Əlaqə Arxiv
news Image
2017.04.11
09:00
| A A A
Cəbhədə yenə ağır silahlar işə düşür
Tərlan Eyvazov: “İndiki iqtidar aprel uğursuzluqlarını ört-basdır etməyə çalışaraq parlamentdə qalib ola bilib” Üzeyir Cəfərov: “Erməni iqtidarı seçkilərin nəticələrini unutdurmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır”

Ermənistanda parlament seçkilərindən sonra cəbhədə yenə artilleriya silahları işə düşüb. Düşmən 60 və 82 millimetrlik minaatanlardan geniş istifadə edir. Bundan başqa atəşkəs pozuntularının da sayı kəskin dəcərədə artıb. Ekspertlərin fikrincə, bunlar müəyyən məqsədlərə hesablanmış addımdır. 

Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazov bildirdi ki, Ermənistanda iqtidarda olanların parlament seçkilərində böyük saxtakarlıqla, əldə olan resurslardan istifadə etməklə qalib gəlməsi gözlənilən idi: “İndiki iqtidar aprel uğursuzluqlarını ört-basdır etməyə çalışaraq parlamentdə qalib ola bilib. Amma bu hakimiyyətin sülh prosesindəki mövqeyi bütün dünyaya bəllidir. Ona görə də təbii ki, ermənilərin bu cür hücumlarının sayı artacaq. Onlar bütün dünyaya, tərəfdarlarına, onlara dəstək verən erməni lobbisinə səslənmək istəyirlər ki, güclüdürlər. Guya Azərbaycan üzərində hələ də üstünlüyə malikdir. O baxımdan bu cür teatr xarakterli, arxasında qan duran hücumları görəcəyik. Həmçinin onu da nəzərə alaq ki, cəbhənin Ermənistan tərəfi boş ərazi, Azərbaycan tərəfində isə mülki əhali yaşayır. Onlar da bizim mülki əhalimizi hədəfə alırlar”.
Ehtiyatda olan polkovnik-leytennat Üzeyir Cəfərov bildirdi ki, Ermənistan tərəfi cəbhədə gərginliyin olmasında maraqlıdır: “Gərginlik fonunda yararlananlar olanda işə ATƏT qarışacaq. Ötən ildən Ermənistanın da çalışdığı odur ki, iki ölkənin prezidentləri görüşsün. Bu, ATƏT-in də çoxdan arzuladığı məsələdir ki, iki ölkənin dövlət başçılarını görüşdürsünlər. Amma bu gün ATƏT-i Dağlıq Qarabağ probleminin həlli o qədər də maraqlandırmır. Onlar üçün ilk növbədə öz maraqları önəmlidir. 
Onu da qeyd edim ki,  vətəndaşlarımız mövsümlə bağlı indi daha çox kənd təsərrüfatı işi ilə məşğul olurlar. Ermənilər isə onlara imkan vermir. Mülki insanlar atəşə tutulur. Onların illərlə çətinliklə düzəltdikləri sıradan çıxarılır. Ermənistana isə ziyan dəymir. Çünki həmişə qaçqın vəziyyətdə olublar. Ona görə də qorxmadan minaatanlardan da istifadə edirlər. 
Ötən ilin eyni dövründə də bu cür ağır artilleriyadan istifadə edirdilər. Azərbaycan tərəfi də düşmənin təxribatının qarşısını almaq üçün əks həmləyə keçdi. İndi də cəbhədə silahlı qüvvələrimizin mövqelərini atəş altında saxlamağa çalışılır”.
Ekspert əlavə etdi ki, burada Ermənistandakı daxili amili də gözdən qaçırmaq olmaz: “Ermənistanda parlament seçkilərinin nəticələrini tanımayanlar çox oldu. Erməni iqtidarı isə seçkilərin nəticələrini unutdurmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Çünki cəbhədə vəziyyətin gərgin olması bu məsələni bir qədər arxa plana keçirir. Bu gün Ermənistanın ən çox çalışdığı iki ölkə prezidentlərini bir araya gətirməkdir. Bundan ötrü çalışırlar ki, ATƏT qarşısında olan vəfa borclarını yerinə yetirsinlər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz