Əlaqə Arxiv
news Image
2017.06.07
13:13
| A A A
Nazirlik: Əlillik təyin olunanların sayı 44 faiz azalıb

Azərbaycanda əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın təmin edilməsinə yönələn köklü dəyişikliklər müsbət nəticələr verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən  Movqe.az-a verilən məlumata görə, son illərdə ƏƏSMN-nin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. 2016-cı ilin 15 noyabrından əlilliyin təyinatının elektron infrastruktur üzərindən yalnız səhiyyə müəssisəsinin göndərişi əsasında ekspert-vətəndaş təması olmadan şəffaf aparılmasına keçid bir tərəfdən əlilliyi müəyyən olunan şəxslərin tibbi-sosial ekspert komissiyalarına gəlmədən əlilliklərinin qiymətləndirilməsi təmin olunub, digər tərəfdən isə əlillik təyin olunan şəxslərin sayının azalmasına səbəb olub.

Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyin olunanların sayı 44 faiz azalıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunması dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparılır:

“Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə bu sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk rübündə isə 5,3 faiz artıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfə, Azərbaycan Respublikası Prezidentinin müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin edilən aylıq təqaüdünün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb”.

Şöbə müdiri vurğulayıb ki, ölkəmizdə əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönələn mühüm proqramlar da icra olunur. Belə proqramlardan biri kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Prezident cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası olaraq bu təbəqələrdən olan 600 ailəyə artıq təmirli yeni mənzil və ya fərdi ev verilib: “Ümumilikdə, indiyədək nazirliyin xətti ilə 5550 nəfərədək əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 4150 nəfərini əlilliyi olan insanlar, qalan hissəsini isə şəhid ailələri təşkil edib. Bununla bərabər, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib”.

E.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımlar atılıb. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılaraq əlillərin istifadəsinə verilib. Ümumilikdə nazirliyin 15 bərpa-müalicə müəssisəsi tərəfindən 2016-cı ildə 23,3 min nəfər, cari ilin yanvar-aprel aylarında isə 6,3 min nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri hər il 2 mindən çox sağlamlıq imkanları məhdud uşağı əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi əlillliyi olan şəxslərin əmək bazarına inteqrasiya və məşğulluq imkanlarının artmasında mühüm rol oynayır. Ötən dövrdə 1100 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib və kursları başa vuranlara peşə sertifikatları verilib. “Əlilliyi olan şəxslərə qayğının artırılması işlərində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların dövlət təminatında yaşadığı 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi yaradılıb”-deyən şöbə müdirinin sözlərinə görə, nazirliyin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı müvafiq Proqramına əsasən ötən il 1015 nəfər əliliyi olan şəxsin ölkəmizin Lənkəran, Xaçmaz və Şəki rayonlarında istirahəti təşkil edilib. Bu il isə 1100 nəfərdən çox əlilliyi şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub ki, onlardan artıq 400 nəfərə yaxını xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

E.Babayev bəyan edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edilməsi, sosial təminatlarının artırılması yönündə həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

 

Sizin Reklam Yeriniz