Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb. Qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladı. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğuladı. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət etdi.
Dəvətə görə təşəkkürünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirdi. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırladı, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd etdi və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğuladı.