Əlaqə Arxiv
news Image
2017.04.01
09:15
| A A A
Radikal düşərgədə yer alanlar indi də biri-birlərinə qarşı çıxmağa başldılar
Mais Səfərli: “Radikallar bir-birini didməklə sadəcə olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etməyi düşünürlər” Araz Əlizadə: “Xaricdən aldıqları maliyyənin azalması fonunda radikal müxalifət təmsilçilərinin bir-birinə qarşı çıxması halları daha intensiv xarakter alacaq”

Milli Şura ilə REAL Hərəkatı arasında ciddi gərginlik yaranıb. Buna səbəb Milli Şura funksioneri, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevin öz «facebook» hesabından REAL funksionerlərini aşağılayan status yazmasıdır. 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, müxalifət daxilində əsəbilik, aqressivlik artıb və onlar da bu əsəbiliyi bir-birinə qarşı yönəldirlər: “Müxalifətçilər bu hərəkatda qocalıblar və ona görə də başlarını itiriblər. Müxalifət partiyaları hələ də aydın fəaliyyət proqramına malik deyillər. Özləri də bilmir ki, nə işlə məşğul olsunlar. Ona görə də müxalifət ancaq daxildə bir-birini qaralamaq, didməklə məşğuldur. 
Onlar ömürlərini ancaq müxalifətçiliyə həsr edib, ona görə də əllərindən başqa heç nə gəlmir. Bütün fəaliyyətləri zamanı ancaq ağa qara, iqtidarın fəaliyyətinə böhtan atmaqla məşğul olublar. Hazırda dünya siyasəti dəyişir. Əvvəllər ABŞ dünyaya demokratiya adı altında nələrisə diqtə etməyə çalışırdı. Amma indi ABŞ-ın yeni rəhbərliyi artıq demokratiya pərdəsi adı altında çıxış etməklə başqa dövlətlərin daxili işlərinə qarışmayacağını bəyan edib. Bu vəziyyət isə Azərbaycan müxalifətini də çaşqın hala salıb.Onlar bu halda nə edəcəklərini bilmirlər. Nəticədə müxalifət daxilində aqressivlik, əsəbilik yaranır və həmin aqressivliyi də onlar bir-birilərinə qarşı münasibətlərə yönəldirlər. 
Müxalifət ümumiyyətlə, bu günə qədər ortalığa normal fəaliyyət qoya bilməyib ki, bu da onların bacarıqsızlığından irəli gəlir. Müxalifət təşkilatlarında islahatlar belə aparılmır. Müstəqilliyin ilk illərindən rəhbərlikdə olanlar siyasi arenada heç bir uğura imza ata bilməmələrinə baxmayaraq, yenə də partiyalarında hakim mövqelərini qoruyub saxlamağa çalışırlar. Bu amil isə müxalifət düşərgəsinin üzvləri arasında belə narazılıqla qarşılanır. Bunun nəticəsidir ki, hazırda radikal müxalifətə dəstək verənləri barmaqla saymaq olar. İctimai dəstəkdən isə ümumiyyətlə, tamamilə məhrum olublar. Belə bir vəziyyətdə də müxalifət düşərgəsi üzvləri arasında əsəbilik, aqressivlik üstün gəlir və onlar da bu əsəbiliyi öz aralarındakı davranışlara sirayət etdirirlər. İctimai diqqət olmadığının göstəricisidir ki, radikal müxalifət təmsilçiləri bir-birini didməklə yenidən gündəmə gəlməyə çalışır. Ümumiyyətlə, bir-birinə qarşı çıxmaqla radikallar heç də ictimai dəstəyi özlərinə cəlb etməyi düşünməyib. Çünki bilirlər ki, nə qədər çabalasalar da, daha bu dəstəyi qazana bilməyəcəklər. Bu kimi addımlarla sadəcə olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etməyi düşünürlər. Ancaq həmin xarici dairələrin başları da hazırda öz işlərinə qarışıb. Ona görə Azərbaycan müxalifəti yadlarına da düşmür”. 
ASDP sədri Araz Əlizadə isə hesab edir ki, xaricdən aldıqları maliyyənin azalması fonunda radikal müxalifət təmsilçilərinin bir-birinə qarşı çıxması halları daha intensiv xarakter alacaq: “Xalq Cəbhəsini yaradanlar arasında heç zaman birliyin olduğunu görmədim. Ona görə də SİDSUH, 5-lik, 6-lıq, 3-lük yaransa da, hamısının mahiyyəti eynidir. Həmişə də bir-birilərini didiblər. “Ayının min oyunu var, bir armudun başında” məsəlində olduğu kimi, radikal müxalifət də xaricdən aldığı pulun azalması fonunda bir-birilə daha çox dərəcədə didişməyə başlayacaq”.  

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz