“Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”. Bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: “Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistanın bu mövqeyi nəyəsə arxalandığına işarədir: “Kimə arxalandığı da məlumdur. Görünür, Rusiya ilə danışıqları daha yuxarı – prezident səviyyəsində aparmaq lazımdır. Bu arada Azərbaycan Prezidentinin Moskvaya səfəri gözlənilir. Səfər çərçivəsində Qarabağ probleminin də müzakirəsi gündəmdə olacaq. Amma hələlik hərb yolu gündəmdə deyil. Düzdür, Ermənistan tərəfi atəşkəsi dəfələrlə pozur, Azərbaycan Ordusu da layiqli cavabını verir. Lakin bütövlükdə sülh danışıqlarının bitdiyini demək mümkün deyil. Prezidentlərdən əlavə Minsk qrupu da var. Bunlardan başqa müxtəlif ölkələr prosesə müəyyən dəstək verməyə başlayıblar”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Moskvada XİN rəhəri Elmar Məmmədyarovla Rusiya həmkarı Sergey Lavrovla görüşündə Ermənistanda parlament seçkilərindən sonra danışıqların keçirilməsi barədə təklifini irəli sürülməsi ilə görünür, bu məsələlər ətrafında rəsmi Kremllə razılığa gəlinib: “Ermənistan ötən ilin sentyabrından başlayaraq, danışıqlar prosesindən çəkilib və təmas xəttində təxribatlar edir. Ermənistanın bu siyasəti nəticəsində fevral ayında qoşunların təmas xəttində atəşkəsin intensiv pozulması ilə müşayət olundu. Ermənistan hazırda Rusiyanın satalleti olmaqla rəsmi Kremldən gələn təklif və əmrlərlə hərəkət edir. Məhz Ermənistanın işğalçı siyasəti bu ölkəni Rusiyanın inhisarına keçməsinə səbəb olub.
Aprelin 2-dən sonra rəsmi İrəvan parlament sisteminə keçir. Seçki günü müxalifətin siyasi iğtişaşlara yol açacağı gözlənilir. Bu iğtişaşlar S.Sarkisyan rejiminin saxtakarlıq siyasətinə qarşı həyata keçiriləcək. S.Sarkisyan şübhəsiz, inzibati yollarla hakimiyyəti əldə saxlamağa çalışacaq”.
Politoloq əlavə etdi ki, aprelin 2-dən sonra Ermənistan danışıqlar prosesini yenidən sabotaj edəcəksə, substantiv danışıqlara başlamasa, Azərbaycan işğalçı qüvvlərə qarşı mümkün vasitələrdən istifadə edəcək: “Müharibə variantı qaçılmazdır. Seçkilərdən sonra Ermənistan danışıqlara getməsə, konkret nəticələr əldə olunmasa, hərbi əməliyyatlar baş verəcək”.
Mübariz BAYRAMOV