Əlaqə Arxiv
news Image
2017.06.13
09:27
| A A A
Alıcı maarifli, satıcı məsuliyyətli olmalıdır
Eyyub Hüseynov: “Hələlik qidanın təhlükəsizliyinə dair qanun yoxdur” Sevgim Rəhmanov: “Çünki onlardan eləsi var ki, heç adi sanitar-gigiyenik qaydaları bilmir”

Havaların istiləşməsi ərzaq məhsullarına olan diqqəti artırıb. Ancaq buna rəğmən hələ də gigiyenik-sanitar normalara riayət etməyən satıcıları görmək mümkündür. Bu cür mənzərəyə mərkəzdən kənar ərazilərdə daha çox rast gəlinir. Mütəxəssislərin fikrincə, problemə birtərəfli yanaşmaq düzgün olmazdı. Hətta alıcıların da maarifli olmaq kimi məsliyyətləri var.

Eyyub Hüseynov bildirdi ki, problemin kökünü ilk növbədə qanunlarda axtarmalıyıq: “Hələlik qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmadığına görə, nöqsanların yaranma ehtimalı var. Düzdür, cari ilin fevral ayında ölkə Prezidenti “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması barədə fərman imzalayıb. Yeni qurumun gələn ildən işə başlayacağı nəzərdə tutulub. Problemin digər səbəbi isə biznes qurumlarının fəaliyyətinə qeyri-rəsmi toxulmaz münasibətin göstərilməsidir. Bu, bir tərəfdən müsbət hal olsa da, digər tərəfdən nöqsanlara yol açır. Bundan başqa dövlət orqanlarının anındaca yoxlama səlahiyyəti yoxdur. Belə bir vəziyyətdə isə satıcılar istədikləri kimi davrana bilirlər, təhlükəli malların bazara ayaqaçma ehtimalı artır”. Eyyub Hüseynov əlavə etdi ki, problemdən çıxış üçün söylədiyimiz istiqamətdə qanunlar qəbul edilməlidir: “Dövlət orqanları fəallaşmalı, müstəqil ekspertiziyalar yaradılmalıdır. Nəzarət edən və ekspertiza orqanları bir-birindən ayrılmalıdırlar. Müstəqil ekspertizinın qərarı hüquqi sənəd kimi qəbul edilməlidir”.
Eyyub Hüseynovun sözlərinə görə, burada alıcının heç bir məsuliyyəti yoxdur: “Alıcı sadəcə dünyagörüşlü olmalıdır. Lakin burada satıcının üzərinə ciddi məsuliyyət düşür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda göstərilir ki, satıcı bütün satış prosesinə cavabdehdir. Yəni nöqsanlara görə, onu müəyyən inzibati məsuliyyətlər gözləyir”. 
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov bildirdi ki, bu məsələdə ilk növbədə ticarətlə məşğul olanları kateqoriyaya bölmək lazımdır: “Çünki onlardan eləsi var ki, heç adi sanitar-gigiyenik qaydaları bilmir. İkinci kateqoriya insanlar sanitar-gigiyenik qaydaları bilsələr də, zay məhsulun geri qaytarmaqdansa  satmağa üstünlük verirlər. Üçüncülər isə ancaq gigiyenik qaydalara cavab verməyən ucuz məhsulu alıb-satmaqla məşğuldurlar. Bütün bunlara qarşı mübarizə ciddi aparılarsa, nöqsanları müəyyən qədər aradan qaldırmaq mümkün olar. Eyni zamanda bəziləri də Prezidentin imzaladığı fərmandan istifadə edirlər ki, yoxlama yoxdur. Halbuki, həmin fərman gigiyenik qaydalara riayət edililib-edilməməsinə görə yoxlamaları qadağan etmir. Onu da nəzərə alaq ki, bütün ticarət işçiləri eyni savada, baxışa malik olan insanlar deyillər. Bütün bunlardan başqa alıcılar da məsuliyyətli olmalıdırlar. Ümumiyyətlə, problemə kompleks şəklində yanaşmaq lazımdır. Yəni, ilk növbədə qanunlar olmalıdır. Onlara nəzarət və icrası dəqiq həyata keçirilməlidir. Eyni zamanda alıcıların da maarifli olmaq məsuliyyətləri var”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz