Əlaqə Arxiv
news Image
2017.04.01
11:30
| A A A
Ermənistanın hərbi balans xülyası alt-üst olub
Üzeyir Cəfərov: “Ermənistan müdafiə nazirinin bəyanatı işğalçı ölkə rəsmilərinin zəif olduqlarını etiraf etmələri və bu fonda da qorxuya düşmələrindən qaynaqlanır” Asim Mollazadə: “Beynəlxalq qurumlar Ermənistanı sülhə məcbur etmək istiqamətində addımlar atmasa…”

“Azərbaycanın müasir silahlarla silahlanması Ermənistanı narahat edir. Ona görə biz məcbur hərbi balansı qorumalıyıq”. Belə bir açıqlama ilə Ermənistanın müdafiə naziri Viqen Sarkisyan çıxış edib. O etiraf edib ki, indiki halda ölkəsinin Azərbaycanla hərbi müstəvidə rəqabət aparması olduqca çətindir. 

Azərbaycanın bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də işğalçı ölkədən qat-qat güclü olmasını beynəlxalq təşkilatlar, xarici dövlətlər də etiraf edirlər. Bəs, erməni nazirin bu etirafı indiki şəraitdə nədən qaynaqlanır? Gözləmək olarmı ki, bunu etiraf etməklə erməni tərəfi artıq danışıqlar prosesində nəhayət, konstkutiv mövqe nümayiş etdirsin?
Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə, Ermənistan müdafiə nazirinin yuxarıda səslənən bəyanatı işğalçı ölkə rəsmilərinin zəif olduqlarını etiraf etmələri və bu fonda da qorxuya düşmələrindən qaynaqlanır. Bu bəyanat həmsöhbətimizə görə, həm də seçkilər ərəfəsi Serj Sarkisyan hakimiyyətinin sığortalanmasına hesablanmış addımdır: “Maraqlıdır ki dünənə qədər ermənilər bəh-bəhlə Azərbaycanı az qala yer üzündən siləcəklərilə öyünürdülər. Amma indi onlar özləri də artıq etiraf etməyə başlayıblar ki, Azərbaycan qarşısında  gücsüzdülər. 
Aprel hadisələri zamanı da işğalçılar böyük uğurlarından danışırdılar. Sonradan məlum oldu ki, aprel hadisələri onlar üçün uğur deyil, böyük faciə olub. Faciə də ondan ibarət idi ki, həmin döyüşlərdə tank və piyadaların döyüş maşınlarına yanacaq əvəzinə su tökməyə məhkum olmuşdular. Həmçinin işğalçı ordu əsgərlərinin geyim və ərzaqla təminatı sahəsində ciddi problemlər yaşanıb. Hansı ki, bu problemlər indi də qalır. Bu da zatən erməni əxlaqına uyğun bir hərəkətdir. Çünki onlar ağa qara deməyi bacarırlar. 
İndi bir tərəfdən hay-həşir salırlar ki, silahlanma mübarizəsində Azərbaycana uduzurlar. Bu fonda da vəziyyətdən çıxmaq üçün təcili şəkildə yeni silahlar almaq istəyirlər. Buna təəccüblənmirəm də, çünki prinsip etibarı ilə Ermənistanın hədəfləri bəllidir. Rusiya erməniləri silahlandırmaqda davam edir. İşğalçı dünənə kimi “İsgəndər” raketlərini əlində Çapayevin qılıncı kimi tutmaqla Azərbaycanı yer üzündən silməklə hədələyirdi. Hazırda Ermənistan parlament seçkilərinə hazırlaşır. Yəqin ki, seçki bitəndən sonra da ermənilərdə yaşanan bu ritorika azalacaq. Bunun başqa yolu da yoxdur. Hazırkı parlament seçkiləri Ermənistanın indiki hakimiyyətinin faktiki olaraq, taleyini həll edir.Sarkisyan seçki ərəfəsi tərəfdarlarının sayını artırmağa çalışır. Ona görə də bu kimi bəyanatları səsləndirirlər. Bir neçə gün öncə Stokholm Sülh Araşdırmalar İnstitutu açıqladığı hesabatda silahlanma yarışında Ermənistanın Azərbaycandan 20 dəfədən çox geri qaldığını qeyd etmişdi. Azərbaycanın silah arsenalı 4 və 5-ci nəsil silahlardan ibarət olduğu halda, Ermənistan ordusu 2 və 3-cü nəsil silahlarla təchiz edilib.  Onun da əsas hissəsi Rusiyanın 102-ci bazasında yerləşir. Bir sözlə, Ermənistan bütün paramentlər üzrə Azərbaycandan geri qalır. Erməni hərbi-siyasi rəhbərliyi də bu fonda gözəl başa düşür ki, belə gedişlə üstünlüyə nail ola bilməyəcəklər. Ona görə də narahat olmağa və qorxmağa başlayıblar. Ermənistan müdafiə naziri Vigen Sarkisyanın son bəyanatı da məhz qorxudan irəli gələn bir bəyanatdır. Bu kimi bəyanatları da ona görə səsləndirirlər ki, zəif olduqlarını deməklə sabah hansısa bir hadisə olacağı təqdirdə özlərini sığortalasınlar”. 
Həmsöhbətimizin fikrincə, erməni nazirinin bu açıqlaması fonunda belə İrəvanın danışıqlar prosesində konstruktiv mövqe sərgiləyəcəyini gözləmək yersizdir: “Çünki Ermənistan müstəqil ölkə deyil, şimal qonşumuzun forpostudur. Ermənistan münaqişə ətrafında aparılan danışıqlar prosesində belə formal iştirak edir. Hər şeyi onların ağaları, yol göstərənləri  həll edir. Bu ağanın kim olduğu da bəllidir. Konkret olaraq şimaldan gələn küləkdir. Yalnız havadarlıq edənlərin dəstəyi erməniləri danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa sövq edib. Keçmiş prezident Levon Ter-Petrosyan deyir ki, ərazilər Azərbaycana qaytarılmalıdır. Bilirik ki, bu proses reallaşdırılmağa başlasa, Ermənistanda parlamentin gülləbaran edilməsi kimi olaylar yenidən təkrarlanacaq. Eyni qaydadaya Sarkisyanı, ya da rəsmilərədn digər birini aradan götürəcəklər ki, aranı qarışdırsınlar. Bir sözlə, bu məsələdə son sözü Azərbaycan deməlidir”.
Milli Məclisin deputatı Asim Mollazadə də bu qənaətdədir ki, Ermənistan müdafiə nazirinin son olaraq verdiyi narahat bəyanatı bu ölkədə keçirilən seçkilrlə bağlıdır: “Əslində, Rusiya Ermənistana ödənişsiz formada külli-miqdarda silah-sursat verib. Bu fonda da Azərbaycan balansı bərpa etməyə məcbur olub. Azərbaycanın əldə etdiyi ən müasir silahları da məhz müvafiq xərcləmələr nəticəsində alıb. 
Hazırda ermənilər hədə-qorxu gəlməklə məşğuldurlar. Ermənistan prezidenti və müdafiə naziri Rusiyadan aldıqları silahlarla lovğalanır. Bu fonda da beynəlxalq ictimaiyyət və Azərbaycana guya təzyiq göstərmək istəyirlər. Ermənistan rəsmilərinin münaqişə ilə bağlı verdiyi son açıqlamaların əsas səbəbi də bu ölkədə baş tutması gözlənilən seçkilərlə bağlıdır. Ona görə də bu tip açıqlamalar daxili siyasətə yönəldilib.  Ermənistan  bu tip bəyanatlara baxmayaraq, danışıqlarda konstruktiv mövqeyə gəlmir. Əksinə, onlar danışıqlar prosesini artıq dayandırıb. Bundan əvvəl Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqlar prosesindən imitasiya olaraq istifadə edirdi. İndi isə bunu da dayandırıblar. Fikrimcə, beynəlxalq qurumlar Ermənistanı sülhə məcbur etmək istiqamətində qərarlar qəbul etməsə, işğalçı ölkə ərköyün siyasətini yenidən davam etdirəcək və danışıqlar prosesində heç bir müsbət addım atmayacaq”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz