Əlaqə Arxiv
news Image
2017.06.02
08:00
| A A A
Dövlət xəstəxanalarının tam özəlləşdirilməsi məqbul sayılmadı
Samir Əliyev: “Tibbi sığortadan sonra xəstəxanın dövlət və ya özəl təyinatlı olması fərq etmir” Adil Qeybulla: “Dövlət xəstəxanası ona görə lazımdır ki, icbari tibbi sığorta ilə vətəndaşlar ondan istifadə edə bilsinlər”

Parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib. Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev bir sıra müəssisələrin özəlləşdirilməsinin vacibliyini vurğulayıb. Onlardan biri də dövlət xəstəxanalarıdır. Millət vəklinin fikrincə, dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə vəsaitinin xərclənməsinə ehtiyac yoxdur. Mütəxəssislər isə məsələyə birmənalı yanaşmırlar.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, məsələyə kompleks yanaşmaq lazımdır: “Azərbaycanda hələ tibbi sığorta sistemi qurulmayb. Halbuki, bizimlə eyni iqtisadiyyata malik ölkələrdə bunu tətbiq ediblər. 
Tibbi sığortadan sonra xəstəxanın dövlət və ya özəl təyinatlı olması fərq etmir. Sığorta ödənildikdən sonra insanlar istədikləri yerdə müalicə olunur. Dövlət xətəxanaları ilə özəl xəstəxanaların arasındakı keyfiyyət fərqinə diqqət edək. Düzdür, özəl klinikalarda sanitariyadan tutmuş bir sıra üstünlükləri vurğulamaq olar. Eyni zamanda xərci də dövlət xəstəxanalara nisbətən yüksəkdir. 
Son illər dövlət xəstəxanaları müəyyən qədər təmir olunub. Ancaq ümumən dövlət xəstəxanaları özəl klinikalardan geri qalır. Həkim bazası baxımından isə fərq yoxdur. Odur ki, ilk növbədə peşəkar həkim problemi, tibbi sığorta həllini tapmalıdır. Tibbi sığortadan sonra xəstəxananın özəl və ya dövlət təyinatlı olması əhəmiyyətini itirir”. 
Ekspert əlavə etdi ki, özəl klinikaların indiki qiymətləri çox bahadır: “Ancaq bu, o demək deyil ki, insanlar dövlətdə pulsuz müalicə alır. Dövlət xəstəxanalarında da insanların pulu çıxır. Odur ki, özəlləşmənin əleyhinə deyiləm. Amma özəlləşəndən sonra xidmətin keyfiyyətində fərq yaranmayacaqsa, bunu etməyə dəyməz. İnkişaf etmiş ölkələrin praktikasına baxdıqda, orada dövlət xəstəxanasının olduğunu görürük. Yəni, dövlət xəstəxanalarının hamısını özəlləşdirmək düzgün olmazdı”. 
Tibb elmləri doktoru, professor Adil Qeybulla sual etdi ki, dövlət xəstəxanaları özəlləşdirələcəksə, icbari tibbi sığorta tətbiq olunanda necə olacaq?. Onun sözlərinə görə, əksər Avropa ölkələrində xəstəxanaların çoxu dövlət təyinatlıdır: “Çünki onlarda icbari tibbi sığorta var. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Böyük Britaniyada xəstəxanaların 95 faizi dövlət təyinatlıdır. Biz bu ölkələri nümunə götürməliyik. Sabah icbari tibbi sığorta tətbiq edildikdə vətəndaşların sosial müdafiəçisi kimi hansı xəstəxana çıxış edəcək? Ona görə də bu təklifi səsləndirərkən beynəlxalq normalar da nəzərə alınmalıdır. 
Bu gün bizim üçün ən əlverişlisi beynəlxalq təcrübədən istifadədir”.
Adil Qeybulla əlavə etdi ki, özəl klinika tibbin qanunları ilə fəaliyyət göstərən kommersiya müəssisələridir: “Amma dövlət xəstəxanalarının özəlləşdirilməsi onların dövlət statusunun itirilməsi deməkdir. Yəni, dövlət bununla da səhiyyə müəssisələrini maliyyələşdirməyəcək. Belə olan təqdirdə özəl tibbi xidmətlərin qiyməti azad bazar şəraitində rəqabət nəticəsində formalaşır. O zaman dövlət qiymətlərə müdaxilə edə bilməz. Odur ki, icbari tibbi sığorta və onun qiyməti, vətəndaşların sosial müdafiəsinin özəl sektorda necə təmin olunacağı sual altında qalır. 
Dövlət xəstəxanası ona görə lazımdır ki, icbari tibbi sığorta ilə vətəndaşlar ondan istifadə edə bilsinlər. Dünyanın hər yerində bu cürdür. Özəl sektorun xüsusi çəksi dövlət təyinatlı xəstəxanalardan az olmalıdır. Daha yüksək səviyyəli tibbi xidmətdən istifadə etmək istəyən şəxs özəl sektora müraciət edə bilər. Səhiyyənin strukturu bu cür olmalıdır. Ancaq bütün xəstəxanaların özəlləşməsindən yaxşı nəticələr əldə edə bilməyəcəyik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz