Böyük Britaniya yarım əsrlik (44 ildən sonra) üzvlükdən sonra rəsmən Avropa İttifaqını tərk etmək istiqamətində “yol xəritəsi”ni işə salıb. Dünyanın maliyyə mərkəzi sayılan Londonun qurumu tərk etməsi ona olan ümidlərin puça çıxması prosesinə güclü təkan ola bilər. İddialar səslənir ki, Fransada aprel və mayda keçriləcək prezident seçkilərində Marin Le Pen qalib gəlsə, Fransa da Avropa İttifaqını tərk edəcək. Çünki, Fransa “Xalq cəbhəsi” partiyasının lideri düşünür ki, “Avropa İttifaqı məhv olacaq, çünki o, artıq heç kimə lazım deyil. Dünyaya hegemonluq edən qüvvələr yer üzündən silinməyə məhkumdur”.
Fransa prezidentliyinə namizəd Marin Le Pen deyib ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Fransada seçkiləri insanların qlobal üsyanı kimi xarakterizə edib. “Qlobalçıları məhv etmək zamanı gəlib. Rəqiblərim Emmanuel Makron və Fransua Fiyon Avropa İttifaqı və öz biznes maraqları naminə ölkəyə xəyanət edirlər” deyə prezidentliyə namizəd bildirib. Fransada prezident seçkiləri 23 aprel və 7 may tarixlərində iki mərhələdə keçiriləcək. Düzdür, Marin Le Penin seçkilərdə qalib gələcəyi şübhə doğurur. Lakin sürprizin olması da istisna edilmir. Ancaq əsas məsələ bu deyil. Başlıcası, ittifaqın dağılacağı barədə fikirlərin getdikcə daha tez-tez səsləndirilməsidir. Çünki, bu fikir aram-aram dərinləşməyə doğru gedir.
İndi siyasi təhlilçiləri bir sual daha çox məşğul edir: Görəsən, Avropa İttifaqının bu gedişlə dağılması Qərbin siyasi və iqtisadi çöküşünü də meydana gətirə bilərmi? Çünki, belə dabam edərsə, Qərbin əsas güc mərkəzlərindən birinin dağılacağı şəksizdir. Bu baş verərsə, onda dünya siyasi arenasında hansı yeniliklərə səbəb olar?
Əvvələn, “Brexit”in nə ilə başa çatacağını gözləmək lazımdır. Çünki, bunun tərəfdarları ilə əleyhdarları da çoxdur. Ehtimal var ki, İngiltərə hökuməti təkbaşına, ikitərəfli əlaqələrlə iqtisadi vəziyyətini daha da yüksəldəcək. Xüsusilə, ənənəvi ABŞ-Britaniya strateji əməkdaşlığı yenidən güclənəcək. İkincisi, Avropa İttifaqının yaranmasında əhəmiyyətli rol oynamış Rusiya amili də proseslərə təsirini artıracaq. Belə ki, Rusiyanın zəifləməsi fonunda İttifaqda parçalanma meylinin artması qaçılmazdır. Üçüncüsü, Aİ-nin siyasətindəki ikili standartlar onun daxilində də qüvvədədir və bu mənada siyasi məntiqsizlik xalqların ictimai düşüncəsinə güclü təsir edir. Məsələn, birlik ölkələrinin mərkəzi hakimiyyəti bir tərəfdən desentralizasiyadan, yəni yerlərdə hakimiyyət strukturlarının hüquqlarının artırılmasından danışır, o biri tərəfdən Aİ-nin mərkəzi strukturlarının gücləndirilməsindən dəm vururlar. Yəni, İttifaq indiki halında mükəmməl nəzəri əsaslardan və proqramdan məhrumdur. Əldə olanı isə natamam olduğundan əks effektlə qarşılaşır.
Bunlardan başqa, əvvəldən iqtisadi cəhətdən İttifaqın digər üzvlərindən güclü olan Almaniya və Fransa kimi dövlətlər öz mənafelərini həmişə daha üstün tutublar. Bu, çox ağrılı məsələdir, lakin faktdır. Yunanıstanın düşdüyü çətin defolt vəziyyətindən Almaniya verdiyi kreditlər hesabına yaxşıca yararlanaraq daxildə iqtisadi böhranın qarşısını tezliklə almağa müvəffəq olub. Yaxud, Şərqi Avropa Aİ-yə üzvlüyə qəbul edilən vaxtı fransızlar hökumətə ciddi iradlarını bildirirdilər ki, ölkənin iş adamları yeni zavodlarını işçi qüvvəsinin daha ucuz olduğu həmin ölkələrdə tikməyə başlayıblar. Bu isə ölkədə işsizliyin artmasına səbəb olub. Yunanların və fransızların bu tip proseslərdən narazılığı ittifaqdaxili bərabərlik anlayışlarına uyğun gəlmir.
Bütün bu qənaətləri toplayaraq belə nəticə çıxarmaq olar ki, Avropa İttifaqının parçalanması indiki vəziyyətdə labüd görünür və bu baş verəcəyi təqdirdə inkişaf etməkdə olan ölkələrdən ibarət yeni güc mərkəzinin yaranmasına ehtiyac duyulacaq.
N.NOVRUZ