Əlaqə Arxiv
news Image
2016.12.30
09:40
| A A A
Ermənistanda Qarabağ etirafları
Sosial-iqtisadi vəziyyətin ağırlığı erməniləri reallığa çağırır

Cənubi Qafqaz ölkələri müstəqillik qazandıqdan sonra yeni həyat quruculuğunda ən geridə qalmış ölkə Ermənistandır. Bunu burada yerləşən 3 ölkənin sosial-iqtisadi göstəricilərinin müqayisəsi aydın göstərir. Bəs, “bu nədən baş verib” sualının cavabı hamıya aydındır. Ermənistan region üzrə qonşularına qarşı təcavüzkarlığı və konkret olaraq Azərbaycana qarşı işğalçılıq siyasəti ilə seçilir. Buna görə də bu ölkələrin, yenə də xüsusilə Azərbaycanın həyata keçirdiyi inkişaf konsepsiyasından və beynəlxalq iqtisadi layihələrdən kənarda qalıb. Yəni, Ermənistan özünün bədnam siyasəti nəticəsində öz-özünü təcrid edib. 

İndi erməni xalqı iqtisadi çətinliklər məngənəsində boğulur. Ölkəyə rəhbərlik edənlər bir müddət dövlət əmlakını xarici investorlara satmaqla birtəhər cəmiyyəti yola veriblər. Ancaq daha satmağa bir şey qalmayanda xalqa deməyə söz də tapmırlar. Artıq siyasilər ciddi təhlillət aparmağa başlayıblar. Nəticələr acınacaqlıdır. Ermənilər bütün bəlalarında özlərinin günahkar olduqlarını anlamağa başlayıblar.
Bu ilin aprel ayında erməni təxribatlarının tüğyan etməsinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı cavab tədbirindən sonra Ermənistanın özündənrazı ictimai fikrində ciddi silkələnmə baş verib. Siyasilər və ekspertlər daha real düşünməyə, güclərini götür-qoy ediblər. Fikir verin, qondarma “Dağlıq Qarabağ respublikası”nın üzdəniraq “baş naziri” KİV-ə müsahibəsində nə deyir: “Əgər aprel döyüşləri olmasaydı, DQR-də ÜDM daha yüksək ola bilərdi”. “Azad demokratlar” partiyası sədrinin müavini Anjela Xaçatryan isə bildirib ki, “Aprel hadisələri Ermənistan üçün özünəxas lüstrasiya oldu”.  Göründüyü ki, düşmən nə qədər imitasiya etsə də Azərbaycanın onlardan qat-qat güclü olduğunu etiraf etməyə məcburdur.
“Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək”- bunu Ermənistanın ilk prezidenti, Ermənistan Milli Konqresi  partiyasının sədri Levon Ter-Petrosyan lap bu yaxınlarda deyib. Cəmiyyətdə onunla eyni mövqeni bölüşən ermənilərin sayı günü-gündən artır. Belə bir hal gözlənilən idi. Ekspertlər dəfələrlə bəyan etmişdilər ki, xalqı sonsuza qədər aldatmaq mümkün olan iş deyil. Yalanlar, vəd verilən gözəl həyat şəraiti heç demə adi sözlər imiş. Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyət belə düşüncəni qəbul etmək iqtidarında olmadığı üçün onun daşıyıcılarını təqib etməklə məşğuldur. Ancaq bu çox çəkməz. Ya hakimiyyət mövqeyinə ciddi düzəliş etməli, ya da siyasi səhnədən getməlidir. Məsələ burasındadır ki, Sarkisyanın komandasının mövqeyini dəyişməsi, əslində, bu komandanın birdəfəlik çökməsi demək olar. Bu baxımdan onların, obrazlı desək, “kitabları bağlanıb”. Yəni bu heyət hakimiyyətdən getməlidir. Düşünürük ki, gələn ilin aprelində keçiriləcək parlament seçkiləri zamanı bu ölkədə siyasi dəyişikliklər çox olacaq. Çünki, həqiqətən Ermənistanda yeni düşüncə tərzinə ehtiyac o qədər böyükdür ki, hətta ölkənin gələcəyinin də bu amildən asılı olduğunu söyləmək olar. Bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları fonunda nizamlanması prosesinin başlanmasına səbəb olar. Axı, həqiqəti dərk edənlər məhz bu yolu seçiblər. Real baxışlar olan yerdə isə real sülhə nail olmaq asandır.

N.NOVRUZ 

 

 

Sizin Reklam Yeriniz