Əlaqə Arxiv
news Image
2013.02.13
17:18
| A A A
Kəndlərimizdə “Yaşıl” İcma Hərəkatı yaradılır

13 fevral tarixində Mərkəzi Aranda "Yaşıl İcma Hərəkatı"na start verildi. Layihəyə ABŞ-ın Sülh Korpusu və Aqro İnformasiya Mərkəzi (AİM) tərəfindən dəstəklənir. Hərəkatın yaradılmasında başlıca məqsəd ətraf mühitin qorunmasında bilik və bacarıqların artırılması və əhalinin bu sahədə müsbət dəyişikliklərin əldə olunmasına həvəsləndirilməsidir. İcma səviyyəsində zərərli karbon emissiyasının azaldılması, kimyəvi çirkləndirmənin qarşısının alınması, əkinçilikdə karbonun həbsinə yönəlik texnilogiyaların tətbiqi və bütün bunların davamlı həllinə nail olmaq qarşıya qoyulmuş əsas hədəflərdir.

Layihə ilk olaraq Zərdab rayonunun Körpükənd kəndindən başlamışdır. Kəndin orta məktəbində reallaşan tədbiri giriş sözü ilə açan AİM İdarə Heyətinin sədri Fazil Cəfərov bildirmişdir ki, təmiz və sağlam mühitdə yaşamağımız ilk növbədə hər birimizin ətraf aləmə münasibətdə sağlam düşüncəsindən asılıdır. F.Cəfərov əlavə etmişdir ki, Yaşıl İcma Hərəkatı məhz bu cür sağlam düşüncəyə sahib insanların hərəkatıdır. Layihənin müəlliflərindən olan Sülh Korpusunun könüllüsü Karissa Makkey Hərəkat qarşısında duran vəzifələrdən, mövcud problemlərin həlli yollarından danışmışdır. O bildirmişdir ki, bir çox ölkələrdə torpaqların şoranlaşması və səhralaşma ciddi problemlərə səbəb olmuşdur. Odur ki, vəziyyət hələ kritik həddə çatmamış icma səviyyəsində səfərbər olmaq, ətraf mühitin qorunması sahəsində vərdişlərə yiyələnmək başlıca şərt sayılmalıdır. Bu xüsusda yaşıllıqların salınması, tullantıların idarə olunması, ekoloji nəqliyyat vasitələrindən istifadə, təbii resurslardan səmərəli istifadə, bitki qalıqlarının yanıdırlmasının qarşısının alınması kimi tədbirlərin görülməsi olduqca vacibdir.

Digər çıxışçılardan Körpükənd bələdiyyəsinin sədri Möhübbət Osmanov, ümumtəhsil məktəbininin direktoru Rüxsarə Eminova, məktəb müəllimlərindən Böyükkişi Qasımov, Bəyoğlan Məhərrəmov və başqaları bu cür tədbirlərin sakinlərin, xüsusilə şagirdlərin dünyagörüşündə müsbət dəyişikliklərin yaratdığını bildirdilər və belə tədbirlərin davamlı olmasını arzuladılar.

Daha sonra tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan, "Ətraf mühiti qoruyaq" mövzusunda rəsm əsərləri ilə tanış olmuşlar. Rəsmlər qiymətləndirilərək ilk 3 yeri tutan şagirdlər mükafatlandırılmışdır. Tullantıların idarə edilməsi ilə bağlı təqdimatdan sonra məktəbə tullantıların üç hissədə çeşidlənməsi üçün xüsusi hazırlanmış qablar təqdim edilmişdir. Bu qablardan istifadə etməklə məktəbdə məişət, heyvan və bitki mənşəli tullantılar toplanaraq ondan təsərrüfat məqsədli kompost hazırlanacaq. Tədbirin davamı olaraq məktəbin 0,5 hektar həyətyanı ərazisində cəmi 332 ədəd olmaqla sərv, göyrüş, liqustrum və s. ağaclar əkilmiş, dirəklərə bərkidilmişdir. İştirakçılar informasiya materialları ilə təmin edilmiş, onlara AİM-in nəşr etdirdiyi "Sərvət" jurnalı paylanmışdır.

"Yaşıl" İcma Hərəkatı Zərdabla yanaşı Ağcabədi və Beyləqan rayonunun kəndlərində də davam etdiriləcək.

Sizin Reklam Yeriniz