təmas xətti Azərbaycanın ərazisindən keçir, düşmən ordusu bizim torpaqlardadır. Qoy, Ermənistanla Azərbaycan arsındakı dövlət sərhədində atəşkəs olsun. Ancaq nəyə görə işğal olunmuş ərazilərimizdə atəşkəsə nail olmalıyıq Biz hər gün erməni evlərinə erməni əsgərinin meyidini göndərməliyik. Erməni valideynləri, ictimaiyyəti bilməlidir ki, oövladları Ermənistan-Azərbaycan sərhədində yox, Azərbaycan ərazisində öldürülüb və bundan nəticə çıxartmalıdırlar.
Minsk qrupu yaradılandan onların belə avantürüst bəyanatlarını eşitməkdən bezmişik. Onlar bu fikirləri problemin həllini əngəlləmək, uzatmaq, ermənilərin xeyrinə status-kvonun qorunub saxlanılmasına nail olmaq, Azərbaycan torpaqlarının işğal altında qalmasının ömrünü uzatmaq naminə səsləndirilən fikirlərdir. Hər dəfə yeni təklif və layihələrin olduğunu pafosla bəyan edirlər. Nə üçün Ermənistan ordusu Azərbaycan ərazisində olmalıdır ki, erməni əsgəri də burada ölsün. Bu barədə erməni cəmiyyəti fikirləşməlidir. Atəşkəsə nail olunmasına işğalçı dövlət və ona havadarlıq edən həmsədr dövlətlər, ATƏT və onlardan da yaxşı olmayan BMT çalışır. Azərbaycan isə çalışmalıdır ki, cəbhə xəttini ən azı 1988-ci ildə mövcud olan dövlət sərhədlərinə qədər aparsın. Ondan sonra Azərbaycan da atəşkəsin pozulmamasına çalışar. Mövcud durumun qalması isə Ermənistanı işğal edən cinayətkar Qarabağ klanı və ona rəhbərlik edən hərbi cani Serj Sarkisyanın xulyaları, fikirləridir. Hansı ki, bu fikirlər də məlum mərkəzlərdən qidalanır. Həmin mərkəzlər də çalışır ki, atəşkəs belə vəziyyətdə 20-30 ildən sonra da qalsın. Azərbaycanı bununla nəyəsə məcbur etməyə çalışırlar. Lakin onlar bizi güzəştə getməyə məcbur edə bilməyəcəklər. Azərbaycanı belədə məcbur edəcəklər ki, torpaqlarını işğaldan azad etmək üçün amansız bir müharibəyə başlasın. Azərbaycan buna da hazırdır. Müharibənin olmaması üçün də işğalçı dövlət və havadarları fikirləşməlidirlər”.
Rüfət NADİROĞLU