Əlaqə Arxiv
news Image
2017.04.20
11:19
| A A A
"Prezident bu məsələyə ciddi diqqət yetirir" - PA rəsmisi

Son zamanlar erməni siyasətçiləri və rəsmi şəxsləri Azərbaycanın ABŞ Konqresində və Avropa parlamentlərində lobbiçiliklə bağlı fəaliyyətini genişləndirdiyindən narahatlıq keçirdiklərini dilə gətirirlər. Movqe.az-ın  məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, proseslərin gedişatı göstərir ki, artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb. Dövlətin xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur:

“Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşmış və bu təsəvvür artıq oturuşmuşdur. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Bu, həmin dövlətlərin heç birinin təsiri altına düşmədən Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir. Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir.

Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir”.

N. Məmmədov bildirib ki, dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin metodlarında da yeniləşmələr baş verir: “Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə olunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan çevik xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinə ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir. 

Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara adekvat və konstruktiv reaksiya verir”.

Sizin Reklam Yeriniz