Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum ötən şənbə günü “Məhsul” stadionunda keçirdiyi mitinqlə özünün sosial bazasınının daha da daraldığını göstərdi. Mitinq sönük keçməklə yanaşı, gələnlərin sayının daha da azalması ilə yadda qaldı. Proses ondan xəbər verir ki, radikal müxalifətə cəmiyyətdə dəstək verənlər yox dərəcəsindədir. Radikal müxalifət daxilində belə bir durumun yaranmasını şərtləndirən səbəblər nədir? Demək olarmı ki, xalq Milli Şuranı boykot edir?
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, Əli Kərimlinin xəyanətkar, satqın mövqeyi cəmiyyətin radikal müxalifəti dəstəkləməməsinə gətirib çıxarıb: “Azərbaycan xalqı heç zaman radikal qüvvələrin cəmləşdiyi Milli Şuraya dəstək verməyib. Bu qüvvələr təşkil etdikləri mitinqlərə heç min nəfər belə gətirə bilmirlər. Özünü ana müxalifətin lideri hesab edən Əli Kərimli öz fəaliyyətinlə Milli Şuranı daha ağır duruma salıb. Ümumiyyətlə, Milli Şura yaranan gündən bu günə qədər cəmiyyətdə ciddi dəstəyə sahib olmayıb. Onlara dəstək verən qüvvələr yalnız ora toplaşan partiya və kiçik bir qrupdan ibarət olub.
Milli Şuranın son mitinqi də göstərdi ki, ölkə əhalisi Milli Şura və Əli Kərimliyə dəstək vermir. Aksiyada iştirak edənlər də ancaq özlərinin yaxın ətrafında olan barmaqla sayıla biləcək adamlardan ibarət idi. Bu mitinqlərə gələnlər də hər dəfə eyni adamlar olub. Böyük əksəriyyəti də siyasi mənsubiyyəti olan insanlar olub. Bunu deməkdə məqsədim odur ki, Milli Şuranın aksiyalarına kənardan, cəmiyyətin digər təbəqəsindən olan insanlardan keç kim qoşulmur. Ona görə də düşünürəm ki, Mlli Şuranın son aksiyası onların iflasının, xalqın onlara dəstək verməməsinin göstəricisidir. Bu da ondan irəli gəlir ki,
cəmiyyətimiz radikal siyasətə, xüsusən də Əli Kərimliyə dəstək vermir. Mitinqdə iştirak edənlərin çoxu da İranın molla rejiminin təsir dairəsində olan şəxslər olub. Yəni ora gələnlərin əksəriyyəti özlərini dindar hesab edənlər idi. Bu isə bir daha göstərir ki, Əli Kərimli radikal dindarlarla eyni mövqedən çıxış edir.
Mitinqi Əli Kərimli ilə Milli Şura təşkil etsə də, burada dindarlar daha fəal idilər. Həmin dindarların da aksiyaya öz təşəbbüslərilə qoşulduqlaqrını düşünmürəm. Milli Şura doğru yolda olmadığından iflasa uğrayıb. Bu iflasın yaranmasına səbəb olan başlıca amil isə liderlərin uğursuz fəaliyyətilə bağlıdır. Əli Kərimli 25 illik siyasi fəaliyyəti dövründə hər bir vəziyyətdə öz mövqeyini dəyişib. Yəni onun stabil mövqeyi olmayıb, sədaqət prinsiplərinə əməl etməyib, liderinə və müttəfiqlərinə dəfələrlə xəyanat edib. ALP-nin sabiq sədri Lalə Şövkət onu hətta satqınlıqda ittiham etmişdi. Yəni bu adamın fəaliyyəti cəmiyyətin gözü qarşısında baş verib. O, öz əqidəsinə, tələbə yoldaşları, dostlarına, yaxın çevrəsinə dəfələrlə xəyanət edib.
Belə bir xəyanətkara cəmiyyət təbii ki, dəstək də verməz. Əli Kərimlinin ətrafında hazırda demək olar ki, heç kim qalmayıb. Elçibəyin 1998-ci ildə formalaşdırdığı Xalq Cəbhəsi İdarə Heyətinin 19 üzvündən indi orada ancaq Əli Kərimli qalıb. Bu faktlar da cəmiyyətdə həmin qüvvələrin nüfuzdan düşməsinə təsir edən əsas amillərdən biridir.
Ə. Kərimlinin 25 ildə törətdiyi bu xətalar onun xalq arasında nüfuzunu daim aşağı salır. Onun mahiyyəti fərqli düşünənləri təhqir etməkdən ibarətdir. Bu səbəbdən onun haqqında cəmiyyətdə geniş məlumatlar var. Ona görə də cəmiyyət Əli Kərimlinin rəhəbri olduğu mitinqlərə dəstək vermir”.
Rüfət NADİROĞLU