Əlaqə Arxiv
news Image
2017.03.03
09:50
| A A A
Moskva Bakıdan daha çox dəstək istəyir
Natiq Miri: “Rusiya dövlət strukturlarında, eyni zamanda Dövlət Dumasında Azərbaycanın dostları az deyil” İlqar Vəlizadə: “Rusiyanın yüksək rütbəli məmurları belə bəyanatlarla çox çıxış ediblər”

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski rəsmi Moskva ilə Bakını hər zaman bir yerdə olmağa və bir-birini yaxından dəstəkləməyə çağırıb. O,  Rusiya və Azərbaycanın tarixən bir-birinə yaxın dövlətlər olduğunu söyləyib: “Hazırda Azərbaycanın çox uzaqgörən və ağıllı İlham Əliyev kimi Prezidenti var. İndiyədək cənab İlham Əliyev Azərbaycan üçün bir çox uğurlara imza atıb. Bunun nəticəsidir ki, indi Azərbaycan öz iqtisadi inkişafına görə keçmiş SSRİ ölkələri arasında birinci yerlərdə dayanır”.

Qeyd edək ki, Azərbaycanla münasibətləri daha da dərinləşdirmək təklifi edən tək Leonid Slutski deyil. Zaman-zaman Rusiyanın müxtəlif səviyyəli məmurlarının analoji təkliflə çıxışları olub.  Hətta bu cür açıqlamalarla Vladimir Putinin ruporu kimi tanınan şəxslər də çıxış edib. 
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirir ki, Rusiya dövlət strukturlarında, eyni zamanda Dövlət Dumasında Azərbaycanın dostları az deyil: “Hansı ki, Leonid Slutski də bu cür şəxslərdəndir. Bu insanlar Azərbaycanı daim Rusiyanın yanında görmək istəyiblər. Məsələ təkcə Rusiyanın dostu olmaq deyil. Nüvəsi Rusiya olan ittifaqlarda ölkəmizi də görmək istəyirlər. 
Dağlıq Qarabağ problemi isə Rusiyanın geosiyasi maraqları kontektsində inkişaf edir. Yəni, bu münaqişədən həm Ermənistana, həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub”.
Digər siyasi şərhçi İlqar Vəlizadə də eyni fikirləri bölüşdü: “Əslində, Leonid Slutskinin fikirlərində qeyri-adi nəsə yoxdur. Rusiyanın müxtəlif səviyyəli məmurları hərdən belə çıxışlar edirlər. Bu çıxışlar münasibətlərin səviyyəsini göstərir. Lakin hansısa dərin mənaya yozmaq olaz. Rusiyanın bölgədəki nüfuzunu qoruyub saxlamaq məqsədi daşıyır. 
Fikir Azərbaycana xoş gəlmək üçün səsləndirilib. Lakin təəssüflər olsun ki, bu cür ifadələrin Qarabağ münaqişəsinin həllinə faktiki təsiri olmur. Keçən illərin təcrübəsindən görə bilərik ki, bu cür bəyanatlar çox səsləndirilib. Rusiyanın yüksək rütbəli məmurları belə bəyanatlarla çox çıxış ediblər. Lakin Qarabağ məsələsində konkret addımlara gəldikdə proseslər dayanır. Başqa yanaşmalar üstünlük təşkil edir. Onlar da adətən bizim maraqlarımıza xidmət etmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz