"Rusiya dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq Yerevana təzyiq vasitəsi olacaq". Bu fikirləri rusiyalı siyasi analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş "dəyirmi masa"da deyib.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev çətin də olsa, ümid etdiyini bildirdi ki, Kuznetsovun fikirləri Rusiya ictimai rəyinə təsirsiz ötüşməyəcək: “Rusiyalı siyasi şərhçi Oleq Kuznetsovu şəxsən tanımasam da, göstərdiyi səylərə görə ona böyük hörmətim var.
O, indiki Rusiyada az saylı analitiklərdəndir ki, haqq işimizi başa düşür və imkan daxilində ona dəstək olmağa çalışır. Kaş onun dedikləri həqiqətə yaxın olardı. Məntiqlə baxanda, qonşu olaraq Azərbaycanın Ermənistandan qat-qat müqayisə olunmaz dərəcədə Rusiyanın özü üçün də fayfdalı potensiala malik olduğunu heç kim dana bilməz.
Geosiyasət bəzən geoiqtisadiyyatdan irəlidə olur. Rusiyada ağıllı başlı adamlar oturub düşünsünlər görək, ermənilərə verdikləri ənənəvi ictimai-siyasi dəstək onlara nə verir? Kuznetsov kimi düşünənlərin sayı Rusiyada artarsa, bu ölkədə məsələyə prinsipial yanaşmada müəyyən dəyişikliklər ola bilər. Amma Rusiya yekrəng deyil. Əlaqələrimiz baxımından Rusiya Azərbaycana yaxın dövlət olsa da, orada ölkəmizi özlərindən uzaq görmək istəyən qüvvələr də sakit dayanmayıb. Lakin çətinliklərə rəğmən, Azərbaycan şimal qonşusu ilə iqtisadi, siyasi, hərbi-texniki, mədəni, humanitar istiqamətlər üzrə münasibətlərdə sabitqədəmdir. Məqsədimiz də aydındır, Azərbaycanın haqq işi başa düşülsün, onun pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına Rusiya tərəfindən obyektiv anlaşma ilə yanaşılsın. Rusiya ilə münasibətlərdə istənilən tədbirlərdə bunu xüsusi olaraq vurğulayrıq. Təki Kuznetsov kimi düşünənlərin sayı artsın. Ümid edək ki, belə bir əhvaldan xəbər verən proqnoz və rəylər Rusiyadakı ictimai rəyə təsirsiz qalmayacaq”.
Politoloq Natiq Miri də ümid edir ki, Rusiyanın Cənubi Qafqazla bağlı çağdaş siyasətində dəyişiklik baş veə bilər: “Bilirsiniz ki, fikir və siyasətlər iki yerdə dəyişmir. Qəbirstanlıq və dəlixanada. Düşünürəm ki, Rusiyanın Qarabağ münaqişəsinə münasibətdə siyasəti dəyişə və bu ölkə indi həmin məsələni Bakıya deyil, məhz İrəvana təzyiq vasitəsi kimi istifadə edə bilər. Ancaq onu da unutmayaq ki, min illik Rusiya siyasətində bu günə qədər yalnız imperiya siyasəti güdülüb. Belədə Rusiyanın çağdaş siyasətində də fundamental hansısa dəyişikliklər müşahidə olunmur. Bu yöndə Oleq Kuznetsovun optimist fikirlərini bölüşmək bir qədər çətindir.
Hər bir halda ümid edək ki, Moskvanın siyasətində belə bir dəyişiklik olacaq. Rusiya tərəfdən belə bir dəyişiklik baş verərsə, o da Azərbaycanı daha çox sevdikləri üçün deyil, öz geosiyasi maraqlarına xidmət etməsi baxımından mümkün ola bilər. Hər bir halda Kuznetsovun açıqlamasına ciddi şəkildə inanmıram. Çünki hələlik Kremlin bu yöndə siyasətində, xüsusən də Ermənistana münasibətində hər hansı dəyişiklik hiss olunmur. Rusiyanın İrəvanla strateji müttəfiqliyi də yalnız Moskvanın maraqlarına xidmət edən bir müttəfiqlikdir. Ermənistan süni dövlət olaraq ona görə Türkiyə ilə Azərbaycan arasında yaradılıb ki, iki türk dövlətinin bir yerdə olmasına əngəl yarada bilsinlər. Belə olmasaydı, I Pyotrdan üzü bəri ermənilər Türkiyə və İrandan Azərbaycan torpaqları üzərində süni olaraq yaradılan qondarma Ermənistana total olaraq köçürülməzdi. Hazırda da Rusiyanın bu geosiyasi marağında hər hansı bir dəyişiklik görmürəm. Ancaq onu da istisna etmirəm ki, Rusiyanın siyasətində ola bilsin, Ermənistanın mövcud hakimiyyətinə yönəlik qərar dəyişə bilər. Çünki Sarkisyan hakimiyyəti indi ikili oyun oynayır. Avrasiya İttifaqına üzv Ermənistan digər tərəfdən yenidən strateji tərəfdaşlıq yönündə Avropa Birliyilə müqavilə başlamağa çalışır. Bu yöndə konkret sənədlər də hazırlanır.
İrəvan ayrıca NATO ilə də ciddi danışıqlar aparır və qurumun Ermənistanı dəstəkləməsini istəyir. ABŞ artıq Ermənistanda bu ölkə ordusunun əsgərlərinə təlim keçəcək təlim mərkəzi yaratmağa da qərar verib. Bu, birbaşa Ermənistan müdafiə naziri Vigen Sarkisyanın dilindən çıxan sözlərdir. Bu məqamlar da təbii ki, Moskvanı qıcıqlandırır. Ona görə düşünürəm ki, Moskva tərəfindən Ermənistana yönəlik deyil, İrəvanda oturan hakimiyyətə qarşı müvəqqəti olaraq siyasətin dəyişməsindən söhbət gedə bilər. Çünki Ermənistanda iqtidarı dəyişmək Rusiya üçün çətin məsələ deyil. Gələn həftə Sarkisyan Rusiyaya səfər edəcək və bu səfərin əsas qayəsi fikrimcə, onun hakimiyyətinin mövcudluğunun daha da artırılmasına hesablanıb. Yalnız bu səfər və Ermənistanda olacaq aprel seçkilərindən sonra artıq Rusiyanın İrəvana yönəlik siyasətinin dəyişib-dəyişmədiyi haqqında konkret danışmaq mümkün olacaq. İndilikdə bu yöndə fundamental dəyişiklik yoxdur. Ona görə də səbr edək”.
Rüfət NADİROĞLU