Əlaqə Arxiv
news Image
2017.03.18
08:17
| A A A
Dünyanın xilası üçün Azərbaycan modeli
Multikonfessiallıq və multikulturallıq mövcud labirintdən çıxış yoludur

Bu günlərdə Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı və 15 ölkədən gəlmiş 30-dək xarici qonağın, bir sıra müsəlman ölkələrinin səfirləri, din, elm və siyasət xadimlərinin iştirakı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilib. Dövrün nəbzini tutan belə bir konfransın Azərbaycanda keçirilməsi tamamilə məntiqidir və zərurətdən doğur. Çünki, əsrlər boyu müsəlman sivilizasiyasının tərkib hissəsi kimi İslam intibahında özünəməxsus rol oynamış Azərbaycan bu gün də İslam dünyasının öncül dövlətlərindən biridir.

 Polietnik və çoxkonfessiyalı ictimai-mədəni struktura, İslami dəyərlər, multikultural ənənələr ölkəsi olan Azərbaycanda bütün dünyada ehtiyac duyulan tolerantlıq ab-havası hökm sürür. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətinə çevrilib. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir.  
Ölkəmizin Şərqlə Qərb arasında mədəni, həm də coğrafi baxımdan körpü rolunu oynaması, fərqli mədəniyyətlərin burada yaranmış füsunkar harmoniyası dünyada multikultural və tolerant yaşam tərzinin bariz nümunəsidir.
 Konfransada çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər.  Tarixçi alim diqqəti ona yönəldir ki, dünyanın bəzi ölkələrində İslamı daxildən dağıtmağa çalışsalar və buna nail olsalar da, Azərbaycanda İslam həmrəyliyi var: “Biz dini məzhəb birliyini qoruyub saxlaya bilmişik. Əgər dinlərarası razılıq olsa, dünyada belə münaqişələr olmaz. Münaqişələrin, anlaşılmazlıqların aradan götürülməsi üçün bütün dinlər fəal şəkildə işə qarışmalıdır. Buna görə də Azərbaycan modelini öyrənmək lazımdır. Azərbaycan modeli nümunə kimi götürülərsə, dünyadakı bu soyqırımlara, münaqişələrə son qoyular”. 
Çıxış edən digər icma rəhbərləri və iştirakçılar İslam ölkələrində mövcud problemlərdən, onların həlli yollarından danışaraq dini tolerantlığın Azərbaycan modelini nümunə göstəriblər. Hazırda həddən ziyadə geniş çoğrafi məkanda tüğyan edən islamofob meyillərin zərərli nəticələrini aradan qaldırmaq üçün dinlərarası münasibətlərin ciddi islahatına və sülh çağırışları ilə təkmilləşdirilməsinə ehtiyac duyulur. Alimlərin və mütəxəssislərin rəyinə görə Azərbaycandakı dinc yanaşı yaşam tərzinin modeli hamı üçün nümunə ola bilər. 
Təsadüfi deyil ki,  “İslam həmrəyliyi-Zamanın çağırışı” adlı beynəlxalq konfrans iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətdə deyilir: “Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi “İpək yolu” dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblərarası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib. Azərbaycan Respublikası özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub”.
Bu gün Azərbaycan dünyanın qloballaşma və inteqrasiya proseslərinə qazandığı dəyərlərlə birlikdə özünəməxsus töhfələr bəxş edir. Bir sıra beynəlxalq forumların, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqların təşkilində ökənin oynadığı rol buna misaldır. Müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda  dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətlər son dərəcə yüksək təqdirə layiqdir.
2017-ci ilin “İslam Həmrəylik İli” ela olunmasını müsəlman dünyasının ölkələri səmimiyyətlə alqışlayır. Üstəlik, bu təşəbbüs digər inanca qulluq edən dövlərlər tərəfindən də dəstəklənir. Çünki, onların da bu həmrəyliyə eyni dərəcədə ehtiyacları var. Həm də bir çox dövlətlərin belə birliyə nail olmaq üçün göstərdiyi cəhdlər nəticə verməyib. Bunun səbəbi, güman ki, tarixi sınaqdan keçmiş hər hansı modelin olmamasından irəli gəlib. Ancaq, budur, Azərbaycan mükəmməl model təklif edir. Əminliklə demək olar ki, bu modelin tətbiqi dünyada sülhə nail olmaq yolunda əhəmiyyətli rol oynayacaq.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz