Aprelin 2-də Ermənistanda keçirilmiş növbəti parlament seçkiləri nəinki yerli əhalini, hətta beynəlxalq qurumları da mənfi yöndə heyrətləndirib. Seçki ərəfəsində və gedişində saxtakarlıqlar və qanun pozuntuları o dərəcədə pozulub ki, insan hüquqları sahəsində fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlar etik qaydalar çərçivəsində Ermənistan hökumıətinə təbrik göndərməkdənsə, susmağa üstünlük veriblər. Amma bəziləri qayda üzrə bəyanat verməyə cəsarət etsələr də reallığı əks etdirən qeydləri etməyi də unutmayıblar. Məsələn, aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda seçicilərin pulla alınması və seçicilərə təzyiqlərin edilməsi ilə bağlı qeydlər yer alıb. Bəyanatda həmçinin “Bu şübhələri aradan qaldırmaq üçün Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi mexanizmlərin istifadəsi ilə birgə işləməyə çağırırıq” deyə bildirilib.
Ermənilərin seçki simptomu həmişə olduğu kimi yenə də MDB və Qərb arasında əks istiqamətlərdə qiymətləndirilib. Respublika Partiyasının “bos”ları rejimin ələ aldığı siyasi texnoloqlardan “parlaq” təbriklər alırlar. Məsələn, MDB-dən olan müşahidəçilər seçkilərin “demokratik” keçdiyi barədə tərifli tostlar söyləsələr də «Nations in Transit»in (Keçid dövrü ölkələri) «Freedom House» tərəfindən hazırlanmış məruzəsində göstərilir ki, Ermənistan avtoritar rejimin daha da möhkəmləndirilməsinə doğru gedir. Məruzədə o da göstərilir ki, konstitusiya dəyişiklikləri üzrə 2015-ci ildə keçirilmiş referendumla parlament idarə formasına keçilməsi Serj Sarkisyan üçün öz hakimiyyətini və tələblərini qorumaq üsulu olub. Parlament üsul-idarəsi Ermənistanın hakim Respublika partiyasının gələcək hakimiyyətinin təmini üçün sadəcə mexanizmdir. Nəzərə alsaq ki, «Freedom House» Vaşinqtonun hakim dairələrilə sıx əlaqədə işləyir, onda qəti ehtimal etmək olar ki, Ermənistanın başı üzərində həyəcan siqnalı çalınır. Axı, Ermənistanın bir dövlət olaraq həllediləcək problemləri başından aşır.
Seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin ilkin bəyanatı da tənqidlər üzərində qurulub:“Ermənistanda parlament seçkiləri səslərin alınması, məmurlara və özəl şirkətlərin əməkdaşlarına təzyiq göstərilməsi barədə etibarlı məlumatlarla ləkələnib. Beynəlxalq QHT-lərin seçkiləri müşahidə etməsinə icazə verilməyib və bu, ATƏT qarşısında götürülən öhdəliklərə ziddir”. Bəyanatda vurğulanıb ki, seçki günü ümumilikdə sakit keçsə də, müşahidəçilər baş çəkdikləri bəzi seçki məntəqələrində seçicilərin gərgin və narahat olduğunu görüblər. Həmçinin Ermənistan MSK-nın seçkilər üçün ümumilikdə 20 021 ictimai müşahidəçi qeydiyyata keçirdiyini açıqlamasına baxmayaraq, seçki günündə hökumətin ictimai müşahidəçi və KİV nümayəndələrini seçmə üsulla azaltdığı bildirilib. Qeyd edək ki, müşahidəçi missiyasının tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri daxil olub.
İndi erməni cəmiyyətini düşündürən əsas məsələlərdən biri 2018-ci ildə səlahiyyətləri bitən Serj Sarkisyanın sonrakı addımlarıdır. Hər yanda özünü görən bu özündənrazı diktator opponentlərinə qarşı çox kinlidir. O, bütün imkanlarını səfərbər edərək keçən dəfəki parlamentə rəng qatan Levon Ter-Petrosyan müxalifətini bu dəfə qanunverici orqandan kənarlaşdırdı. İndi deputatlar Respublika partiyasının arxasınca yalnız bir istiqamətdə gedirlər. Belə güman olunur ki, Sarkisyan artıq indidən baş nazir postunda yerini hazırlayıb.
Beləliklə, Sarkisyan özünün əsas rəqibləri sayılan keçmiş prezidentlər - Levon Ter-Petrosyan və Robert Koçaryanı hakimiyyət olimpinə gedən yoldan uzaqlaşdırmağa nail olub və müxalifətsiz diktator rejimini rəsmiləşdirib.
Bütün bunlar xalqın yuxarı təbəqəsinin problemlərinə daxildir və bir qrup adamın vəzifə və var-dövlət davasından kənara çıxmır. Lakin xalqın biçarə təbəqəsinin halı heç kimi maraqlandırmır. Yeni seçilmiş deputatların heç biri iş yerlərinin yaradılması, əmək haqlarının artırılması, xalqın sosial rifah halının yaxşılaşdırılması və sairə bu kimi məsələlərdən danışmır. Bu tendensiya saxtakarlıq yolu ilə parlamentdən kənarda qalmış müxalif qüvvələrin sosial bazasının gücləndirilməsinə yardım edir. Xalqın nifrət etdiyi bir şəxsin meydanda yenə qalib qismində qalması ölkədəki ziddiyyətlərin daha da kəskinləşməsini stimullaşdırır. Bu, o deməkdir ki, erməni xalqı bugünkü hakimiyyətin gücüylə əzab-əziyyətə məhkum olunub. Serj Sarkisyanın “Qarabağ” ritorikasını da buraya əlavə etsək, ümumiyyətlə, erməni cəmiyyətini səfalətlə yanaşı, döyüşlərdə veriləcək qurbanlar da gözləyir. Buna görə də yeni isul-idarənin ölkəni çiçəkləndirməsini gözləyənlər məyusluğa qapılıblar. Bu gün onlar da hakimiyyətə əks cəbhədə yer alanlar sırasındadırlar.
N.NOVRUZ