Əlaqə Arxiv
news Image
2016.12.20
08:00
| A A A
Ermənilər də Qarabağ münaqişəsinin həllində Azərbaycanın istədiyi həll varinatını tələb edir
Elman Nəsirov: “Qarabağ probleminin həllinə münasibətdə Ermənistan cəmiyyətində birmənalı şəkildə ikitirəlilik yaranıb və getdikcə münaqişənin mərhələli həllinə tərəfdar olanların sayı sürətlə artır” Natiq Miri: “Ermənistanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu barədə fikirlər getdikcə daha ucadan səslənməyə başlayır”

Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyan deyib ki, Qarabağ məsələsinin mərhələli həlldən başqa həll yolu yoxdur. Ter-Petrosyan qeyd edib ki, Qarabağ məsələsi həll olunan kimi erməni-türk münasibətləri də öz-özünə nizamlanacaq. “Elə ertəsi gün”- deyə, o qeyd edib. Beləliklə Ermənistanda açıq etiraf olunur ki, Qarabağ münaqişəsi mərhələli şəkildə həll olunmalıdır. Lakin Ermənistanda probemin ancaq mərhələli həlli açıq şəkildə etiraf olunsa da, Serj Sarkisyan iqtidarı buhələ də  sözügedən istiqamətdə lazımı addımlar atmır. Bu da Ermənistanda ikitirəlik yarandığını göstərir. 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Qarabağ probleminin həllinə münasibətdə Ermənistan cəmiyyətində birmənalı şəkildə ikitirəlilik yaranıb və getdikcə münaqişənin mərhələli həllinə tərəfdar olanların sayı sürətlə artır: “Artıq Ermənistan daxilində, ictimai fikrində Qarabağ münaqişəsinin həllilə bağlı yanaşmalarda fərqlilik özünü göstərməkdədir. Əvvəllər Ermənistan hakimiyyətinin apardığı təbliğat sayəsində ölkədə konfliktin həllilə bağlı yekdil mövqe vardı və onlar üçün birmənalı şəkildə münaqişənin ancaq xalqların öz müqəddəratını təyinetmə prinsipilə həlli məsələsi ön planda idi. Hazırda isə Ermənistan cəmiyyəti iki yerə parçalanıb. Münaqişənin həllilə bağlı mərhələli həll variantını dəstəkləyənlərin sayı artmaqdadır. 
Bilirsiniz ki, sülh platforması təsis edilib. Xüsusən də Ermənistan gənclərinin sülh platformasını müdafiə etməsi istiqamətində bəyanatlar səslənməkdədir. Hakimiyyət isə onları həbs etməklə səslərini boğmaq istəyir. Proses ondan xəbər verir ki, getdikcə tendensiya fərqli xarakter almağa başlayır. Yəni, münaqişənin dinc mərhələli həll yolu ilə həlli əsas variant kimi getdikcə cəmiyyətdə daha çox populyarlıq əldə etməyə başlayır. Bu isə Sarkisyan hakimiyyətini çox qıcıqlandırır və onu narahat edən əsas məsələlərdən birinə çevrilib. Vaxtilə Levon Ter-Petrosyan demişdi ki, mərhələli həll variantını qəbul etməli və münaqişənin həllilə bağlı Azərbaycanla kompromisə gəlməliyik. O deyirdi ki, həmin addımı bu gün etməsələr, sabah gec olacaq və ola bilsin, Azərbaycan hazırkı şərtləri gələcəkdə heç qəbul etməsin. Artıq həmin zaman gəlib və Ter-Petrosyanın həmin proqnozunun düzgün olduğu üzə çıxıb. 
Hazırda Ermənistan cəmiyyətinin mövqeyində münaqişənin mərhələli həlli variantı güclənməyə başlayıb. Bu da Ermənistanda daxili gərginliyin artması ilə müşayiət olunur. 2017-ci ilin parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi böhranın daha da dərinləşməsi, hakimiyyətlə xalq arasında ziddiyyətlərin güclənməsinin şahidi olacağıq.  Hətta bir qədər də irəli gedib demək olar ki, 2008-ci ildə Sarkisyan hakimiyyətə gələndə  10-dan artıq insanı güllələdi, xeyli insanı da yaraladı. İstisna deyil ki, hadisələr yenidən o istiqamətdə inkişaf etsin”.


Politoloq Natiq Mirinin fikrincə, Ermənistandakı Qarabağ klanı məhz hakimiyyəti itirməmək üçün mərhələli həll planını yaxına belə buraxmaq istəmirlər: “İlk olaraq onu anlamaq lazımdır ki, Ter-Petrosyanın özü məhz mərhələli həll planını qəbul etdiyi üçün hakimiyyətdən düşürüldü. Ter-Petrosyan o zamanlar da bəyan etmişdi ki, bu gün sülh prosesini qəbul etmiriksə, hansısa zaman çərçivəsində sülh müqaviləsini daha ağır şərtlərlə qəbul etmək məcburiyyətində qalacağıq. Bu gün o gündür. 
Zaman Ermənistanın xeyrinə işləmir. İşğalçı ölkə iqtisadi cəhətdən daha ağır bir duruma düşür. Ermənistan hərbi cəhətdən demək olar ki, tamamilə Rusiyadan asılıdır. Hətta müstəqil qaydada hərbi qərarlar vermək səlahiyyətini də Moskvaya vermiş durumdadırlar. Ona görə də Ter-Petrosyanın dedikləri tədricən öz təsdiqini tapır. Mərhələli həll planından başqa digər planın olması ona görə mümkün deyil ki, Ermənistanın iddia etdiyi hər şeyin eyni vaxtda həll olunması planı mümkünsüzdür. O mənada ki, Ermənistan statusla rayonların qaytarılması məsələsinin eyni vaxtda həll olunmasını istəyir ki, bu da mümkün deyil. 
Beynəlxalq hüquqa görə də birinci işğal faktı aradan qaldırılmalıdır. Bu baş  vermədən hər hansı bir status məsələsinin müzakirə obyekti olması mümkün deyil. Bütün bunlar onu göstərir ki, Qarabağ probleminin həlli mütləq mənada mərhələli həlldən keçir. Onun alternativi yoxdur.
Ermənistanın mərhələli həll planını sabotaj etməsinə gəldikdə, Sarkisyanın başçılığı altında  Qarabağ klanı Ermənistanda hakimiyyətə məhz Qarabağ kartı üstündə gəldiklərini anlayır. Bu gün həmin ideyadan geri çəkilməklə təbii ki, Qarabağ klanı da hakimiyyətdən düşmüş olur. Bu təhlükəni Sarkisyan öz hakimiyyəti üçün gördüyündən, çalışdığı qədər mərhələli həll planını sabotaj edir. Bu istiqamətdə onun müəyyən imkanları da var. Söhbət ondan gedir ki, Moskva Qarabağ probleminin həllində maraqlı olduğunu göstərmiş olsa da, bu, sadəcə, görüntüdən başqa bir şey deyil. Rusiya ayrıca Suriya və Ukrayna məsələsini də məhz Dağlıq Qarabağ probleminin həllinə bağlayır. Çünki həmin iki münaqişə ilə bağlı Rusiyanın böyük problemləri var”.  
Ekspert onu da vurğuladı ki, hazırda Ermənistan ictimai rəyində Qarabağ məsələsinə baxışlar fərqlidir: “Bir neçə il bundan öncə istisnasız olaraq Qarabağın müstəqilliyi istənilirdisə, bu gün Ermənistan toplumu həmin məsələyə əvvəlki tək önəm vermir. Hətta Ermənistanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu barədə alternativ fikirlər də getdikcə daha ucadan səslənməyə başlayır. Erməni toplumu qarşılıqlı güzəştlərdən danışmağa başlayıb. 
Dağlıq Qarabağda yaşayan ermənilərin özlərində də məsələyə fərqli baxışlar formalaşıb. Onlar cinayətkar xuntanın zülmü altında qalmaq istəmirlər. Ter-Petrosyan da məhz bu baxımdan alternativ fikri ortalığa qoyur. Vaxtilə dedikləri bu fikrin əksinə getməklə Ter-Petrosyan əlbəttə ki, siyasi nüfuz qazana bilməz. O bildirir ki, Ermənistan toplumu güzəştlərə hazırdır. Qlobal səviyyədə də artıq düşünürlər ki, Qarabağ problemi həll olunmalıdır və həll prosesi də təbii ki, mərhələli prosesdən keçir. Ona görə də düşünürəm ki, Ter-Petrosyan dediyi bu fikirlərində haqlıdır”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz