Əlaqə Arxiv
news Image
2016.12.28
08:00
| A A A
Azərbaycan daha bir ili uğurla başa vurur
Elman Nəsirov: “Azərbaycanın davamlı inkişaf prosesi qorunub saxlanıldı”

Artıq 2016-cı ili də başa vurmaq üzrəyik. Cari il Azərbaycan üçün də bir sıra sahələr üzrə, həmçinin siyasi proseslər sahəsində də uğurlu il oldu. 

Bu barədə qəzetimizə danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dünyada yaşanan şətinliklərə baxmayaraq, Azərbaycan cari ili əvvəlki dövrlərə nisbətən daha böyük uğurlarla başa vurmaq ərəfəsindədir:  “2016-cı il dünya miqyasında mürəkkəb il olaraq qaldı. Dünya miqyasında maliyyə-iqtisadi böhran davam etdi. Hətta bir qədər də dərinləşdi. Bundan savayı, dünyada siyasi böhran yaşanmaqdadır. Həmçinin dövlətlərarası etimadsızlıq böhranı da bu il üçün səciyyəvi hal oldu. Təbii ki, dünya miqyasındakı maliyyə-iqtisadi böhran müəyyən mənada Azərbaycandan da yan keçmədi. Xüsusilə dünya bazarında neftin qiymətinin 3-4 dəfəyə qədər ucuzlaşması şübhəsiz ki, Azərbaycana da təsirini göstərdi. Bütün bu reallıqlar fonunda bütövlükdə Azərbaycan öz inkişafını saxladı. 

2016-cı ilə qiymət verərkən 3 məqamı qeyd etmək istərdim. Bu il ərzində ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmaqla yanaşı, daha da möhkəmləndirildi. İkinci bir tərəfdən, təhlükəsizlik mühiti daha da gücləndirildi. Bütün bunlarla birlikdə Azərbaycanın davamlı inkişaf prosesi qorunub saxlanıldı. Bütün bu amillər də həm daxili, həm də xarici siyasətdə öz təsirini göstərib. Bu il müstəqiliyimizin 25 illiyini qeyd etdik. Bu çox mühüm bir hadisədir. Ümumiyyətlə, müstəqillik əldə etməyimiz tariximizin ən şanlı səhifəsidir. Azərbaycan bu illər ərzində bir çox mühüm uğurlara imza atıb. 2011-2012-ci illər ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə bağlı idisə, 2016-cı ilin ən mühüm tarixi hadisəsi məhz aprel döyüşləri oldu. 

 

Aprel döyüşləri Azərbaycan Ordusunun güc və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, erməni ordusu barədə yaradılan mif də darmadağın edildi. Onun bir sabun köpüyü olduğunu üzə çıxartdıq. Bundan savayı, bu il üçün ən mühüm hadisələrdən biri XXI əsrin layihəsi olan Cənub-Qaz Dəhlizinin reallaşması istiqamətində atılan mühüm addımlar oldu. Bu ilin fevralında həmin məsələ üzrə Məşvərət Şurasının Bakıda ikinci iclası keçirildi. Həmin iclasda 12 imza atıldı, 7 dövlət bu layihənin birbaşa iştirakçısı oldu. Digər tərəflərin də həmin layihəyə qoşulma ehtimalı artdı. Yəni Cənib Qaz Dəhlizi layihəsi artıq gerçəkləşən bir layihədir. Bu kontekstdə 2016-cı ilin son məlumatına görə artıq TANAP layihəsinin 60, TAP layihəsinin isə 30 faizi reallaşıb. 

İlin yadda qalan hadisələrindən biri kimi Prezident İlham Əliyevin Vaşinqtona olan səfərini də qeyd etmək istərdim. Bu səfər ona görə xüsusilə əlamətdar oldu ki, Vaşinqton sammitinə adətən nüvə ölkələrinin rəhbərləri dəvət olunurdu.  Amma bu dəfə Azərbaycan Prezidenti də dəvət aldı. Bunun mənası odur ki, Azərbaycan dünyada nüvə təhlükəsizliyi, nüvə terrorizminə qarşı mübarizə məsələlərinə xüsusi töhfə verən bir dövlətdir. Cənab Prezident də tədbirdə Ermənistanın «Metsamor» atom elektrik stansiyasının nəinki region, bütövlükdə böyük bir areal üçün çox təhlükəli olduğunu fakt və arqumentlərlə dünyaya bəyan etdi. Bu da bizim üçün olduqca vacib məqamlardan biridir. 

Bilirsiniz ki, cari il multukulturalizm ili elan edilib. Ona görə də ilin yekunları barədə danışarkən multukulturalizm ili olduğunu xüsusi vurğulamaq lazımdır. Azərbaycanda multukulturalizm sözün həqiqi mənasında bir həyat tərzi, dövlət siyasəti, ictimai sifarişdir. Ölkəmiz multukulturalizm ideyalarını təbliğ etməklə əslində, islamofobiya, ksenofobiya, ayrı-seçkilik, irqçilik kimi təhlükəli amillərə qarşı özünün etirazını bildirir. Həmçinin, bu sahədə qazandığımız nailiyyətləri dünyaya nümayiş etdiririk. Bu baxımdan martda Bakıda IV, sentyabrda isə V Bakı Beynəlxalq Forumu keçirildi. Apreldə BMT-nin Sivilizasiyalararasın Qlobal VII Forumu baş tutdu. Bu forumda dünyanın 100-ə yaxın ölkəsindən tanınmış dövlət xadimləri, Nobel mükafatı lauratları iştirak etdi. Onlar məhz Bakıdan dünyaya mesaj ünvanladılar ki, multukulturalizm bəzilərinin düşündüyü kimi heç də iflasa uğramayıb. Bu qədər dövlətin Bakıda keçirilən toplantıda təmsil olunması onu göstərir ki, multukulturalizmin ünvanı var, bu ünvan Azərbaycanda yerləşir. Azərbaycandan bütün dünyaya tolerantlıq, multukulturalizm, birgəyaşayış dəyərləri ixrac edilir. İlə qiymət verərkən idmanda əldə etdiyimiz nəticələrə də xüsusilə toxunmalıyıq. Azərbaycan dünyada idman ölkəsi kimi də olduqca populyardır. İyulda Bakıda Formula-1 yarışları keçirildi. Dünyanın 500 milyondan artıq insanı bu yarışları məhz Azərbaycan paytaxtından, bu fonda da ölkəmizin inkişafını izlədi. Bu yarışlar idman ölkəsi olaraq dünyada Azərbaycanın nüfuzunu daha da artırdı. Növbəti 5 il ərzində də Azərbaycan bu yarışlara ev sahibliyi edəcək. Bu da ölkəmizin dünyada təbliği baxımından olduqca vacibdir. Rio Olimpiadasında Azərbaycan idmançıları möhtəşəm bir qələbə qazandı. Qazanılan medallara görə dünya miqyasında 18-ci, Avropada 7-ci, MDB məkanında ikinci, müsəlman ölkələri arasında isə birinci olduq. Bu da cari ildə qazandığımız tarixi zəfərlərdəndir. Cari ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da məhkəmlənib. Azərbaycan dünyada sözün həqiqi mənasında etibarlı tərəfdaş imicini daha da yüksəkliklərə qaldırdı. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı da cari ilə təsadüf edib. Kənd təsərrüfatı, turizmin daha da inkişafı istiqamətində mühüm addımlar atıldı. Bu kontekstdə yükdaşımaları məsələsinə daha çox diqqət ayrılmasını istərdim. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində xeyli işlər görüldü. Bu da onun sayəsində baş verdi ki, Azərbaycan, Rusiya-İran münasibətlərinin inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasını təmin etdi. 

Azərbaycanın Gürcüstan və Türkiyə ilə münasibətlərinin inkişaf etdirilməsi də şərqə doğru dəhlizin inkişaf etdirilməsinə təsir göstərdi. Bunlar bir daha təsdiqləyir ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatmağa qadirdir.  Yeganə çözümünü  tapmayan məsələ Dağlıq Qarabağ probleminin həllini hələ də tapmamasıdır. Amma burada bir həqiqət də var ki, Ermənistan aqressiv siyasətini təkbaşına davam etdirə bilməzdi. Biri ona silah, digəri pul verir, başqa biri də onun təbliğatı ilə məşğuldur. Digəri də onun üçün lobbiçilik fəaliyyəti göstərir. Bütün bunlar da işğalçı Ermənistanın mövqeyinin olduğu kimi qalmasını şərtləndirən amillərdir. Amma Azərbaycanda olan ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti, inkişaf, ordumuzun güclənməsi, demoqrafik üstünlüklərimiz, beynəlxalq mövqelərimizin daha da məhkəmlənməsi yeni situasiya yaradır. Xüsusən də hərbi sənaye kompleksimizin inkişafı yeni situasiya yaradıb. Bu situasiyada Azərbaycan münaqişənin həmişəki kimi dinc yolla həllində maraqlıdır. Lakin bu mümküm olmayacağı təqdirdə, Azərbaycanın məcbur olaraq torpaqlarını hərbi yolla geri qaytarması reallığı baş verə bilər. Buna görə də bütün məsuliyyət ilk növbədə Ermənistanın, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Çox istərdik ki, 2017-ci ildə nəhayət ki, münaqişənin həllilə bağlı yeni reallıqlar öz işini görsün, bu istiqamətdə kompromis əldə edilsin və problem öz həllini tapsın. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Qarşı tərəf güzəştə getməyəcəksə, onda Azərbaycan yenə də beynəlxalq normalara istinadən torpaqlarını qeyri-dinc yolla həll etmək məcburiyyətində qalacaq”.

Rüfət NADİROĞLU        

Sizin Reklam Yeriniz