Əlaqə Arxiv
news Image
2017.06.06
15:19
| A A A
Hər qarışından tarix boylanan diyar-REPORTAJ

Naxçıvana səfərimizə rəsmi tədbirlərlə başlasaq da, günün ikinci yarısı qonaqları tarixi, mədəni abidələrlə tanışlıq, “Əshabi-Kəhf Ziyarətgahı”na səfər gözləyirdi. Amma Naxçıvan şəhəri media rəhbərlərində elə yüksək təəssürat oyatmışdı ki, şəhərin içində gəzib-dolaşmaq belə qonaqlara zövq verirdi. Səliqəli, təmiz küçələr, abad yollar, güllərə, yaşıllığa qərq olan parkları görən KİV rəhbərləri şəhərin müasirliklə qədimliyini birləşdirən arxitekturasına heyran qalmışdılar. Qonaqların bəziləri uzun fasilədən sonra Muxtar Respublikaya gəldiklərindən, Naxçıvandakı bu inkişafı görüb təəcüblərini gizlədə bilmirdilər. Onlar yol boyu “Naxçıvanın bu qədər dəyişdiyini gözlə görməsəydim inanmazdım”, “Naxçıvanın inkişafı, deyildiyi qədər varmış” kimi ifadələrlə Muxtar Respublika haqqında yüksək fikirlər səsləndirirdilər. Tarixi, mədəni abidələrlə tanışlıqdan sonra isə qonaqların bayaqkı təəssüratları daha da zənginləşirdi. 

Açıq hava muzeyində daş dövrünə səyahət...

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunan səfərə qatılan nümayəndə heyətinin ilk tanış olduğu tarixi abidələr şöhrəti dünyaya səs salan Açıq Səma Altında Muzey və “Möminə Xatun” türbəsi oldu. Qeyd edim ki, türbənin qarşısındakı Açıq Səma Altında Muzey antik daş fiqurları ilə gələnlərin diqqətini çəkir. Burada müxtəlif cür daş fiqurlara rast gəlmək mümkündür. 


Qonaqlara üzərində oyuqlar olan daş fiqurların müxtəlif məqsədlərlə istifadə edildiyi, fiqurların hər birində tarixin izi olduğu barədə geniş şərh verilir. Bakıdan Naxçıvana səfər edən nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hikmət Məmmədov da daş fiqurlarla bağlı fikirlərini bölüşür. Qızmar günəş üstü açıq muzeyi seyr edənləri təntitsə də, burada  tarixi özündə yaşadan daş fiqurlar barədə məlumat əldə etmək marağı qonaqları həvəsdən salmırdı. Sən demə, muzeydə olan daş fiqurlardan bəziləri, qoç heykəllər keçmiş dövrlərdə dünyasını dəyişən insanların məzar daşı olub. Burada qonaqlara məlumat verilir ki, muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunubdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 

Naxçıvanın ən əzəmətli abidəsi-Möminə Xatun türbəsində...

2,58 hektar sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir. Burada qonaqlara əzəmətli memarlıq abidəsi barədə geniş məlumat verilərək “Mömünə Xatun” türbəsinin Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti ilə səsləşdiyi bildirildi. Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən olan türbə, 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə inşa olunub.

Türbə Naxçıvan şəhərinin qərb hissəsində tikilib.  Ümumi hündürlüyü 34 m olan, sonralar 8 m hündürlükdə olan xarici örtüyü dağılıbdır.  Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildədir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılıbdır. Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Bu da sənətkarın təkedilməz olduğunu göstərir. Bir sözlə “Mömünə Xatun” türbəsi  təkrarsız memarlıq nümunəsi kimi Naxçıvana gələn qonaqların diqqətini cəlb edir. Elə türbənin bələdçiləri də, Naxçıvana gələn qonaqların mütləq abidəni ziyarət etdiklərini, bu qədim diyara gələnlərin mütləq əksəriyyətinin Naxçıvan tarix-memarlıq incisi sayılan bu əsəri görməmiş geri qayıtmadıqlarını söylədilər.

Xanlıq dövrünün bu günə qədər qorunan tarixi memarlıq abidəsi...

Naxçıvanda həm də xanlıq dövrünün abidələri də günümüzə qədər qorunub saxlanıbdır. Bunlardan biri də, XVIII əsrin yadigarı olan Xan Sarayıdır. Qeyd edim ki, Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri ilə xanlıqlar arasında seçilib. Tarixçilər Naxçıvan xanları arasında Kəlbəli xanın xidmətlərini xüsusi qeyd edirlər. Burada bizə məlumat verilir ki, elə Xan sarayını da Kəlbəli xan inşa etdirib. 1820-ci ildən sonra Kəlbəli xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray Şərq memarlıq üslubundadır.

Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olubdur. Abidə 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilib. Kərpicdən tikilən bina ikimərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlərə pilləkənlərlə qalxılır. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunubdur.

Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan Sarayı 2015-ci ildən yeni yaradılaraq "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Burada Naxçıvan xanları ailəsinə mənsub sənəd və fotoşəkillər, xanlıqlar dövrü tarixini əks etdirən orijinal mənbələr, həmçinin həmin dövrə aid misgərlik nümunələri və digər dəyərli muzey materialları mühafizə olunaraq nümayiş etdirilir. Onu da öyrəndik ki, muzeydə 900-dən artıq eksponat var. Xan sarayının cənub zalı daha dəbdəbəlidir. Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, bu günümüzə qədər qorunub saxlanılıb. 

 
Naxçıvanın simasına çevrilən abidə...

Tarixi abidələri gördükcə qonaqlar Naxçıvanın nə qədər qədim diyar olduğuna heyrətini gizlədə bilmirdilər. Üç günlük Naxçıvan səfərində proqrama daxil olan yerləri gəzib-görmək isə həm də elə özümüzdən asılı idi. Nə qədər cəld hərəkət etsək, o qədər də çox yer görəcəkdik. Odur ki, vaxt itirməyib buradan  yol alırıq Naxçıvanı yadellilərin hücumlarından qoruyan Naxçıvanqalaya. Onu da qeyd edim ki, Naxçıvanqala artıq bu gün bu qədim diyarın simasına çevrilən abidə funksiyasını daşıyır. Naxçıvan torpaqlarında tarixən düşməndən qorunmaq üçün istehkam və qalalar tikilib. Bunlardan biri də Naxçıvanqaladır. “Naxçıvanqala” Tarix-Muzey  Kompleksində qonaqlara məlumat verilib ki, Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir. Hələ 60 il əvvəl aparılmış tədqiqatlar zamanı burada zəngin arxeoloji materiallar, xüsusi ilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar edilib. Məlum olub ki, bu çismlərdən eramızdan əvvə hələ 3-2-ci minilliklərdə istifadə olunub. Qala 19-cu əsrə kimi fəaliyyətdə olub. Tədqiqatlar nəticəsində aydınlaşıb ki, bu qədim tikili iki hissədən – Narınqala və Böyükqaladan ibarət olub. Narınqalada 300 nəfərin qoruna biləcəyi sığınacaq-mağara var. Burada onu da öyrənirik ki, Qalanın altından kəhrizlər keçir. Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər də aşkarlanıb.

Nuh yurdunda, Nuhun məqbərəsində...

Naxçıvanqalaya yaxın yerləşən daha bir tarixi abidə isə Nuhun məqbərəsidir. Nuhun məqbərəsi Naxçıvanın qədim insan məskənlərindən biri olduğunu təsdiqləyən abidə hesab olunur. Nuh peyğəmbərin dəfn edildiyi bu türbə Naxçıvan ərazisindəki Köhnəqalada arxeoloji qazıntılar zamanı aşkar edilib. Aparılan arxeoloji qazıntılar zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib. Bu qədim türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Türbə 8-guşəlidir. Onun özülü tapılarkən 8-guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib. Buna görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılmasına ciddi diqqət yetirilib. İnanca görə, 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxıb və insanlar burada məskən salıblar. Bu gün Nuh Peyğəmbərin məzarüstü abidəsi bura gələn turistlərin də marağına səbəb olur. 
Tarixi və mədəni abidələr diyarına olan səfərimizdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsullarla, eləcə də istehsal müəssisələri ilə də tanışlıq imkanı qazandıq. KİV rəhbərlərinin Naxçıvan Biznes Mərkəzi, Avtomobil Zavodu, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzinə səfərləri barədə isə növbəti sayımızda...

Ardı var...

Zülfiyyə QULUYEVA

Bakı-Naxçıvan-Bakı-Movqe.az 

Sizin Reklam Yeriniz