Əlaqə Arxiv
news Image
2017.04.13
09:40
| A A A
Azərbaycan hərb məhsullarına dünyada maraq və tələb artır
Üzeyir Cəfərov: “Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan məhsullar həm daxili tələbatı ödəyir, həm də Azərbaycanın tərəfdaşı olan ölkələrə ixrac olunur” İbrahim Rüstəmov: “Bu sahədə uğur qazanmaq artıq müəyyən mənada iri silah istehsalçıları ilə, məsələn, Rusiya, ABŞ, İsrail, Fransa kimi nəhəng dövlətlərlə bir sırada dayanmaq deməkdir”

Bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək. İxrac edilən məmulatlardan bütün növ döyüş sursatlarını, müasir atıcı və artilleriya silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikaları və s. göstərmək olar. 

Müdafiə sənayesi naziri Yavər Camalov qeyd edib ki, mütəmadi olaraq həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib: “Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər aparılır. Bu məqsədlə məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb”.
Mütəxəssislərin fikrincə, dünya bazarlarında Azərbaycan hərb sənayesinin məhsullarına tələbin artmasının əsaslı səbəbləri var. Burada qiymət-keyfiyyət münasibliyindən tutmuş, ölkənin yürütdüyü siyasətə qədər nüanslar vurğulanır. Bu gedişlə sözügedən sahə ixracda əsas istiqamətlərdən birinə çevrilə də bilər. 
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, müdafiə sənayesi naziri Yavər Camalov bir sıra önəmli məsələlərə toxunub: “Xüsusən də Azərbaycan Silahlı Qüvvələrinin müair silah və texnikalarla təmin edilməsi məsələsini vurğuladı. Bu istiqamətdə də “Zərbə” pilotsuz döyüş sistemlərinin-kamikadze apratının artıq Azərbaycan Silahlı Qüvvələrinə sınaq üçün verildiyini bildirdi. Bu silah özünü uğurla göstərdi. İndiyə qədər pilotsuz uçan aparatımız olub. İndi isə “Zərbə” pilotsuz döyüş sistemlərinin - kamikadze apratı isə gözlənildiydən  böyük effekt verib. 
Canlı qüvvə, hərbi texnika, beton və dəmir maneələri dağıtmaq gücü yüksək səviyyədədir.  Bundan əlavə Azərbaycan son illərdə böyük uğura imza atıb. Belə ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan məhsullar həm daxili tələbatı ödəyir, həm də Azərbaycanın tərəfdaşı olan ölkələrə ixrac olunur. Bu istiqamətdə müqavilələr bağlanılıb. Əvvəlki illərdə silah çeşidinin sayı 600 idisə, indi 1200-ü keçib. Ümumiyyətlə, imkanlarımız günü-gündən artmaqdadır. 
Artıq Azərbaycanın hərbi təyinatlı məhsulları dünya bazarlarında özünə yer tutmaqdadır. Son illərdə keçirilən sərgilər də göstərir ki, Azərbaycanın istehsalı olan hərbi təyinatlı məhsullara maraq artıb. Azərbaycanın hərbi təyinatlı məhsulları müqayisədə daha ucuz və keyfiyyətlidir. Həmçinin də özünü doğruldub. “Zərbə” pilotsuz döyüş sisteminin yaradılması da Azərbaycanın ən böyük uğurlarından biridir. Biz bu silahı aprel döyüşlərində də sınaqdan keçirmişik və yüksək nəticə əldə olundu. Düşməni vahimədə saxlayan ən böyük silahdır. 100 kilometr məsafədə istənilən hərbi obyekti müəyyən və məhv edir. Bu da böyük uğurdur. Azərbaycan yaxın perspektivdə digər ölkələrlə müştərək hərbi təyinatlı məmulatların istehsalını həyata keçirəcək.  Bu sahəyə qoyulan kapital özünü doğruldub. “Made in Azerbaijan” brendi artıq kənarda da tanınır». 
Ehtiyat olan digər polkovnik-leytenant İbrahim Rüstəmov bildirdi ki, Azərbaycan silahına diqqətin artması ilk növbədə ölkəmizdən ötrü formalaşmasına həmişə böyük ehtiyac duyduğumuz beynəlxalq imic deməkdir: “Silah istehsalı sənayenin ən mürəkkəb sahələrindən sayılır. Bu sahədə uğur qazanmaq artıq müəyyən mənada iri silah istehsalçıları ilə, məsələn,  Rusiya, ABŞ, İsrail, Fransa kimi nəhəng dövlətlərlə bir sırada dayanmaq deməkdir”.
İbrahim Rüstəmov əlavə etdi ki, silah ixracının gələcəkdə əsas ixracat sahəsinə çevrilməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məsələlərdəndir: “Ən azı ona görə ki, diqqəti neftdən yayındıra bilər. Həm də silah biznesi ən gəlirli sahələrdən hesab olunur. Bu mənada müvafiq yöndə atılan uğurlu addımların miqyası və keyfiyyəti daha da artırılsa, zənnimcə, bu, istər-istəməz onu, yəni silah ixracatını əsas ixrac sahələrindən birinə çevirəcək. Qarşılığında isə həm ölkəmizin silah bazarındakı nüfuzu artacaq, həm də dövlət büdcəsinə nəzərəçarpacaq qədər böyük gəlirlər daxil olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz