Əlaqə Arxiv
news Image
2017.04.06
09:00
| A A A
Azərbaycan ərəb ölkələri hərbi əməkdaşlığını da gücləndirir
Üzeyir Cəfərov: “Azərbaycan Səudiyyə Ərəbistanından ordumuz üçün lazım olan hərbi təyinatlı məhsulları mütləq əldə edəcək” Fərəc Quliyev: “Hesab edirəm ki, Müdafiə Nazirliyi Əl-Riyaddan ciddi şəkildə ordumuzun inkişafı üçün lazım olan qərarlarla geri qayıdacaq”

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.  Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.  Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub. Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Bu fonda maraq doğuran məqamlardan biri  Azərbaycanın Səudiyyə Ərəbistanından da hərbi texnika alışını həyata keçirməsinin n ədərəcədə mümkün olmasıdır. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı ordusunda Qərb, əsasən də müasir ABŞ hərbi texnologiyasından istifadə olunur. Hazırda silah alışında Azərbaycan əsasən İsrail, Türkiyə, Pakistan və Rusiya kimi ölkələrlə əməkdaşlıq edir. Bu mənada ərəb dünyasının lideri olan Səudiyyə Ərəbista ilə əməkdaşlıq da mühüm əhəmiyyətə malikdir. 
Hərbçi-ekspert Üzeyir Cəfərovun fikrincə,  Azərbaycan digər ölkələr kimi mümkündür ki, Səudiyyə Ərəbistanından da silah və hərbi sursat alsın: “Azərbaycan müdafiə nazirinin Səudiyyə Ərəbistanına səfəri sözsüz ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında sənədin ərsəyə gəlməsilə bağlıdır. Müdafiə Nazirliyi böyük ehtimalla Səudiyyə Ərəbistanının hərbi potensialının, maddi bazasının Azərbaycanda da istifadəsinə nail olacaq. Böyük ehtimalla, Azərbaycan Səudiyyə Ərəbistanından ordumuz üçün lazım olan hərbi təyinatlı məhsulları mütləq əldə edəcək.  Nazirin Əl-Riyada səfəri də bununla bağlıdır. 
Azərbaycan siyasi rəhbərliyinin onsuz da 2017-ci il üçün hədəflərindən biri Silahlı Qüvvələrimiz üçün lazım olan bir sıra hərbi texnika və avadanlığın alınmasıdır. Bu sırada əməkdaşlıq etmək istədiyimiz ölkələr sırasında isə Səudiyyə Ərəbistanı da vardır. Ölkəmiz həmçinin Pakistan, Türkiyə kimi ölkələrdən də hərbi texnika almağı planlaşdırır. Bu silahların hansı növ olacağını isə qabaqcadan deyə bilmərik. Ən azından hazırkı situasiyada Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacını ödəyə biləcək hərbi texnika və avadanlıqlar olacaq ki, həmin silahlar da ölkəmizin müdafiəsi və ordumuzun döyüş qabiliyyətinin daha da yüksəlməsinə əlavə stumul verəcək. Tərəflər arasında razılaşma olarsa, yəqin ki, rabitə və mühəndis-istehkam qoşunları sahəsində mövcud olan silahları da gələn il üçün Azərbaycan Silahlı Qüvvələrində görmək imkanı əldə edəcəyik”.
Milli Məclisin deputatı Fərəc Quliyev də Azərbaycanın hərbi sahədə Əl-Riyadla əməkdaşlığını yüksək qiymətləndirdi: “Hesab edirəm ki, Zakir Həsənov ləyaqətli bir general, vətənpərvər, öz işini bilən bir insandır. Onun müdafiə qüdrətimizin artırılması istiqamətində atdığı addımlar və axtarışları da normaldır. Düşünürəm ki, bu səfərdən əliboş qayıtmaz. Yəqin, bir məqsədi var ki, indi Səudiyyə Ərəbistanına səfər edib. Xüsusən də müsəlman ölkələrinin bu məsələdə Azərbaycanın yanında olmasını bəzilərinə anlatmaq lazımdır.  
Bu yaxınlarda Katolik kilsəsinin erməni separatçılarına 500 min dollar yardım etməsi onu göstərdi ki, onlar arasında din amili hələ də önəm daşıyır. Azərbaycan İslam ölkələrindən hərbi sahədə Pakistanla da ciddi əməkdaşlıq edir. Düzdür, bu əməkdaşlıqda dini faktoru qabartmaq istəmirəm. Amma məqsədim ondan ibarətdir ki, hər halda güclü olan müsəlman ölkələrilə də hərbi sahədə əməkdaşlığı daha açıq şəkildə həyata keçirmək lazımdır. Səudiyyə Ərəbistanının hərbi sahədə də imkanları böyükdür. Hesab edirəm ki, Müdafiə Nazirliyi Əl-Riyaddan ciddi şəkildə ordumuzun inkişafı üçün lazım olan qərarlarla geri qayıdacaq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz