Əlaqə Arxiv
news Image
2017.04.15
10:30
| A A A
Azərbaycandan Ermənistana hərbi xəbərdarlıq
Üzeyir Cəfərov: “Bu gün nəzəri və praktiki cəhətdən yerinə yetirilən tapşırıqlar sabah işağl olunmş ərazilərdən düşmənin vurub çıxarılması üçündür” Azad İsazadə: “Bizim hər bir təlimimiz Ermənistan üçündür ki, qarşı tərəf danışıqlarda konstruktiv mövqeyə gəlsin”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, aprel ayının 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. 

Müşahidəçilərin fikrincə, təlimlər plan üzrə keçrilsə də, onun miqyası, təsadüf etdiyi vaxt Ermənistana xəbərdarlıqdır.  Çünki danışıqlar prosesi dalana dirənib, eyni zamanda  Azərbaycan lazım bildiyi anda güc yolu ilə əraziləri işğaldan azad edəcəyini bəyan edir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, ümumiyyətlə, 2017-ci il üçün bir neçə geniş hərbi təlim planlaşdırılır: “Bu təlimlərdən biri də aprelin 16-da baş tutacaq. Təlimlərə Silahlı Qüvvələrin şəxsi heyəti ciddi şəkildə hazırlaşır. Ötən ildə də oxşar təlimlər keçirilib. Amma miqyasına görə bundan da geniş hərbi təlimlərin olması gözlənilir. 
Sözsüz ki, hər bir təlim müəyyən məqsədlərə hesablanıb. Odur ki, Silahlı Qüvvələrin keçirdiyi bu təlimləri düşmənə bir xəbərdarlıq hesab etmək olar. Bu gün nəzəri və praktiki cəhətdən yerinə yetirilən tapşırıqlar sabah işağl olunmş ərazilərdən düşmənin vurub çıxarılması üçündür. Erməni tərəfi də bundan ciddi nəticə çıxartmalıdır. Görünən isə odur ki, hələ ermənilər vəziyyətin ciddiliyini anlamırlar. Amma Azərbaycan Silahlı Qüvvələrinin mövqeyi və fikri qətidir. Yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ona görə də bu təlimlər şəxsi heyətin qarşısına qoyulan tapşırıqların məşqidir. Məşq prosesindən sonra tapşırıq veriləcəyi təqdirdə şəxsi heyət tapşırığı uğurlar yerinə yetirəcək”.
Ekspert əlavə etdi ki, hərbi təlimlər düşmənə, havadarlarına və beynəlxalq qurumlara xəbərdarlıq olmalıdır: “Onlar yəqin ki, Azərbaycanın bu günə qədər bu qədər vəsaiti boş-boşuna xərcləmədiyini anlayırlar.  Təlimlər də vərdişləri təkmilləşdirməkdir. Ümumiyyətlə, bütün qoşun növləri təlimlərdə iştirak ediblər. Amma bu təlimlərdə həm yeni silah, həm də yeni şəxsi heyət iştirak edəcək. Müəyyən vərdişlərin qazanılmasına ehtiyac var. Əsla bu tədbirlər ermənilərin Ağdamdakı təlimləri ilə əlaqəli deyil. Bu, sadəcə üst-üstə düşüb. Azərbaycanın öz planları var”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, adətən, hər bir hərbi təlimin iki böyük məqsədi olur: “Bunlardan birinsi, şəxsi heyətin döyüş hazırlığını yüksəltmək, döyüş şəraitinə yaxın şəraitdə təlim keçirmək və hərbi hissələrin əməkdaşlıq təcrbəsi qazanmasıdır. Ancaq ikinci, bəlkə də daha vacib amil hərbi diplomatiya, güc nümayiş etdirməkdir. 
Çox vaxt ölkələr arasında problem yarananda biri digərinin sərhəddinə yaxın ərazilərdə təlimlər keçirir. Bununla da öz gücünü nümayiş etdirmiş olur. Azərbaycanın hərbi təlimləri İran, nə də Rusiya üçün nümayiş deyil. Bizim hər bir təlimimiz Ermənistan üçündür ki, qarşı tərəf danışıqlarda konstruktiv mövqeyə gəlsin. Göstərilir ki, lazım gələrsə, güc nümayiş etdirə bilərik”. 
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz