"Dağlıq Qarabağ və Dnestryanı problemlər AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə yeni Alt Komitəsi üçün prioritet olacaq". Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitənin sədri Ştefan Şennax bildirib. Ş.Şennax həmçinin Alt Komitənin ilk iclasının bu ilin may ayında Helsinkidə baş tutacağını, daha bir iclasın isə iyunda Vyanada keçiriləcəyini bildirib. Bəs, AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə yeni Alt Komitəsinin Qarabağ münaqişəsinin həllində hansısa rolu ola bilərmi? Ən azından Ermənistana diplomatik təzyiqlər baxımından.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Alt Komitə indiyə kimi ancaq formal bəyanatlar verməklə kifayətlənib. Bu fonda da həmsöhbətimiz komitənin problemin həlli istiqamətində real addımlar atacağını gözləmir: “AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə yeni Alt Komitəsinin Dağlıq Qarabağ probleminin prioritet olmasını deməsinə etirazımız yoxdur. Alt Komitə əvvəllər də fəaliyyət göstərirdi.
Əsas məsələ ondadır ki, ermənilər və onların havadarları komitənin ümumiyyətlə, fəaliyyətini heçə endirmək istiqamətində hər cür yola əl atırdılar. Nəticədə Alt Komitənin adı olsa da, fəaliyyəti ümumiyyətlə, görünmədi. Sonra qərar qəbul olundu ki, Alt Komitə fəaliyyətini davam etdirsin. Bu addımı prinsipcə, müsbət qiymətləndirə bilərik. Çünki komitənin fəaliyyətini davam etdirməsi Azərbaycanın xeyrinədir. Amma komitənin funksiyasına gəldikdə, onu işi ancaq belə bəyanatlar verməkdən ibarət olacaq.
Konkret olaraq Alt Komitənin məsələ ətrafında müzakirələr keçirməsi, onun hansı təsir rıçaqlarının olması, ermənilərin həmin müzakirələrdə iştirak edib-etməyəcəyi optimizm üçün əsas vermir. Yadımızda qalan və dəfələrlə eşitdiyimiz ancaq odur ki, belə bir komitənin olması vacibdir və münaqişə ilə bağlı məsələ onlar üçün prioritetdir. Belə bir qurumun gərəkdir fəaliyyəti də olsun ki, orada həqiqətin üzə çıxması mümkün olsun. Formal bəyanatlar isə əvvəlki illərdə olduğu kimi heç nə verməyəcək. Alt Komitə işləsin, görək nə olacaq”.
Politoloq Natiq Miri də AŞPA-nın Alt Komitəsinin münaqişə ətrafında real addımlar ata biləcəyinə inanmadığını söylədi: “AŞPA-nın Alt Komitəsi Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı müəyyən məsələləri müzakirə obyektinə çevirə bilər. Ancaq bundan o yana məsələnin həlli açığı Avropa Şurasının, nə də ki, onun Parlament Assambleyasının, onun komitələrinin səlahiyyəti çərçivəsində deyil. Çünki Avropa Şurasının bütün qərarları ancaq tövsiyə xarakterlidir.
Avropa Şurası bilavasitə Dağlıq Qarabağ problemilə məşğul olmur. Sadəcə olaraq, bu beynəlxalq təşkilatda Dağlıq Qarabağ probleminin müzakirəsi təbii ki, ən azıdan məsələni gündəmdə və diqqətdə saxlayır, onu yaddan çıxmağa qoymur. Ondan o yana isə AŞ-ya güvənmək mümkün deyil. Çünki AŞ-da ancaq müəyyən yerə qədər siyasi qərarlar çıxara bilir. Hətta bəzən obyektiv məsələləri müzakirə edərkən belə, qlobal güclərin təsiri altında AŞ obyektiv qərarlarından vaz keçə bilib. Bunu AŞ-ın münaqişə ilə bağlı qəbul etdiyi son iki qətnaməsində də gördük. Yəni Sərsəng Su Anbarı məsələsi və Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı AŞ-nın özünün araşdırması əsasında verilən qətnamənin sonradan əksinə qəbul edildiyini də müşahidə etdik. Bu, onu göstərir ki, AŞ da müəyyən yerə qədər müstəqildir. Qlobal güclərin maraqları olduğu təqdirdə AŞ öz prinsiplərinə zidd qərarlar da qəbul edir. Ona görə də AŞ kimi ikili standartlarla işləyən bir qurumdan Dağlıq Qarabağ probleminin həllində ciddi münasibət, hansısa yardım gözləmək əbəsdir”.
Rüfət NADİROĞLU