Əlaqə Arxiv
news Image
2017.06.17
09:30
| A A A
Ötənilki dondurmalar bu il satışa çıxarılır
Eyyub Hüseynov: “Əgər dondurmanın qabı bükülübsə, əzilibsə, onun yenidən dondurulmasından şübhələnmək olar” Ramiz Talıbov: “Bu cür dondurmalar yay vaxtı zəhərlənməyə səbəb ola bilər”

“Dondurma bazarında acınacaqlı vəziyyət hökm sürür. Ötən il satılmayan, istifadə müddəti ötmüş  dondurmalar bu il təkrar satışa çıxarılır”. Bu şok açıqlamanı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib: “Halbuki, dondurmanı təkrar dondurmaq olmaz. Hazırda bazarda bəzi dondurmalar üzrə məhsulun tərkibinə qatılan ərzaqlardan tutmuş qablaşdırılmasınadək standartlara, hətta gigiyenik şərtlərə riayət edilmir”. 

Bununla bağlı “Mövqe”yə şərh verən Eyyub Hüseynovun sözlərinə görə, boşluqları ilk növbədə qanunlarda axtarmaq lazımdır: “Hələ qidanın təhlükəsizliyinə dair qanun yoxdur. Bu sahədə problemin olduğunu nəzərə alan dövlət başçısı cari ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman verdi. Agentlik gələn ildən fəaliyyətə başlayacaq. Ancaq təkcə qida təhlükəsizliyində yox, ümumiyyətlə, istehlakçı hüquqlarının müdafiəsinə dair qanunlar zəifdir. Müstəqil ekspertiza yoxdur. 
Müstəqil ekspertiza olmalı və onların sənədləri məhkəmələrdə hüquqi sənəd kimi tanınmalıdır. Sağlamlığın keşiyində duranla sertifikat verən orqan bir əldə cəmləşməməlidir. Bundan başqa, istehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanları sinxron hərəkət etməlidirlər. Bütün bunlara görə, dondurma istehsalında da neqativ nəticələr meydana çıxır”.
Eyyub Hüseynov əlavə etdi ki, azad bazar iqtisadiyyatından istifadə edənlər var: “Sanki biznes qurumlarına toxunulmazlıq statusu verilib. Ona görə də bazarda bu cür dondurmalara rast gəlmək mümkündür”.
Ekspert əlavə etdi ki, keyfiyyətsiz dondurmanı vətəndaş da ayırd edə bilər: “İlk növbədə məhsulun xarici görünüşünə diqqət etmək lazımdır. Əgər dondurmanın qabı bükülübsə, əzilibsə, onun yenidən dondurulmasından şübhələnmək olar. İkincisi, onun qabında rekvizitlərə diqqət etmək lazımdır. İstehlakçı həmçinin məhsulun sertifikatlarını tələb etmək hüququna malikdir. İstehlakçı dondurmanı yediyi zaman da hiss edə bilər. Dondurma yeni qaymaq dadı vermirsə və yaxud boğazda acılıq yaradırsa, deməli, onun tərkibinə kərə yox, digər yağlar qarışdırılıb”.
Dondurma istehsalı üzrə mütəxəssis Ramiz Talıbov bildirdi ki, hər bir dondurmanın üzərində saxlanılma müddəti və şəraiti göstərilir: “Həmçinin dad göstəriciləri var. Bunlarla yanaşı, məhsul təkrarən dondurulubsa, onun tərkibindəki su parçaları qumlaşmış şəkildə olur. Su dənəcikləri əriyib yenidən buzlayanda dondurmadan ayrılır və tək-tək dənəciklər formasında olur. Dənəciklər də buz şəklində olur. Bu zaman sanki buz yeyilir”. 
Mütəxəssis əlavə etdi ki, bu cür dondurmalar yay vaxtı zəhərlənməyə səbəb ola bilər: “Elə yağlar var ki, insan bədənində ərimir. Onların ərimə temperaturu 35 dərəcədən yuxarıdır. İnsanın bədəninin temperaturu isə 36 dərəcə olduğu üçün həmin yağlar orqanizdə ərimir və xaric olmur. Bu da insan səhhətində xəstəliklərə səbəb ola bilər. Dondurmanın yararlılıq müddəti ən çoxu 10 aydır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz