Əlaqə Arxiv
news Image
2017.06.22
11:47
| A A A
Sintetik narkotiklərlə bağlı daha bir təhlükə-Çəkisini artırmaq üçün mənşəyi bilinməyən...

Bəşəriyyətin bəlası sayılan narkomaniyaya qarşı mübarizə  üsulları daim təkminləşdirilsə də, narkobaronlar yeni növ narkotik maddələr istehsal etməklə öz məqsədlərinə çatmağa cəhd edirlər. Bunlardan biri də  sintetik narkotik maddələrdir. Artıq bu bəla ölkəmizə də ayaq açmaqdadır. Əvvəllər sintetik narkotik maddələr qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilirdisə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən aşkarlanan son fakt sintetik tərkibli narkotik vasitələrin hazırlanmasının artıq Azərbaycanda gerçəkləşdiyini təsdiqləyir. 

Xatırladaq ki, bu günlərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılaraq üzərindən 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinfinə aid güclü psixotrop təsirə malik olan “JWH” adlı narkotik vasitə aşkar olunaraq götürülüb. Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayə yaşadıqları,  sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram “JWH” adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin, əsasən, gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının ayıq-sayıqlığı və operativ şəkildə həyata keçirilən əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu çirkin niyyətlərinin qarşısı vaxtında alınıb.
Amma ekspertlər sintetik narkotik maddə hazırlayan şəxslərdən ibarət bir neçə dəstənin olmasını, eləcə də bu halların davamlı olmasını da mümkün sayır. 


Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçiyeva deyir ki, indiyədək sintetik tərkibli narkotiklərin ölkəmizdə istehsalına rast gəlinməyib: “Son olay göstərdi ki, artıq sintetik maddələr ölkəmizə təkcə xaricdən gətirilmir. Sintetik maddələrin tərkibini öyrənən, onun hazırlanması qaydası barədə məlumatlı olan şəxslər var. Bu, artıq təhlükədən xəbər verir. Deməli, sintetik maddələrin ölkəmizdə istehsalında maraqlı olan şəxslər var ki, onlar xarici ölkələrdə sintetik maddələrin hazırlanması ilə bağlı lazımi bilikləri və məlumatları əldə edərək bunu ölkəmizdə tətbiq edirlər. Ona görə də, Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə nəzarət daha da artırılmalıdır. Çünki, sintetik tərkibli narkotik maddələr təkcə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmir. Sintetik narkotiklərin ölkəmizdə istehsalı aidiyyatı qurumlara bir siqnal olmalıdır”. 
L. Yolçiyeva deyir ki, sintetik narkotiklərin ölkəmizdə istehsalı ondan istifadəni də əlçatan edir: “İndiyədək sintetik narkotiklər xaricdən gətirildiyindən qiyməti də kifayət qədər baha olurdu. Sintetik narkotiklərin ölkəmizdə istehsalı istər-istəməz onu narkomanlar üçün əlçatan edir. Çünki, ölkədə hazırlandığından, qiyməti aşağı olur”. 
Qeyd edək ki, artıq Türkiyə və ABŞ kimi ölkələrdə də həkimlər yeni icad olunan narkotiklərin narkomanları çıxa bilmədikləri çuxura, geri qayıtmaq şansı olmayan uçuruma yuvarladığı barədə həyəcanlı məlumatlar verirlər. Qardaş Türkiyədə həkimlər xüsusilə gənc nəslin, məktəb yaşlı uşaqların istifadə etdiyi yeni sintetik narkotik maddələr olan bonzay, spays kimi narkotik maddələrdən ölüm halının artdığından narahatçılıqlarını ifadə edirlər. Həkimlər bu narkotik maddələrə aludə olanları normal həyata qaytarmağın mümkünsüzlüyünü də təəssüf hissi ilə etiraf edirlər. 
L. Yolçiyeva da deyir ki, son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Həmsöhbətimiz deyir ki, yeni sintetik yolla əldə edilən narkotiklər birbaşa beyin hüceyrəsini məhv edir.L. Yolçiyevanın sözlərinə görə, sintetik narkotiklərin insan orqanizmi üçün zərərli təsirini artıran amillərdən biri də, onun çəkisinin süni artırılması ilə bağlıdır: “Narkobaronlar çalışır ki, narkotik maddələrin satışından daha çox gəlir əldə etsinlər. Bunun üçün isə onun çəkisini süni artırmaq üçün yollar arayırlar. Son illər sintetik narkotik maddələrə çəkisini süni artırmaq üçün mənşəyi naməlum maddələr qatılır. L. Yolçiyevanın sözlərinə görə, sintetik narkotik maddələrin çəkisini süni artırmaq üçün əlavə edilən mənşəyi naməlum maddələr ondan istifadə edənləri daha da aqressivləşdirir: “Qaydaya uyğun şəkildə hazırlanan sintetik narkotik maddə ilə müqayisədə çəkisi süni artırılan sintetik narkotik maddə daha təhlükəlidir. Onlara əlavə olunan maddələrin mənşəyi naməlum olduğundan, insanı daha da aqressivləşdirir. Məlumatlara görə, terror qruplaşmalarına cəlb edilən gənclərə də ilk öncə bu cür narkotik maddələr verilir. Onları qəbul edənlər ən ağır qətl hadisəsini, terror hadisəsini anlaqsız şəkildə deyildiyi kimi icra edirlər”. 
Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov da yeni nəsil narkotiklərin təhlükəli olduğunu söyləyir. Həkimin sözlərinə görə, bonzay və ya spays adlanan sintetik kannobinoidlərin qəbulu zamani şizofreniyaya bənzər halların yaranması bəzən isə ani ürək dayanması baş verir. P. Məmmədov deyir ki, sintetik yolla alınan narkotiklərdən istifadə fiziki asılılıq əlamətləri daha agır olur və mualicəyə daha cətin tabe olur.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz