Əlaqə Arxiv
news Image
2016.12.22
07:00
| A A A
Qarabağda antitteror əməliyyatları yenidən gündəmə gəldi
Elman Məmmədov: “Terrorçu təşkilatlar məhv edilməklə bərabər, paralel olaraq yaranma səbəblərinin aradan qaldırılması istiqamətində də səylər gücləndirilməlidir” Natiq Miri: “Azərbaycan terrora qarşı mübarizədə istənilən zaman hərbi əməliyyatlar keçirə, hətta bu məsələdə Türkiyə də ölkəmizə dəstək ola bilər”

Türikyədə, Almaniyada baş verən son terror aktları bu problemin getdikcə nə dərəcədə böyüdüyünü, təhlükəli xarakter aldlığını göstərir. Hesab edilir ki, arxalarında müəyyən dövlətlərin razılığı və güclü maliyyə dəstəyi olmasaydı, terror təşkilatları bu qədər təhlükəli bir quruma da çevrilməzdilər. 

Terrorun getdikcə daha təhlükəli hal aldığı bir zamanda, bəs nədən, düyna ölkələri bu bəlanın əlində belə aciz duruma düşüblər, onu kökünü kəsə bilmirlər? Terror qarşı qətiyyətili mübarizə aparılsa, bu işğal olunmuş Azərbaycan ərazilərindədə terrorun kökünün kəsilməsində yeni vəziyyət yarada bilərmi?
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, dünya ölkələri terrorun kökünü kəsməkdə ona görə acizdir ki, bu bəlanı yaradan səbəbləri birgə aradan qaldırmaq barədə fikirləşmirlər: “Terrorun kökünü kəsmək elə də asan iş deyil. Təbii ki, bu istiqamətdə böyük dövlətlər, beynəlxalq qurumlar terrora qarşı mübarizə aparmağın, səyləri, gücləri birləşdirməyin vacib olduğunu deyirlər. Həqiqətən də terrora qarşı mübarizə aparılmalı, bu istiqamətdə səylər birləşdirilməlidir ki, onun kökü kəsilsin. 
Kim tərəfindən və kimə qarşı törədilməsindən asılı olmayaraq, terror hamı tərəfindən pislənilir. Ancaq məsələ ondadır ki, terroru doğuran səbəblər var. ABŞ vətəndaşları və yaxud başqa böyük, güclü dövlətlər, haqları, hüquqları təmin olunmuş xalqlar heç zaman terrora əl atmır. Çünki onların əlində güc var və istədiklərini qanuni güc vasitəsilə həyata keçirirlər. Harada istəsələr, gedib oranı qana çalxalayırlar. Bu gün terroru törədənlər əsasən ərəb dünyası, Əfqanıstan, Pakistan, Hindistan vətəndaşlarıdır. Çünki bir sıra hallarda terrorun yaranma səbəbləri gücsüzlük, acizlik, nəyisə qanuni yolla edə bilməməkdən baş verir. Lakin bütün hallarda terrora bəraət qazandırmaq təbii ki, olmaz.  Terror lənətlnməli, pislənməlidir. Ona görə, dünya, böyük dövlətlər elə yaşamaq, elə hərəkət etmək barədə fikirləşməlidirlər ki,  terroru doğuran səbəblər aradan qalxsın. Yəni, terrorçu təşkilatlar məhv edilməklə bərabər, ona paralel olaraq yaranma səbəblərinin aradan qaldırılması istiqamətində də səyləri gücləndirmək lazımdır. 
Terrorun kökünün kəsilməsi üçün bütün vasitələrə əl atılmalıdır. Terrordan heç bir dövlət və xalq sığortalanmayıb”. Həmsöhbətimiz onu da qeyd etdi ki, terror qarşı dünya miqyasında qətiyyətili mübarizə aparılarsa, bu, işğal olunmuş Azərbaycan ərazilərində də terrorun kökünün kəsilməsi istiqamətində yeni vəziyyət yaradacaq: “1988-ci ildən bəri erməni terror təşkilatları tərəfindən Azərbaycana qarşı çoxsaylı terror hadisələri törədilib. Azərbaycana qarşı ermənilər tərəfindən terror hadisələri törədiləndə hazırda terrordan əziyyət çəkən dünya birliyi ölkəmizə dəstək olaraq vaxtında erməni terrorunu pisləyib, onun qarşısının alınmasında bizə kömək olmadılar. Terror təşkilatı yaradan Ermənistana qarşı heç bir cəza tədbirləri görülmədi. Terror da məhz bu kimi biganəlikdən qidalanır, stimullaşır. Dünyada mövcud olan terror təşkilatlarını yaradan, maliyyələşdirən və təlimatlandıranlar var. Hətta bəziləri o təşkilatlara öz dövlətlərində qeyri-leqal olaraq yer verməklə, onlara şərait yaradıb saxlayırlar da. Hazırda mövcud olan terror təşkilatlarının kökünü araşdıranda məlum olur ki, onlar dünyanın ən böyük dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən yaradılıb, təlimatlandırılıb və istiqamətləndiriliblər.  Burada maraqlı təşkilat və dövlətlər var. Sonradan da onları idarə edə bilməyərək əllərində qalırlar. Yəni, terrorla mübarizədə ikili, üçlü standartlarla çıxış etməklə nəticə əldə etmək mümkün olmayacaq. Bu istiqamətdə səylər birləşdirilməlidir ki, həmin bəlaya son qoyulsun. Terrorun kökü axtarılmalıdır, Türkiyədə Rusiya səfirini güllələyəni ora kim, hansı məqsədlə göndərib? Elə-belə kor-koranə gedib kimsə terror hadisəsi törətmir. Bunun kökü araşdırılmalıdır”.
Politoloq Natiq Miri düşünür ki, terrorun arxasında böyük güclər dayandığından dünya birliyi də ona qarşı effektiv mübarizə aparmaqda bu qədər acizdir: “Əvvəla, onu nəzərə alaq ki, terroçular öz-özünə yaranmayıblar. Onları yaradan konkret maliyyə və güc mərkəzləri var. Hansı ki, həmin mərkəzlər bu gün də terroru idarə etməkdə davam edir. Yəni,  xaos yaratmaq siyasətindən istifadə etməklə böyük pullar qazanır, öz geosiyasi, geoiqtisadi maraqlarını təmin edirlər. Artıq vəziyyət o həddədir ki,  terror mərkəzləri özünü yaradan güc mərkəzlərinin özünü belə vurmağa başlayıb. Yəni, onlar idarə olunmaqdan çıxıb, regional və qlobal güclərin əlində alətə çevriliblər. Pulu kim verirsə, musiqini də onlar sifariş vermək və asanlıqla bu alətdən istifadə etməklə dövlətlər bir-birinə qarşı belə təhdidlər yaradır, müəyyən mənada öz maraqlarını təmin edirlər. 
Terrorun arxasında böyük güclər dayanıb. Ona görə də bu güclər vəkalətən savaşdıqca təbii ki, terror da getdikcə “çiçəklənməkdə” davam edəcək. O zaman ki, dünya güc mərkəzləri terrorun bitirilməsinə birgə qərar verəcək, onda terror da bitiriləcək. Son zamanlar terrorun bitirilməsi istiqamətində regionda konkret yaxınlaşma hiss olunur. Bu proses də əsasən Türkiyə ilə Rusiya arasında gedir. Səmimiyyətinə şübhə etdiyim İran da müəyyən mənada prosesə qoşulacağını deyib. Hər bir halda Moskvada Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin görüşü və Moskva bəyanaməsinin qəbulu gösətrir ki. Suriyada sülh prosesinin başladılması yönündə ən azından 3 regional ölkə razılığa gəlib. Bu da çox əhəmiyyətli bir geosiyasi amildir”.  
Politoloq bildirdi ki, terrora qarşı real mübarizə aparılarsa, bu amil Azərbaycan üçün də Qarabağdakı erməni terror yuvasının kökünü kəsmək istiqamətində yeni vəziyyət yaradacaq: “ Azərbaycanın işğal olunmuş əraziləri nəzarət olunmayan ərazilərdir. Əraziyə malik olan Azərbaycan dövləti ora nəzarət edə bilmir. Nəzarətsiz ərazilərdə isə narkotik qaçaqmalçılığından tutmuş, terrorçuları bəsləməyə qədər  bütün xoşagəlməz hadisələr baş verir. Ona görə də Azərbaycan terrora qarşı mübarizə adı altında istənilən zaman hərbi əməliyyatlar keçirə bilər. Hətta bu məsələdə Türkiyə də ölkəmizə dəstək olar. Söhbət ondan gedir ki, təsdiqlənmiş faktlara görə, kürdlərin PKK terrorçuları hazırda Dağlıq Qarabağ və ətraf işğal olunmuş rayonlarda ciddi loqistik dəstək almaqla yanaşı, təlimlər də keçirlər. Hətta onlar Azərbaycana qarşı hərbi təxribatlara da qoşulurlar. Aprel döyüşlərində ermənilər tərəfindən öldürülən əsgərlərdən bəziləri məhz PKK kürdləri olub. Ona görə də antiterror əməliyyatı keçirmək üçün Azərbaycanın əlində təbii ki, ciddi zəmin və əsaslar var. Bu səbəbdən də terrora qarşı bütün dövlətlərin birgə mübarizəsi terror qruplarının, eyni zamanda separatçılıq adı altında terrorla məşğul olan qüvvələrin zərərsizləşdirilməsi məsələsində Azərbaycanın əli güclənə bilər. Çünki Qarabağda ermənilərin əli ilə baş verənlər də əslində,  terrorçuların dəstəklənməsi hadisəsidir. Azərbaycan bunu beynəlxalq səviyyədə qaldırmaqla yanaşı, terrora qarşı mübarizədə hərbi əməliyyatlar keçirmək üçün ortaya ciddi əsaslar qoya bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz