Əlaqə Arxiv
news Image
2012.04.25
15:23
| A A A
Azərbaycan yeni silah sistemlərinin nümayişinə hazırlaşır
Ölkəmiz müdafiə sektoruna yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərini bir neçə dəfə geridə qoyur

Müharibə şəraitində olan Azərbaycanın bu gün öz ordusunu daha da gücləndirmək, onu ən müasir hərbi texnika ilə təmin etmək sahəsində böyük vəsait ayırması məlum həqiqətdir. Artıq dünya miqyasında da etiraf edilir ki, hərbi xərclərin nisbətinə görə, ölkəmiz dünya ölkələrinin reytinq cədvəlinə liderlik edir.

Bu arada isə belə bir məlumat da yayılıb ki, Silahlı Qüvvələrin gücləndirilməsi və maddi-texniki bazasının yeniləndirilməsi sahəsində mühüm addımlar atan Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. "AzeriDefence"in yaydığı məlumata görə, 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldib. Hərbi xərclərin artımında qarşıya qoyulmuş hədəflərə nail olan rəsmi Bakı Silahlı Qüvvələrin inkişafına həm dövlət büdcəsinin müdafiə xərcləri funksional bölməsi üzrə, həm də eyni həcmdə dövlət büdcəsinin investisiya xərcləri bölməsindən vəsait yönəldir.

Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Məlumatda qeyd olunub ki, yaxın aylarda Azərbaycan Ordusunun malik olduğu yeni texnika və silah sistemlərinin ictimaiyyətə taktik nümayişi planlaşdırılır: "Bu gün Azərbaycan Ordusunun inventarında ən müasir silah və texnikalar var. Hansı ki, postsovet məkanında həmin silah və texnikalar yalnız Azərbaycandadır".

Bununla yanaşı, dövlət başçısının ötən ilin sonlarında imzaladığı sərəncama uyğun olaraq, may ayında, 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərə baxılan zaman, büdcədən hərbçilərin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə olaraq vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflərə hökumətdə baxılır.

Onu da xatırladaq ki, bu günlərdə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına əsasən, ötən il dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub - 89 faiz. İnstitut hesabatında qeyd edir ki, Azərbaycanın hərbi büdcəsindəki bu böyük artım Qarabağ müharibəsinin yenidən başlanması qorxusunu artırır. Adıçəkilən institut qeyd edir ki, Azərbaycanda son iki ildə orduya ayrılan xərclər 3 milyard dollardan çoxdur. Həmin sənədə görə, ümumiyyətlə, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran Azərbaycan olub: təxminən 60 faiz.

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIRPI) ekspertləri hesabatlarında son illərdə müxtəlif dövlətlərin hərbi ehtiyaclara xərclədiyi vəsaitlərin ümumi həcminə yekun vurub.

SIRPI-ya əsasən, 2011-ci ildə dünyada silahlı qüvvələrə sərf olunmuş maliyyə vəsaitləri əsasən əvvəlki illərin səviyyəsində qalıb. İnstitut büdcə ixtisarları ilə əlaqədar 2011-ci ildə dünyada hərbi xərclərin artımının, demək olar ki, dəyişməyərək 0,3 faiz səviyyəsində qaldığını və 11 illik fasiləsiz artım tendensiyasını əvəz etdiyini vurğulayıb. Lakin eyni zamanda, bir sıra ölkələr hərbi xərclərini xeyli artırıb: "2008-2011-ci illərdəki inflyasiyanı nəzərə almaqla, Azərbaycanın hərbi xərcləri təxminən 60% artıb. Bununla yanaşı, institutun məlumatına görə, yalnız 2011-ci ildə Azərbaycanın hərbi xərcləri 89% artıb. Ermənistan bu siyahıda 2008-2011-ci illərdə 8% artımla 10-cu yerdə qərarlaşıb. Regionda silahlanmaya xərclərin bu şəkildə artması Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında hərbi əməliyyatların bərpası ehtimallarının hələ də qalması fonunda baş verir".

Silahlanmaya çəkilən xərclərin artım templərinə görə liderlər siyahısında Azərbaycandan sonra Kipr, Polşa, Norveç, Rusiya, Malta və Türkiyə qərarlaşıb. Ölkəmizin isə bundan sonra da külli-miqdarda hərbi texnika alacağı gözlənilir. Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı bildirib: "Azərbaycanın hərbi potensialı güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır". Dövlət başçısının sözlərinə görə, rəsmi Bakı, hər bir yerdə olduğu kimi, bu sahədə də şaxələndirilmiş siyasət aparır. Bir istehsalçıdan asılı deyil. Bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artır: "Biz, bəzi başqa ölkələrdən fərqli olaraq, heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir".

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz