Əlaqə Arxiv
news Image
2017.03.14
07:00
| A A A
Türikyənin Rusiyanın üzərinə qoyduğu Qarabağ missiyası
Elman Nəsirov: “Belə təmaslardan Qarabağ məsələsi istiqamətində də müəyyən taktiki irəliləyişlər gözləyirik” Fikrət Sadıxov: “Moskva ilə Ankaranın bir-birinə daha yaxın olması birmənalı şəkildə Azərbaycanın da marağına cavab verir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq". 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ankara ilə Moskva arasında yüksək səviyyədə baş tutan təmasların Dağlıq Qarabağ konflikti ətrafında gedən prosesə də müsbət təsir edəcəyini gözləyir: “Həqiqətən də Türkiyə Prezidenti cənab Ərdoğanın Moskvaya olan rəsmi səfərini təkcə iki dövlət arasında pozulmuş münasibətlərin bərpası, bu istiqamətdə mühüm addımın atılması mənasında deyil, eyni zamanda, Dağlıq Qarabağ konfliktinin həlli məsələlərinin ciddi müzakirə olunduğu təmas baxımından da dəyərləndirmək gərəkdir. 
Onu qeyd edim ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun üzvləridir. Rusiya həmsədr, Türkiyə isə üzvdür. Bu kontekstdə hər iki dövlətin Qarabağ məsələsini müzakirə etməsində qeyri-adi bir şey yoxdur. Azərbaycan üçün müsbət cəhət ondan ibarətdir ki, Ərdoğan məsələnin müzakirəsi zamanı onu kəskin çəkildə ortaya qoyub.  Kəskinlik ondadır ki, Ərdoğan  təmas xəttində baş verən olaylara istinadən istənilən an müharibənin baş verə biləcəyini qeyd edib. Kimlər hesab edirsə ki, konflikt dondurulmuş münaqişədir, əslində, kökündən yanılırlar. Burada diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Türkiyə Prezidenti Rusiyanın münaqişənin həllində aparıcı rol oynadığı faktını qabardaraq bu məsələyə də xüsusi diqqət ayırıb. Eyni iddia ilə ABŞ-ın da da çıxış etdiyini nəzərə alsaq, bu əsasda Ankaranın Kremlə yaxınlaşması münaqişənin həllilə bağlı prosesə müəyyən bir dinamizm verə bilər. Ən əsası odur ki, Türkiyə Prezidentinin Rusiya səfəri çərçivəsində Qarabağ məsələsini də diqqətdə saxlaması nəticə etibarı ilə Azərbaycanın diplomatik sahədə mövqeyini daha da gücləndirən amildir. Onlar arasında olacaq hər bir görüşdə bizim məsələnin xüsusi olaraq diqqətdə saxlanılması konfliktin həlli prosesinə müəyyən müsbət çalarlar əlavə edə bilər. Belə təmaslardan Qarabağ məsələsi istiqamətində də müəyyən taktiki irəliləyişlər gözləyirik. Həmçinin, o fikirdə də deyilik ki, belə təmaslar münaqişənin həlli prosesində bir möcüzə yaradacaq. Belə düşünmək də düzgün olmazdı. Bu məsələyə bir qədər səthi yanaşma olardı. Hər halda Ankara da qəbul edir ki, 3 həmsədrdən məhz Rusiyanın problemin həllində imkan və potensialı daha böyükdür”.
Politoloq Fikrət Sadıxov da qeyd etdi ki, Moskva ilə Ankaranın bir-birinə yaxın olması Bakının da xeyrinədir: “Hər halda Ərdoğanın Moskvada Qarabağla bağlı belə bir bəyanat verməyə əsası var. Türkiyə Azərbaycana yaxın müttəfiq dövlətdir. Ankara onu da yaxşı başa düşür ki, bir çox məsələlər Rusiyadan asılıdır. Moskvanın Ermənistanla hərbi-siyasi müttəfiqliyi var. Həmçinin işğalçı ölkəni himayə edir. Ona görə də düşünürəm ki, 
Türkiyə Rusiya münasibətləri, qarşılıqlı anlaşma  nə qədər yüksək olarsa, bunun Azərbaycan üçün də xeyri var və olacaq. Aydın məsələdir ki, Türkiyə Azərbaycanın maraqlarına cavab verən mövqeyi bundan sonra da ortaya qoyacaq. Həmçinin Ankara bu istiqamətdə müəyyən əməli fəaliyyətdə də bulunacaq. Çünki Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində səmimi şəkildə maraqlıdır. Əlbəttə ki, Moskva ilə Ankaranın bir-birinə daha yaxın olması birmənalı şəkildə Azərbaycanın da marağına cavab verir. Bu fonda düşünürəm ki, həmin əlaqələr bəlkə də münaqişənin həlli prosesinə müəyyən pozitiv nəticələr verə bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz