Əlaqə Arxiv
news Image
2017.03.11
08:00
| A A A
Həlli uzanan Qarabağ problemi ABŞ-ı da narahat etməyə başlayıb
Konflikt həll olunmadıqca problemlər də dərinləşir

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycamdakı səfiri Robert Sekuta deyib ki, “Dağlıq Qarabağ problemi çox uzandı”. Diplomat onu da vurğulayıb ki, problem danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT Minsk qrupu həmsədrlərinin bu yaxınlarda regiona səfər edəcəyini xatırladan səfir daha sonra deyib: “Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”.

Amerikalı diplomatın fikri siyasi kəşf deyil. 25 il ərzində baş verənlər siyasətçilərin, ekspertlərin, mütəxəssislərin, ümumilikdə xalqın gözləri önündə baş verib və kimin hansı məhzəbə qulluq etməsi heç kim üçün gizli deyil. 86 min kvadrat kilometr əraziyə malik Azərbaycan Respublikasının Qarabağ bölgəsinin cəmi 4 min kv.km-lik dağlıq hissəsində dövlət qurmaq, bu məqsədə çatmaq üçün əlavə olaraq Qarabağın dağətəyi və aran zonalarında 14 min kv.km ərazini də işğal etmək, soyqırım törətmək, 1 milyona yaxın qaçqın əhalinin yaranmasına səbəb olmaq... bütün bunlar haqda irili-xırdalı bütün dövlətlərin rəhbərləri bilir. Amma münaqişəmi deyək, müharibəmi, problemmi, yaxud açıq işğalmı, hər bir halda bunların əzabını Azərbaycan xalqı çəkib. İsti kresloda oturub soyuq başla mühakimə yürütmək nə qədər asandırsa, münaqişənin haqsızlıqlarını və nəticələrini yaşamaq bundan qat-qat çətin və əzablıdır. 
Səfir R.Sekutanın sözlərini qəribçiliyə salmaq fikrində deyilik.  O, düz deyir. Ancaq bu gün Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün düz sözə yox, düz işə ehtiyac var. Məsələn, ABŞ niyə fəaliyyətə keçmir?! Axı, o, MQ-nun 3 həmsədrindən biridir. ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Qarabağ münaqişəsi üzrə daha səlahiyyətli şəxsdir. Niyə o yox, səfir bu barədə danışır? Nə üçün Qarabağ münaqişəsinə görə Azərbaycana tətbiq edilən və ABŞ-ın öz adına bədnamlıq gətirən «907-ci düzəliş» birdəfəlik ləğv olunmur? Deyə bilərlər ki, onsuz da bu düzəliş dondurulub. Bəsdirin, cənablar, dondurulubsa, demək amerikalılar yaxşı başa düşürlər ki, bu, mənasız işdir. Onda niyə rəsmi şəkildə bunu bəyan etmirlər? İş görmək istəyən şəxs birinci özündən başlamalıdır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab edilən “Stratfor” analitik şirkətin bu günlərdə dərc edilmiş hesabatında deyilir ki, “Rusiya Dağlıq Qarabağ münaqişəsini nəzarət altında saxlayaraq bütün Cənubi Qafqaz regionuna təsirini qoruyur”. Şirkətin eskpertləri hesab edir ki, Rusiyanın razılığı olmadan nə Azərbaycan, nə də Ermənistan münaqişənin həlli ilə bağlı həlledici addım ata bilməz: “Regionda heç bir tərəfdaşının olmaması Ermənistana Rusiya ilə müttəfiq münasibətləri saxlamaqdan başqa yol qoymur. Bütün digər regional oyunçular, o cümlədən Türkiyə Rusiyanın dominant mövqeyini dəyişməyə çalışırlar. Lakin Yaxın Şərqdə baş verən proseslər diqqəti Qafqazdan yayındırır”. Demək, ABŞ-ın regionda əlaqələri olsa da təsir imkanları yoxdur. Ola bilsin, bunu amerikalı rəsmilər əhəmiyyətsiz bir şey sayırlar. Bu laqeydlik isə imkan verir ki, kulisdə başqa ideyalar yaransın.
Rusiyada fəaliyyət göstərən ermənipərəst ictimai mərkəzlərdən biri xaricdə yaşayan ermənilər arasında Dağlıq Qarabağ münaqişəsinin həllini necə təsəvvür etdikləri barədə sorğu aparıb. Respondentlərin xeyli hissəsi bilirsiniz nə cavab verib? Deyiblər ki, Dağlıq Qarabağ Rusiyanın tərkibinə verilsə, problem həllini tapar. Bu fikir deməkdən çox, dedirdilməyə bənzəyir. Elə deyilmi? Hamı deyir, münaqişənin açarı Rusiyanın əlindədir. Belə düşüncə altında təbii ki, Rusiyanın imperia ambisiyaları coşacaq və Qarabağı tərkibinə qatıb orada hərbi bazasını yerləşdirmək istəyəcək. ABŞ niyə belə bir məqamda yaxasını kənara çəkir. 21 ildə ABŞ-ın sözü eşidilən BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz  çıxarılması haqqında 4 məlum qətnamə verilib. ABŞ niyə özünün səs verdiyi qətnamənin yerinə yetirilməsində israr etmir? Əgər bütün bunlar ona görə baş verirsə ki, münaqişənin həll olub-olmaması ABŞ-ın marağında deyil, onda bu ölkə beynəlxalq birliyin ən güclü 3-4 üzvündən biri kimi torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın əl-qolunun açılmasına yardım göstərməyə borcludur. Əgər belə olarsa, onda səfir Sekutanın narahatlığının mənası da olar. Əks halda onun fikri dəftərxana səviyyəsində “könül oxşamaqdan” savayı bir şey olmaz.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz