Almatıda fəaliyyət göstərən Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru, qazaxıstanlı politoloq Dosım Satpayev Astananın Cənubi Qafqazda Azərbaycanla ən sıx münasibətlərə malik olduğuna diqqət çəkib: “Yaxın vaxtlarda Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə Qazaxıstan-Azərbaycan münasibətləri daha yaxşı aydın oldu. Qazaxıstanın Qarabağda mümkün müharibəyə müdaxilə edəcəyi gözlənilmir. Lakin Azərbaycana siyasi və humanitar dəstək verə bilər. Əslində Bakı daha çox siyasi dəstəyin verilməsində maraqlıdır. Xüsusilə Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində. Hazırda Astana bu dəstəyi Azərbaycana verir. Qazaxıstan Azərbaycana strateji tərəfdaş kimi baxır və Qarabağ məsələsində sona qədər Bakıya dəstək verəcək”.
Qeyd edək ki, son zamanlar Qazaxıstan bir sıra regional xarakterli konfliktlərin aradan qaldırılmasında müəyyən dərəcədə rol oynamağa səy göstərir. Bir müddət öncə Qazaxıstan paytaxtı Astanada Rusiya, Türkiyə və İranın rəsmi nümayəndələrinin iştirakı ilə Suriya məsələsinə dair münaqişə tərəflərinin görüşü də baş tutdu. Bundan başqa Astana dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Həmçinin Qazaxıstan bu yöndə Ermənistanın aqressiv siyasətini ardıcıl olaraq tənqid edən ölkələrdəndir. Hətta bir müddət əvvəl Qazaxıstan dövlət başçısı KTMT-nin İrəvanda keçirilən toplantısına belə qatılmadı. Bəs, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfəri fonunda gözləmək olarmı ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT daxilində Qazaxısatan ölkəmizə verdiyi dəstəyi daha da artırsın və bu vəziyyət Ermənistan üçün nə vəd edir?
Politoloq Elşən Manafov qeyd etdi ki, Qazaxıstanın müxtəlif beynəlxalq qurumlar, o cümlədən KTMT və Aİİ çərçivəsində Azərbaycana verdiyi dəstək durmadan artır: “Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycanın yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev belə bir fikir səsləndirdi ki, Astana bir qayda olaraq həmişə Bakının özünün təmsil olunmadığı təşkilatlarda dövlətimizin haqq sözünü deyir, onun haqlı mövqeyini müdafiə edir. Təbii ki, Prezident İlham Əliyev ilk növbədə Qazaxıstan və Ermənistanın birgə təmsil olunduğu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Nazarbayevin dəfələrlə Qarabağ problemilə bağlı məsələ ilə əlaqədar səsləndirdiyi bəyanatlara əsasən bu fikirləri deyib. Bir daha bəlli olur ki, Qazaxıstan gerçəkdən Azərbaycanın özünün təmsil olunmadığı təşkilatlarda Bakının haqlı mövqeyini müdafiə edir və Qarabağ probleminin, Nazarbayevin paytaxtımızda olarkən özünün də səsləndirdiyi kimi, beynəlxalq hüquq normaları və zamanında BMT-nin qəbul etdiyi qətnamələr çərçivəsində tənzimlənməsinin tərəfdarı olub. Astana hazırda həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biridir. Nazarbayev bununla əlaqədar da bəyan etdi ki, Qazaxıstan BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq 2 il ərzində nəinki Suriya, Ukrayna, o cümlədən MDB məkanındakı digər münaqişə, həmçinin Qarabağ konfliktinin də beynəlxalq qurumun qəbul etdiyi qətnamələr çərçivəsində tənzimlənməsi istiqamətində məsələləri qaldırmaq niyyətindədir. Bununla bağlı bildirdi ki, BMT Təhlükəsizlik Şurasının müvafiq mövqeyinin sərgilənməsinə çalışacaqlar. Bütün bunlar onu göstərir ki, Bakı ilə Astana arasında əməkdaşlıq imkanları yetərincə və kifayət qədərdir. Bu imkanlar, Astana ilə Bakının mövqelərinin üst-üstə düşməsi təkcə ticari və iqtisadi münasibətlərdə deyil, o cümlədən regional təhlükəsizlik məsələlərində də özünü göstərir. Belə vəziyyət ondan xəbər verir ki, Qazaxıstan Avrasiya İqtisadi İttifaqının aparıcı dövlətlərindən biri olmaqla problemin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsilə bağlı öz mövqeyini ortaya qoyub və bundan sonra da Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdə davam edəcək.
Amma Astananın Bakıya ciddi dəstək verməsinin Qarabağ probleminin həllilə bağlı məsələlərə hələlik təsir edəcəyini düşünmürəm. Bildiyiniz kimi, Qarabağ münaqişəsilə bağlı prosesə həlledici təsir imkanlarına malik dövlət Rusiyadır. Amma bununla belə güman edirəm ki, Bakı Aİİ-də təmsil olunacağı halda, həmin mötəbər təşkilat da konfliktin məhz ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsilə bağlı məsələyə kifayət qədər köklənəcək. Hər halda Ermənistan Azərbaycanın Aİİ-nin üzvü olaraq qaldıracağı məsələlərə biganə qala bilməyəcək. Eyni zamanda, Bakının həmin təşkilatda yer alması Rusiya və ora üzv olan Belarusla Qazaxıstanın da kifayət qədər marağına cavab verir. Ölkəmizin də Aİİ-də təmsil olunması ilə güman edirəm ki, münaqişənin tənzimlənməsilə bağlı danışıqlarda kifayt qədər müsbət impuls yaranacaq”.
Politoloq qeyd etdi ki, Qazaxıstanın İrəvanla eyni təşkilatlarda təmsil olunmasına baxmayaraq, Azərbaycana dəstək verməsi işğalçı Ermənistana əlavə başağrısı və təzyiqlər gətirəcək: “Bu təzyiqlər də özünü istər iqtisadi, istərsə də siyasi kontekstdə göstərə bilər. Güman edirəm ki, İrəvan rejimi də Aİİ tərəfindən Ermənistana edilə biləcək gerçək təzyiqlərin qarşısında duruş gətirməyəcək. Onsuz da Ermənistanın Azərbaycanla müqayisədə imkanları kifayət qədər aşağıdır. Keçən ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan gerçəkdən münaqişəni özünün hərbi və maliyyə resursları ilə həll etmək qüdrətinə malik bir dövlətdir. Sadəcə olaraq, Minsk qrupu həmsədrlərinin passiv fəaliyyəti və beynəlxalq hüquq normalarının işləməməsi münaqişənin indiyə kimi öz həllini tapmamasının əsas səbəblərindən biridir. Azərbaycan Aİİ ilə bağlı məsələdə dövlətimizin milli təhlükəsizliyinə cavab verən addımlar atacaqsa, bu mötəbər təşkilat tərəfindən də Ermənistana əlavə təzyiqlərin artması anlamında qəbul olunacaq”.
Rüfət NADİROĞLU