Əlaqə Arxiv
news Image
2017.03.31
07:00
| A A A
İşğala görə Ermənistana qarşı sanksiyalar…
Elman Nəsirov: “Erməni müxalifəti fərqindədir ki, bu gün olmasa da, sabah münaqişənin həlli istiqamətində tamamilə Ermənistanın əleyhinə işləyəcək çox qəliz və mürəkkəb situasiya formaşacaq”

Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib.  Ter-Petrosyan "Kentron" telekanalının efirində deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq". Ter-Petrosyan qeyd edib ki, dövlət cəmiyyəti münaqişənin həllinə hazırlamalıdır: "Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam". İlk mərhələdə Levon Ter-Petrosyanın dediyi kimi Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarıla bilərmi? Yoxsa əks halda yenə sabiq erməni prezidentinin vurğuladığı kimi Ermənistana sanksiyalar tətbiqi mümknüdürmü? 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd etdi ki, erməni cəmiyyətində getdikcə daha çox insan münaqişənin həll olunmamış qalması və işğal etdikləri torpaqların azad edilməməsinin sonda ən ağır zərbəni məhz Ermənistana vuracağını anlamağa başlayırlar: “Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də cəmiyyət və siyasi elitanın ikiyə bölündüyünün şahidi oluruq. 
Keçən ilin aprel döyüşlərinə qədər Ermənistanda bir qalib ab-havası hökm sürürdü. Onlar düşünürdülər ki, məğlubedilməz orduya malikdirlər, siyasi baxımdan dəstəkləyiciləri çoxdur. Kimlərsə onlara silah, kimlərsə pul verir, kimlərsə də təbliğatlarını aparır. Amma aprel döyüşlərindən sonrakı reallıqda məlum oldu ki, bütün deyilənlər nə qədər həqiqət olsa da belə, Azərbaycan və onun ordusu son dərəcədə güclüdür. Həm də təkcə ona görə güclü deyilik ki, müasir hərbi-texniki vasitələrə malikik. Ən başlıcası odur ki, Azərbaycan Ordusunda yüksək döyüş əhval-ruhiyyəsi hökm sürür, vətənpərvərlik ruhu var, əsgərlərimiz nə üçün döyüşdüklərinin fərqindədir. Bu reallıqları hesablayan Ermənistan cəmiyyəti və siyasi dairələri artıq mövqelərində dəyişiklik etməyə başlayırlar. Həmin dəyişikliyin ən mühüm daşıyıcılarından biri də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır. 
Bu günlərdə o, bir daha qeyd edib ki, işğal altındakı torpaqlar Azərbyacana qaytarılmalıdır. Əks halda Ermənistana münasibətdə sanksiyalar tətbiq edilə bilər və eyni nəticə sanksiyalar hesabına əldə olunar. Bir qədər öncə isə o, başqa bir müsahibəsində qeyd etmişdi ki, Ermənistan prezidenti Sarkisyan ABŞ, Fransa və Rusiya dövlət başçılarına müraciət edərək, Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytardığını, əvəzində Dağlıq Qarabağın ermənilərə verilməsini istəsə, sadəcə, ona  gülərlər. Reallıq bundan ibarətdir.  Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, artıq Ermənistan dövlətinin öz daxilində iqtidara qarşı münaqişənin həllilə bağlı ciddi bir müxalifət formalaşıb. Həmin müxalifət də proseslərə real düşüncə ilə yanaşır və fərqindədir ki, bu gün olmasa da, sabah münaqişənin həlli istiqamətində tamamilə Ermənistanın əleyhinə işləyəcək çox qəliz və mürəkkəb situasiya formaşacaq. Ter-Petrosyan da həmin “X” gününü gözləməkdənsə, önləyici, qabaqlayıcı addımlar atmağı daha düzgün hesab edir. Məsələyə bu məntiqlə yanaşanda hiss olunur ki, Ermənistan cəmiyyəti, siyasi dairələri və müxalifəti artıq zamanın həddən artıq dərəcədə Ermənistan əleyhinə işlədiyinin  fərqindədirlər. Onlar çalışırlar ki, münaqişənin həllilə bağlı praqmatik addımlar atılsın. Yəni torpaqlar Azərbaycana qaytarılsın. Bundan sonra da Ermənistanın müxtəlif beynəlxalq iqtisadi layihələrdə iştirakı mümkün ola bilər. Yalnız bu halda Ermənistan düşdüyü ağır və ciddi fəlakətdən çıxa bilər. Bütün bunlar artıq daha çox dərəcədə Ermənistan cəmiyyətinə aydın olur. Sarkisyanın bu vəziyyətdə həyata keçirdiyi müxtəlif təxribatları da artıq onun əleyhinə işləyir. Vaxtilə isə belə situasiyalarda o cürbəcür təxribatlara əl atıb, cəbhə xəttində hərbi insident və avanturalara gedib. İndi isə Ermənistan cəmiyyəti öncədən fikir bildirir ki, vəziyyət gərgindir və bu fonda Sarkisyan hakimiyyəti yəqin xalqın diqqətini növbəti dəfə cəbhəyə yönəldəcək. Yəni artıq Ermənistan cəmiyyətinin özü Sarkisyanın bütün gedişlərini hesablamağa başlayıb. Onun hər bir bəyanatı nəticə etibarı ilə öz əleyhinə yönəlir. 
Bu günlərdə Sarkisyan qanunsuz olaraq Dağlıq Qarabağa gedib. Burada da sərsəm bəyanatla çıxış edərək deyib ki, Azərbaycan əleyhinə “İsgəndər” raketlərini tətbiq edə bilər. Bu fonda Ermənistan ziyalıları adi silahların nəyə yararlı olduğunu Sarkisyandan soruşurlar. Başqa bir sualları isə ondan ibarətdir ki, “İsgəndəri” tətbiq etsə də, Sarkisyan bu silahlardan və hətta ondan da güclülərinin Azərbaycanda da olduğunu görəsən düşünmürmü? Bu insanlar işğalçı Sarkisyanı Azərbaycan həmin silahları tətbiq etməklə erməni əhalisini məhvə sürükləməkdə ittiham etməyə başlayıb. Yəni, Sarkisyanın sərsəm bəyanatları nə vaxtsa ona dividend gətirirdisə, indi artıq tamamilə onun əksinə işləyir, bumeranq effekti yaradır. Bunlar hamısı Ermənistan cəmiyyətində yeni tendensiyalardır. Bu tendensiyaları hesablayan bəzi Erməni siyasi qüvvələri artıq sülh çağırışlarını daha ucadan səsləndirməyə başlayıblar”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz