Əlaqə Arxiv
news Image
2017.06.09
09:30
| A A A
İşlənmiş telefon alıcılarının pozulan hüququ
Natiq Cəfərli: “Problemlərin həllilə bağlı ortaq alqı-satqı müqaviləsi olmalıdır”

Telefon mağazalarının böyük əksəriyyətində işlənmiş telefonlar satılır. Amma müştərilərin şikayəti ondan ibarətdir ki, bu telefonların alınmasından az sonra əksəriyyətində nasazılqlar yaranır və mağazalar onları geri almaqdan imtina edirlər. Bu məsələ necə həllini tapmalıdır. Müştərilərin hüquqları necə qorunmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, telefon alarkən alıcı ilə satıcı arasında müqavilənin bağlanmasına nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulan müddəalara nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. İkinci bir tərəfdən, ekspertə görə, vətəndaşlar arasında bu istiqamətdə hüquqi  maarifləndirmə işləri də aparılmalıdır: “İstər işlənmiş, istərsə də yeni telefonlar olsun, satışı həyata keçirənlər zəmanətlə bağlı öncədən öhdəliklər götürməlidirlər. Bu zəmanət müddəti də müştəri ilə satışı həyata keçirən mağaza tərəfindən qarşılıqlı razılaşma əsasında olmalıdır. Amma təəssüf ki, əksər Azərbaycan vətəndaşları belə müqavilələrə ümumiyyətlə, fikir vermirlər. Ticarət obyektləri də bundan istifadə edərək qanunla nəzərdə tutulan özlərinə aid öhdəlikləri yerinə yetirməkdən ümumiyyətlə, imtina edirlər. 
Əslində, 14 gün ərzində alınan malda hər hansı bir problem ortaya çıxırsa, müştəri alış mərkəzinə təqdim etməklə onu geri qaytara bilər. Bu, onun hüququdur, hətta sonradan texniki göstəriciləri bəyənməyərək də 2 həftə ərzində malı geri qaytara bilər. Amma daha uzunmüddətli problemlərin həllilə bağlı ortaq alqı-satqı müqaviləsi olmalıdır. Təəssüf ki, əksər hallarda bu baş vermir. Ancaq yeni telefonlar alarkən zəmanət kartı və yaxud zəmanət müddəti verilir. İşlənmiş telefonlarla bağlı isə belə bir prosedur həyata keçirilmir. Əslində, belə bir müqavilə olmalıdır və orada telefonun kimdən, necə, hansı şəraitdə  alındığı barədə tarixcəsi və alışla satış arasında fərqin nədən ibarət olduğu da qeyd edilməlidir. Bu, həm də vergilərin ödənilməsində şəffaflığın təmin olunmasında önəmli bir məsələdir. Amma bu hüquqi prosedurlara əməl edilmir.
 Prosedura əməl edilməsi üçün qanunda nəzərdə tutulan müddəaların yerinə yetirilməsinə nəzarət mexanizmi olmalıdır. İkincisi, təşviq proqramları, sosial çarxlar, reklamlar olmalı, elektron KİV-lərdə məsələ ətrafında müzakirələr aparılmalıdır. Yəni elə etmək lazımdır ki, mal alarkən müqavilə bağlanmasını vətəndaşın özü tələb etsin. Nə vaxt vətəndaşın bu sahədə marağı və biliyi olacaqsa, onu da aldatmaq çətin olacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz