Əlaqə Arxiv
news Image
2017.06.21
09:15
| A A A
İstirahət mərkəzlərində qiymətlər yüksəlir
Vüqar Bayramov: “İnzibati metodlarla yanaşı, təşviqedici və birbaşa sərmayə artırılmasına hesablanan fəaliyyəti həyata keçirilməklə turizm sektorunda qiymət enişini müşahidə edə bilərik”

Artıq yay fəslidir. Bu fonda ölkəmizə turist axını da istər-istəməz artır. Son illər ölkədə turistlərə xidmət etmək üçün müxtəlif istirahət mərkəzləri, otellər də tikilib istifadəyə verilib. Lakin hələ də bu tip obyektlərdə qiymətlər heç də əksər insanların istirahət etməsi üçün qənaətbəxş səviyyədə deyil. Bu azmış kimi, son dövrlər istirahət mərkəzlərində qiymətlərdə ciddi artımlar müşahidə olunur. Görəsən, bu nə ilə bağlıdır?  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, istirahət mərkəzlərində ciddi qiymət artımlarının baş verməsinə səbəb olan amil turizm sektorunda rəqabət mühitinin zəif olması ilə bağlıdır: “İstirahət mərkəzlərində qiymət artımları birbaşa turizm sahəsində rəqabət mühitinin zəif olması ilə bağlıdır. Azərbaycanda turizm obyektlərinin sayı çox deyil. Ölkədə turistlər üçün yataq sayı 38 mindir. Bu, o deməkdir ki, Azərbaycan gün ərzində Bakı şəhəri də daxil olmaqla 38 min turisti qəbul etmək imkanına malikdir. Yəni, otaqlarda yerlərin sayı çox deyil. Bu sayın artırılması həm də turizm sektorunda rəqabətin güclənməsinə imkan vermiş olar. Lakin hələlik bunun əksini müşahidə edirik, təəssüf ki, rəqabət zəifdir. Rəqabət zəif olduğundan da istirahət mərkəzlərində, turizm məkanlarında qiymətlərin aşağı düşməsi baş vermir. 
Əslində, turizm imkanlarımız daha çoxdur, turizm obyektləri və otaqlardakı yerlərin sayı ilə müqayisə etdikdə bunu əyani şəkildə görə bilərik. Lakin rəqabətin zəif olması fonunda bu potensialdan lazımı dərəcədə istifadə edə bilmirik. Beləliklə, aparılan araşdırmalar da göstərir ki, istirahət mərkəzlərində qiymət artımına səbəb olan əsas amil rəqabətin zəif olması faktıdır. Qeyd edək ki, uzun müddətdir bu obyektlərdə qiymətlərin aşağı salınmasının vacibliyi vurğulanır, buna çalışılır. Amma görünən odur ki, hələlik bunun əksi baş verir. O baxımdan da qiymətlərin bazar qanunları üzrə tənzimlənməsi olduqca vacibdir. Bazar qanunları üzrə qiymətlərin tənzimlənməsi daha məqsədəuyğundur. Çünki bu nəticə etibarı ilə imkan verəcək ki, daha ucuz qiymətə xidmətlər təklif olunsun. Xüsusən də turizm xidməti sahəsilə məşğul olan obyektlərin sayının artırılmasına ehtiyac yaranıb. Daha çox təklifin olması fonunda qiymətlər də istər-istəməz aşağı düşəcək. 
Eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, turizm obyektlərinə güzəştlərin də tətbiq edilməsi tərəfdarıyıq. Bu da vergi güzəştləri formasında ola bilər. Vergi güzəştləri formasında güzəştlərin tətbiq edilməsi rəqabəti gücləndirəcək və bu da nəticə etibarı ilə onların qiymətləri aşağı salmasına gətirib çıxaracaq. Yəni, prosesdə dönüşə nail olmaq üçün inzibati metodlarla bahəm, təşviqedici, həm də birbaşa sərmayənin artırılmasına hesablanan fəaliyyətin həyata keçirilməsinə ehtiyac var ki, turizm sektorunda daha aşağı qiymətləri müşahidə edə bilək”. 
 

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz