Əlaqə Arxiv
news Image
2017.04.04
08:00
| A A A
Qarabağ danışıqlarında yeniliklər olacaq?!
Natiq Miri: “Sarkisyanın hərbi xuntası Rusiya tərəfindən hakimiyyətə gətirilib və asanlıqla idarə olunmaları üçün hakimiyyətdə saxlanılırlar”

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Qeyd edək ki, bu tip açıqlamalarla nəinki təkcə Rusiya, habelə ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa rəsmiləri də dəfələrlə çıxış ediblər. Bu açıqlamalar fonunda mümkündürmü ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapsın? Burada onu da nəzərə almaq lazımdır ki, Ermənistanda da münaqişənin dinc yolla tənzimlənməsini tələb edən qüvvələrin sayı artır. 
Politoloq Natiq Mirinin fikrincə, mövcud situasiya daxilində, kimin məsələ ətrafında nə söyləməsindən asılı olmayaraq,  Qarabağ konfliktinin danışıqlar yolu ilə öz həllini tapacağı gözlənilən deyil: “Qarabağ məsələsi ətrafında bir çox məsələlərin razılaşdırıldığı, ancaq mürəkkəb məsələlər üzrə hələlik  konsensusun əldə edilmədiyini deməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun növbəti bir riyakarlığıdır. Çünki onun dediyi kimi, razılaşdırılmış məsələlər əslində, elə də böyük əhəmiyyət kəsb etməyən məsələlərdir. Razılaşdırılmayan məsələlər isə ilk olaraq Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması və statusla bağlı məsələdir. Bu mühüm əhəmiyyətli, həyati önəm daşıyan  məsələlər razılaşdırılmayıbsa, deməli, əslində, heç nə razılaşdırılmayıb. Ona görə də ictimai fikri aldatmağa yönəlik belə açıqlamalar riyakarlıqdan başqa bir şey deyil. Bununla göstərmək istəyirlər ki, guya Rusiya sözün əsl mənasında Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi fəaliyyətdədir. Əslində isə. belə bir fəaliyyət nəzərə çarpmır. Bu fəaliyyət nəzərə çarpsaydı, ən azından Dağlıq Qarabağ problemi üzrə ötən ilin aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi bu günləri açıqlama verməzdi ki, onlar hər hansı bir danışıqlar masası arxasına oturmaq fikrində deyillər. Belə cəsarəti Serj Sarkisyan və onun axmaq xarici işlər naziri Edvard Nalbadyan sözsüz ki, Moskvadan, eyni zamanda Qərb dünyasındakı havadarlarından alır. Bu suala cavab vermək lazımdır. 
Dağlıq Qarabağ probleminin həlli məsələsinə gəldikdə, təbii ki, parlament seçkiləri ilə Sarkisyan istədiyini alandan sonra artıq ritorika dəyişəcək. Bunu Ermənistan prezidenti Sarkisyanın səsverməsi zamanı işlətdiyi ilk cümlədə də gördük. Sarkisyan bəyan etdi ki, sülhdən yanadırlar və ən yaxşısı sülhdür. Bu, o deməkdir ki, artıq Dağlıq Qarabağa hərbi formada səfər edən və Azərbaycanı “İsgəndər” raketlərilə vura biləcəyini sayıqlayan Sarkisyan indi də sülh danışıqlarının vacibliyindən danışmağa başlayır. Bu da onu göstərir ki, Dağlıq Qarabağda oynanılan siyasi komediya bilavasitə seçkilərə hesablanmış açıqlamalar idi. Bundan sonra təbii ki, Sarkisyan Dağlıq Qarabağ ətrafında sülh masasına oturacaq və danışıqlar aparacaq. Ancaq söhbət ondan gedir ki, danışıqlar nəticəsində konkret siyasi nəticələr olacaqmı? Bu, böyük şübhə yaradır. Çünki Qarabağ klanı hakimiyyətdən getməyənə qədər problemin həlli məsələsi müşkülə çevriləcək. Ona görə ki, Sarkisyanın hərbi xuntası Rusiya tərəfindən hakimiyyətə gətirilib və asanlıqla idarə olunmaları üçün hakimiyyətdə saxlanılırlar. Bu günə qədər də Sarkisyanın Rusiyanın bir sözünü iki etməyib. Parlament seçkiləri ilə hakim Respublika Partiyası yenidən hakimiyyətdə qalacaqsa və Rusiya Sarkisyana növbəti dəfə yaşıl işıq yandırıbsa, mövcud vəziyyət o anlama gəlir ki, Qarabağ problemi Moskva tərəfindən növbəti dəfə manipulyasiya aləti olmaqda davam edəcək. Yəni, hazırda etiraflara baxmayaraq, Qarabağ probleminin həlli əslində, Rusiyanın maraqlarına uyğun deyil. Çünki Moskva qlobal və regional səviyyədə istədiyini almayıb. 
Suriyada belə Kremlin bütün istəklərinə rəğmən, hələ də Rusiya bataqlıqda qalmaqda davam edir. Ayrıca, Rusiya ABŞ-la birgə antiterror əməliyyatlarını keçirmək  üçün hər hansı bir razılaşmağa gələ bilməyib. Bundan başqa, Ukraynada da Rusiya Qərb qarşıdurması davam etməkdədir. Hətta bu qarşıdurma daha da kəskinləşir. Moskva Krımın işğalının Qərb tərəfdən tanınmasına nail olmayıb. Ukraynadakı savaşla bağlı olaraq Rusiyaya tətbiq olunan sanksiyalar da ləğv olunmayıb və yaxın perspektivdə də bu baş verməyəcək. Yeni ABŞ adminstrasiyası dövründə belə Moskvanın Donald Trampla yaxınlaşmaq istəyi demək olar ki, nəticə vermədi. Yəni Rusiya ilə Qərb arasında bu kimi problemlər fonunda qarşıdurma mövcud olduğu halda, hələlik üfüqdə Suriyadakı bataqlıqdan çıxmaq belə mümkünsüz hala gəlib. Yeni ABŞ adminstrasiyası ilə Rusiya arasında ayrıca hər hansı bir uzlaşma da mövcud deyil və gələcəkdə də bunun baş verəcəyi hələlik şübhəlidir. Çünki ABŞ rəsmilərinin son açıqlamaları Rusiyadan yana açıqlamalar deyil. Əksinə, Rusiyaya təzyiq xarakterli açıqlamalardır. Vaşinqtonun Moskvaya tətbiq etdiyi son sanksiyalar da göstərir ki, Rusiyanın niyyətləri puça çıxa bilər. 

Belə olduğu təqdirdə, Dağlıq Qarabağ probleminin bütün digər münaqişələrdən istisna olaraq həll olunacağını düşünmək fikrimcə, əbəsdir. Çünki bu münaqişələr zəncirvari olaraq müəyyən mənada bir-birindən asılıdır. Rusiya qlobal və regional mənada istədiyini almayana qədər Dağlıq Qarabağ, bütövlükdə Cənubi Qafqazdakı konfliktlərin həllində maraqlı olmayacaq. Ona görə də özümüzü aldatmayaq. Prezidentlər arasında növbəti görüş təşkil olunacaq və müəyyən müzakirələr də gedəcək. Belədə beynəlxalq ictimai rəyə müəyyən bir sakitlik veriləcək ki, artıq problemin həlli isütiqamətində danışıqlar aparılır. Ancaq nəticə olmayacaq. Belə bir nəticələr olacaqsa, bu qlobal səviyyədə uzlaşmadan sonra mümkün olacaq. Yəni Suriya daxil Yaxın Şərqdə, Ukraynada müəyyən uzlaşmalar olmalı, proseslərə sülh gəlməlidir ki, artıq bundan sonra Dağlıq Qarabağ problemində də sülh məsələsindən danışmaq mümkün olsun”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz