Əlaqə Arxiv
news Image
2017.04.28
09:30
| A A A
"Yehovanın Şahidləri" ilə bağlı təhlükə artır?
Əkrəm Həsənov: “Onların fəaliyyəti nəzarətdə saxlanılmalıdır” Elşad Miri: “Onlar dövlətin heç bir atributunu - hərbi xidməti, bayrağı, gerbi qəbul etmirlər”

Bu günlərdə Rusiya Ali Məhkəməsi "Yehovanın şahidlərinin Rusiyadakı idarəetmə mərkəzi"nin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edib. Məhkəmənin hökmü ilə mərkəzin fəaliyyəti qadağan olunub. "Yehovanın Şahidləri"nin bununla bağlı beynəlxalq təşkilatlara göndərdiyi müraciətində qərarın tətbiqindən sonra Sankt-Peterburq yaxınlığındakı yerli baş idarəsinin bağlanacağı, təşkilatın 400-ə yaxın qeydiyyatdan keçmiş yerli dini icması ləğv olunacağı,  ümumilikdə 2300-dən çox yığıncağın fəaliyyətinin  dayandırılacağı, filial binaları və ölkənin hər yerində yerləşən ibadət evlərinin dövlət tərəfindən müsadirə ediləcəyi göstərilir. Xatırladaq ki, Azərbaycanda da "Yehovanın şahidləri" icması 2002-ci ildə rəsmi qeydiyyatdan keçib. Lakin azyaşlıların dini təbliğata cəlb edilməsi, qanunsuz toplantıların keçirilməsi nəzərə alınaraq 2009-cu ildə qeydiyyat ləğv edilib.  Buna baxmayaraq, təşkilat fəaliyyətini davam etdirir. Ekspertlərin fikrincə, hələlik ciddi təhlükə olmasa da, Azərbaycanda da sözügedən dini icmaya qarşı mübarizənin sərtləşdirilməsinə ehtiyac var. İlahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, ümumiyyətlə, dindən alət kimi istifadə edərək, radikal formalarda siyasi hakimiyyətə qarşı insanları üsyana çəkən, təbliğatında özündən, öz xüsusi qruplaşmalarından, şəbəkələşmələrindən başqalarını özündən görməyən hər bir dini təşkilatın fəaliyyətini qanunla tənzimləmək, lazım gələrsə, həmin təşkilatın fəaliyyətinə xitam vermək olar: “Bildiyimiz kimi, İslam dinindən də istifadə edən belə radikal düşüncəli təşkilatlanmalar mövcuddur. Əvvəlki illərdə mətbuatda belə təşkilatların mailiyyə yardımlarının qarşısının alınması barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat vermişdi. Xüsusi ilə özlərindən olmayanlara kafir gözü ilə baxıb ölkəmizdə fəaliyyət göstərən dini sektaların fəaliyyətini tənzimləmək zəruridir. Əvvəllər "Yehovanın Şahidləri" icması da rəsmi qeydiyyatdan keçmədən fəaliyyət göstərirdi. Belə  sektaların məqsədi, xaricdən də mailiyyə alaraq özlərinə din adı altında tərəfdar toplamaqdı. Bunlar bu məqsədlərini çox gizlədirlər. Ancaq onlarda olan radikallıq, dözümsüzlük bunu açıq şəkildə göstərir. Bu cür sektalar xüsusi evlərdə yığılır, dəvətlərini yaşayış binalarına gedərək kitablar  hədiyyə edərək aparırlar. Bəzən isə qanunsuz olaraq küçələrdə insanların qarşısını kəsir, əvvəlcə Məhəmməd peyğəmbərin adını çəkərək daha sonra öz əsas məqsədlərini ortaya qoyurlar. Onlar bəzi biliksiz insanları küçələrdə dəvət edib, İslam dinindən uzaqlaşdırmış və öz tərəflərinə çəkə biliblər”. 

Əkrəm Həsənov əlavə edi ki, bizdə bütün dini qütbləşmələr nəzarətdə saxlanılır, qanunsuz fəaliyyət göstərən, məqsədi yanlış olan dini qütbləşmələrin fəaliyyətinə icazə verilmir: “Azərbaycanda da hər hansısa dini şəbəkənin qanunsuz fəaliyyəti aşkar olunarsa, onlara qarşı inzibati və digər cəzalar tətbiq oluna bilər. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, ölkəmizdə müxtəlif dinlərin, millətlərin sektaları tarixən olduğu kimi, indi də qarşılıqlı dözümlülük şəraitində yaşayırlar. Cənab Prezident tərəfindən ölkəmizdə 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “Həmrəylik ili” elan olunub. Bu baxımdan bizdə bütün dinlər və məzhəblər bir-birlərinə qarşı dözümlü yanaşmalıdırlar. Ölkəmizin, xalqımızın adət-ənənələri də burada böyük rol oynayır. Əsas odur ki, dini bilikli insanlar heç bir kənar sektalara qoşulmur. Çünki, həmvətənlərimiz İslamı sevir, qoruyur, tədqiq edir. Bu baxımdan "Yehovanın Şahidləri" kimi az sayda üzvü olan qanunsuz fəaliyyət göstərən dini təşkilatların ölkəmiz üçün təhlükəli tərəfini görmürəm. Ancaq onların fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Gələcəkdə hər hansısa təhlükəli yanaşmalar sərgiləyəcəkləri təqdirdə fəaliyyətlərinə xitam verilə bilər”.
Digər ilahiyyatçı alim Elşad Miri isə bildirdi ki, "Yehovanın Şahidləri"nin bəzi təhlükəli prinsipiləri var: “Onlar dövlətin heç bir atributunu - hərbi xidməti, bayrağı, gerbi qəbul etmirlər. Bu gün onlar üçün erməniyə qardaş deməkdə heç bir problem deyil. Əgər onların dini əqidəsindənsənsə, onların ailəsindən sayılırsan. 
Problem odur ki, bu gün bir çox məsələlərdə istədikləri kimi hərəkət edirlər. Reklam kağızlarırını paylayırlar, internet saytlarından istifadə edirlər. Bu baxımdan hazırda onların imkanları genişdir. Tək Azərbaycanda yox, dünyanın bir çox yerində fəaliyyət göstərirlər. Ancaq onların fəaliyyətini qadağan etməklə bir yerə qədər nailiyyət əldə etmək olar. Təhlükəli fikirlərinin qarşısına alternativ fikirlər gətirilməlidir. Birmənalı şəkildə fəaliyyətlərini qadağan etmək nəticədə onların güclənməsinə gətirib çıxarır”.
Elşad Miri əlavə etdi ki, bunların hər zamn təhlükəyə çevrilmə ehtimalı var: «Necə ki, FETÖ Tükiyədə təhlükəli görünmürdü. Onların “döyənə əlsiz, söyənə dilsiz” prinsipi var idi. Amma sonradan başqa mənzərələrin şahidi olduq. Yəni "Yehovanın Şahidləri"ndə də oxşar təhlükə hər zaman ortaya çıxa bilər”. 
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz