2016-cı ildə Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını davam etdirib. Rusiya prezidenti Vladimir Putin bunu hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında, ötən illə bağlı silah ixrasının yekunbları barədə danışarkən deyib.
Məlumatda deyilir ki, Moskva və Bakı arasında T-90 tanklarının təchizatı ilə bağlı razılaşma 2011-ci ildə əldə olunub. 2014-cü ildə isə Rusiya 100 T-90S tanklarının ilk 100 partiyasını Azərbaycana göndərilməsini yekunlaşdırıb. Daha sonra 2016-cı ildə də Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını davam etdirib.
Rusiya prezidentinin bu açıqlaması erməni mediasında ciddi rezonans doğurub və müzakirələrə səbəb olub. Düşmən ölkənin qoxusu odur ki, Rusiyanın silah satması Bakının hərbi cəhətdən gücləməsinə rəvac verir ki, bu da Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək. Mütəxəssislərin fikrincə, erməni cəmiyyətin davamlı olaraq bu cür qorxaq ruha köklənməsi sonda öz nəticəsini Qarabağ münaqişəsində də göstərəcək. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, söhbət 2011-ci ildə bağlanmış müqavilədən gedir: “2011-ci ildə Azərbaycan Rusiya ilə tankların əldə edilməsi ilə bağlı müqavilə bağlayıb. Artıq o tankların Azərbaycana çatdırılması prosesi yekunlaşıb. Həmin faktlar indi səsləndiyi üçün erməni tərəfi təlaşdadır.
Eyni zamanda, Azərbaycan ilə Rusiya arasında yeni müqavilələr barəsində fikir mübadiləsi aparılır. Haqqında danışılan tanklar artıq Azərbaycanın sərəncamındadır. Onlardan həm təlimlərdə, həm də döyüş hazırlığı prosesində istifadə edilib. Ermənilərin narahatçılığını başa düşmək çətin deyil. Hər dəfə Azərbaycana kiminsə silah verməsi haqqında məlumat çıxdıqdan sonra erməni tərəfinin “qızdırması” yüksəlir. Bundan istifadə edib Ermənistan yenidən Rusiyadan yeni silahlar dilənməyə çalışacaq. Həmçinin aprel hadisələrinin təkrarlanacağı ilə bağlı şaiyələrə başlayacaqlar. Ancaq biz bunlara əhəmiyyət verməməliyik.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı konkret addımlar atmalıdır. Azərbaycan Ermənistanın “sifarişi” əsasında hərəkət etmir. Düşmən başa düşməlidir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bunu nə qədər tez anlasalar, şəxsi heyətini bir o qədər qorumuş olarlar”.
Ekspert əlavə etdi ki, V. Putin Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyini bildirib: “Bundan əvvəl Rusiyanın hərbi sənayesinə cavabdeh olan şəxs Dmitri Roqozin də dəfələrlə Ermənistan cəmiyyətinə Azərbaycanın yaxşı iqtisadi tərəfdaş olduğunu deyib. Eyni zamanda, Ermənistana köməklik göstərdiklərini də bildirib. Ermənistan bunu başa düşmürsə, özlərinin problemidir. Bütün dünyaya iqtisadi probemlem yaşadıqlarını car çəksələr də, hərbi təlimlər keçirirlər. Ancaq bunlar heç bir uğura gətirməyəcək. Azərbaycan bundan sonra da silahlanmağa davam edəcək”.
Hərbi məsələlər üzrə digər ekspert Tərlan Eyvazov bildirdi ki, Qarabağ münaqişəsinə görə, Qərb ölkələri Azərbaycana silah satmadılar: “Müharibə hətta əldə olan silah-sursatın azalmasına səbəb oldu. Lakin V.Putin Rusiyanın iqtisadi cəhətdən güclənməsi üçün ölkəmizə silah satışısını artırdı. Ermənistanla nə qədər mütəffiq olmasına baxmayaraq, maraqlar özünü göstərir. Bu maraqlar getdikdə Rusiya siyasi rəhbərliyində Azərbaycanı seçənlərin sayını artırır.
T-90S müasir, sınaqdan uğurla keçmiş tanklardır. Qərb istehsalına nisbətən Azərbaycana daha yaxın texnikadır. Nəzərə alaq ki, arsenalımızı yeniləməli idik. Bizə ən uğurlu variant isə Rusiyadır. Tək V.Putin yox, D.Roqozin də Azərbaycanla silah alqı-satqısını davam etdirəcəyini bildirib. Ona görə də Ermənistanda anti-Rusiya meylli çıxışlar artıb. Lakin Rusiya diplomatik yollarla Ermənistanın könlünü almağa çalışdı. Onlara müyyən miqdarda silahı çox ucuz qiymətə verdi. Elə məsələ də burasındadır ki, Rusiyada silah istehsal edən dairələrin narazılıqları artıb. Öz növbəsində Ermənistan tərəfinin təlaşı anlaşılandır. Azərbaycan tək Rusiyadan yox, digər ölkələrdən də silah alır. Eyni zamanda daxili imkanlara hesabına birgə istehsal prosesini həyata keçirir. Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə qaldıqca silah alışı davamlı şəkildə olacaq”.
Mübariz BAYRAMOV