Əlaqə Arxiv
news Image
2017.06.06
09:15
| A A A
Telekanalların bayağı verlişlər problemi dərinləşir
Əhməd Qəşəmoğlu: “Bayağı verilişlərin sayının artması bir sıra amillərdən qaynaqlanır” Azər Həsrət: “Telekanallarda hansı verilişlərə üstünlük verilməsi tələblə təklifdən qaynaqlanır”

Azərbaycanda fəaliyyət göstərən özəl telekanallarda bayağı verilişlərin sayı həddən artıq çoxdur. Qeyd edək ki, dəfələrlə rəsmi, ekspert və mütəxəssislər səviyyəsində bayağı verilişlərin cəmiyyətimizə vurduğu ziyanlar barədə fikir mübadiləsi aparılıb və ondan çıxış yolları göstərilib. Lakin bütün iradlara baxmayaraq, telekanallarda bayağı verilişlərin sayı durmadan artır.  

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bayağı verilişlərin sayının artması bir sıra amillərdən qaynaqlanır: “Televiziya kanallarının bayağı verilişlərə üstünlük verməsinin iki səbəbi vardır. Televiziyaların fəaliyyətini tənzimləyən yuxarı təşkilatlar bayağı verilişlərin azaldılması ilə bağlı tələbi həmin telekanallar qarşısında sərt şəkildə qoymurlar. 
İkinci bir tərəfdən, bayağı verilişlərin sayının artması bəzi televiziya kollektivlərinin yaradıcılıq imkanlarının aşağı olmasından qaynaqlanır. Kanal rəhbərləri onlar üçün reytinq toplamağın vacib olduğunu bildirir. Ona görə də bayağı verilişlər hazırlamağa üstünlük verirlər. Amma onlar bilmir və yaxud bilmək istəmir ki, yaxşı yaradıcı kollektivlə də maraqlı reytinqli verilişlər hazırlamaq olar. Hələ də düşünürlər ki, ancaq bayağı verilişlərlə reytinq toplamaq mümkündür. 
Həmçinin, ölkədə bir qrup insanda həqiqətən də belə bayağı verilişlərə tələbat yaranıb. Bayağı verilişlərin sayının artması olduqca təhlükəli haldır. Hətta deyərdim ki, bu sayaq verilişlər narkotikdən də təhlükəlidir. Narkotik ancaq kiçik bir dairədə insanlara ziyan vurursa, televiziyalar bayağı verilişlər hazırlamaqla mənəvi narkotik rolunu daşıyır və insanları mənəvi dəyərlərdən aşındırırlar. Gənclərimizin mənəviyyatına zərbə vurduqca hər sahədə onun eybəcərlikləri özünü göstrərəcək. Universitet auditoriyasında tələbələr televiziyalardakı bayağı verilişlərdəki axmaq gülüş və hərəkətləri təkrarlayırlar. Belədə televiziyaların bayağı verilişlərində verilən süjetlər avtomatik olaraq həmin gənclərə keçir. Nəticədə böyük mənəvi zərbə alırıq. Ona görə də belə hallara qarşı əks reaksiyalar olmalıdır”. 
Siyasi şərhçi Azər Həsrətin fikrincə, televiziya kanallarının bayağı verilişlərə üstünlük verməsinə bazar iqtisadiyyatı təsir göstərir: “Yəni, telekanallarda hansı verilişlərə üstünlük verilməsi də tələblə təklifdən qaynaqlanır. Tələb var, təklif də olunur. Ona görə də bayağı verilişlər efirdən düşmür. 
Fikir vermisinizsə, yüksək intellektual verilişlərin tamaşaçıları həddən artıq azdır. Amma bayağı, yaxud bozbaş şouların tamaşaçıları həddən artıq çoxdur. Bəzən  80-90 faiz tamaşaçı məhz belə verilişlərə baxmağa üstünlük verir. Ona görə də kommersiya xarakterli televiziya və radio kanalları bayağı və şou xarakterli verilişləri verməyə meyllidirlər. Çünki auditoriya geniş olduqca onların da gəlir əldə etmək imkanları daha da artır. 
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində belə problemlər mövcuddur. Problemdən çıxış yolu axtaran mütəxəssislər sadəcə olaraq, nə edəcəklərini qəti şəkildə bilmirlər. Ona görə ki, bir tərəfdən insanlar televiziyaların aşağı səviyyəli verilişlər hazırladığını bildirsələr də, digər tərəfdən, tənqidi fakir söyləmələrinə baxmayaraq, onların özləri də həmin verilişlərə baxır. Dəfələrlə belə halların şahidi olmuşam. 
Siyasi şərhçi olaraq televiziya verilişi aparmışam, televiziyalarda tez-tez ekspert rəylərilə çıxış edirəm. Yəni, efirdə tez-tez görünürəm. Amma şəxsən məni bir çox rəsmi şəxslər tanımır. Lakin mənimlə bərabər, hər hansı bir tədbirdə olan və televiziyalarda aşağı səviyyəli verilişləri aparan adamları görən bəzi icra başçılarının dərhal onu tanıdığının dəfələrlə şahidi olmuşam. Yəni, bəzi rəsmi icraedici şəxslər belə həmin bayağı verilişləri aparanlara xüsusi ehtiram göstərirlər”.  
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz