Əlaqə Arxiv
news Image
2016.12.30
09:15
| A A A
Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə mühüm dəyişikliklər edir
Elxan Şahinoğlu: “Aprel savaşı imkan verirdi ki, Rusiya Ermənistana təsir edib, prosesi sürətləndirsin” Aydın Ağayev: “Münaqişənin həlli istiqamətində Rusiya faktoru getdikcə öz əhəmiyyətini artırır”

"Rusiya 2017-ci ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olamağa davam edəcək". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi məsələ ilə məşğul olmağa davam edirik: "Odur ki, normallaşma prosesinin dayanmaması, əksinə sürətlənməsinə çalışacağıq". 

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Kremlin gələn il üçün Qarabağ münaqişəsinin həlli prosesində fəaliyyətini gücləndirəcəyinə inanmır: “Gözləmirəm ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində gələn il səylərini artırsın. Onsuz da bütün həmsədr ölkələr, o cümlədən Rusiya hər ilin sonunda bu kimi açıqlamalar verir. Yəni, əvvəlki illərdə də həmsədr ölkələrinin rəsmilərindən bu tip açıqlamalar verildiyinin şahidi olmuşuq. Ona görə də inanmıram ki, bu açıqlamalar fonunda Rusiya 2017-ci ildə münaqişənin həllində fəaliyyətini sürətləndirsin. Bu il isə belə bir imkan var idi. Aprel savaşı imkan verirdi ki, Rusiya Ermənistana təsir edib, prosesi sürətləndirsin. Savaşla onu məcbur etmədilər, belə olan halda adi danışıqlarla Rusiyanın fəallaşaraq Ermənistan hakimiyyətinə təsir edib, mərhələli həll planını işə salacağını zənn etmirəm. Rusiya sadəcə hər il olduğu kimi görüntü naminə élan edir ki, həll prosesində səylərini gücləndirəcək. Lakin ötən illərin bu istiqamətdə cərəyan edən prosesləri ondan xəbər verir ki, bu kimi fikirlər sadəcə, söz xatirinə deyilən fikirlərdir. Reallıqda isə həmsədrlərin, xüsusən də Moskvanın həll prosesini yaxınlaşdırmaq üçün özləri tərəfindən üzümüzə gələn ildə real addımlar atacağının simptomları belə görünmür”. 
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə bildirdi ki, konfliktin həlli istiqamətində Rusiya faktorunun əhəmiyyəti getdikcə artır: “Rusiya bizim regiondakı münaqişələrə münasibətdə özünü əsas söz sahibi hesab edir. Moskva bu barədə açıq danışmır, amma müşahidəçilər prosesin necə cərəyan etdiyini  görür. 
Rusiya bəyan edəndə ki, hansısa istiqamətdə səylərini aktivləşdirəcək, deməli, hansısa reallığa əsaslanır. Münaqişənin həlli istiqamətində Rusiya faktoru getdikcə bir fakt olaraq öz əhəmiyyətini artırır. Bunun hansı nəticə verəcəyi isə ayrı məsələdir”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz