Əlaqə Arxiv
news Image
2017.06.22
13:10
| A A A
Havalar nə vaxt düzələcək- İqlim dəyişib yoxsa?

Yay olsa da, havaların fəslə xarakterik keçməməsi insanlarda təəccüb doğurur. Bakının günəşli havasına öyrəşmiş sakinlər dəyişkən hava şəraitini iyun ayı üçün gözlənilməz hesab edirlər. Yayın ilk ayının sərin keçməsi təkcə paytaxtda deyil, rayonlarda da müşahidə olunur. 

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov  APA-ya açıqlamasında iqlim dəyişmələri nəticəsində fəsil anlayışlarının olmayacağı ilə bağlı fikirlərin öz təsdiqini tapdığını bildirib. O, söyləyib ki,  BMT-in iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-2014-cü illər üzrə hesabatında tədricən fəsil anlayışları sıradan çıxacağı, ilin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görməyin mümkün olacağı  qeyd edilib. R. Məmmədov təəssüflə bildirib ki, yaxşı olmayan proqnoz özünü doğrulmağa başlayıb və son 2-3 ildə Azərbaycanda da özünü daha aktiv biruzə verməyə başlayıb: "Xalq arasında da belə fikirlər var ki, sanki ölkədə birdən-birə qışdan yaya keçilir, pencəkdə gəzməyə vaxt olmur". 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov isə yay ayında havaların qeyri-sabit keçməsinin iqlim dəyişkənliyi ilə birbaşa əlaqəsinin olmadığını söyləyir. Movqe.az-a açıqlamasında G. Süleymanov əvvəlki illərdə də iyun ayında havaların belə dəyişkən keçdiyini bildirib: “Yay fəslində bu cür hava şəraitinə biz əvvəlki illərdə də rast gəlmişik. Elə keçən il də yayda  bu cür hava şəraiti ilə qarşılaşdıq. Yay fəslində havaların dəyişkən keçməsini birbaşa iqlim dəyişikliklərinin təzahürü kimi qiymətləndirmək olmaz. İqlim dəyişikliklərinin əsas təzahürlərinə bir gündə normadan artıq yağıntının düşməsi, bir neçə günlük yağıntı normasının birdən-birə düşməsi və sair məsələlər aid edilir”.

Mərkəzin direktoru hazırki hava şəraitinin soyuq hava axınlarının ölkəyə daxil olması, siklonların, yerin ətrafında hava axınlarının hərəkəti ilə bağlı olduğunu söyləyib: “Müəyyən mənada müxtəlif fəsillərdə hava dəyişikliklərinə iqlim dəyişkənlikləri təsir edir. Amma biz 1950-ci illəri sonu, 1960-cı illərin əvvəllərində də yay fəslində belə hallarla rastlaşmışıq. Onu da nəzərə almaq lazımdır ki, yay fəsli iyunun 22-dən girir. Ona görə də, havaların tədricən isinməsi müşahidə ediləcək. Ortalama götürdükdə Bakı şəhəri üzrə iyul-avqust aylarında havanın temperaturu təxminən eyni olur. Biz iyul-iyun aylarında əsasən orta 30,31,32 dərəcə isti hava müşahidə edirik. Bəzən temperatur 35 dərəcəni ötərək kəskin yüksəlir. Ona görə də bu ciddi dəyişiklik hesab edilmir”.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz