Mərkəzi Seçki Komissiyasınin (MSK) sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib. Bəs, nədən hələ də bəzi partiyalar maliyyə mənbələrini gizlətməyə üstünlük verirlər?
Milli Məclisin deputatı Aydın Mirzəzadə düşünür ki, bir sıra siyasi təşkilatlar hələ də öz məsuliyyətlərini dərk edə bilmədiyindən maliyyə hesabatı verməkdən yayınırlar: “Bir sıra siyasi təşkilatlar var ki, qeydiyyatdan keçib, seçkidən-seçkiyə üzə çıxıb namizədlərini təqdim edirlər. Amma belədə gündəlik siyasi fəaliyyətləri yoxdur. Ola bilsin hətta bəzi partiyaların formal olaraq belə icra aparatı da mövcud deyil. Belə olan halda həmin təşkilatların maliyyə hesabatı verməyə nə marağı nə də istəyi olmur. Hesab edirəm ki, belə vəziyyət artıq müvafiq orqanları düşündürmlidir. Maliyyə hesabatı verməyən, heç bir siyasi prosesdə iştirak etməyən partiyaların qeydiyyatı məsələsi ciddi şəkildə gündəmə gətirilməlidir”.
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, hansı partiya maliyyə hesbatı vermirsə, deməli, onların fəaliyyəti də şəffaf deyil: “İqtidarda və yaxud müxalifətdə olmasından asılı olmayaraq, hər bir siyasi qurumun ümdə vəzifəsindən biri də vaxtlı-vaxtında və doğru şəkildə maliyyə hesabatlarını verməkdən ibarətdir. Təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra partiyalar ya hesabat vermir, verdikdə də həqiqəti əks etdirməyən məlumatları verirlər. Bu isə yolverilməzdir.
Aydın məsələdir ki, partiya fəaliyyət göstərirsə, deməli, özünün müəyyən addımlarını həyata keçirməsi üçün maliyyə vəsaitinə də ehtiyacları vardır. Həmçinin qərargahın, ştatlı işçilərin saxlanılması da maliyyə tələb edir. Bu fonda onların maliyyə hesabatı verməkdən qaçmaları fəaliyyətlərinin şəffaf olmadığının göstəricisidir. Şəffaf fəaliyyət göstərən partiya heç zaman maliyyə hesabatı verməkdən yayınmaz”.