Əlaqə Arxiv
news Image
2017.06.24
10:00
| A A A
Elmin cəmiyyətə və iqtisadiyyata inteqrasiyasına başlanılıb
Aralıq mərhələlərin ləğvi elmin səmərəliliyini artıracaq

Qərb ölkələrində elmin kommersiyalaşdırılması yüksək nəticələr verir. Bu, sırf kommersiya deyil, elmi müəssisələrdə fundamental inkişafı təmin edən, sınaqdan çıxmış iqtisadi formuldur.

Bu günlərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılsa da, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olsa da, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Danışıq dilində ifadə etməli olsaq, bu tip təşkilatlar dövlətin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur, lakin nizamnaməsində nəzərdə tutulan məqsədlərdən kənara çıxa bilmir.

Bəs publik hüquqi şəxsə çevrilmiş dövlət  ali təhsil müəssisəsinin idarə edilməsində hansı dəyişikliklər baş verəcək? Bu, ilk növbədə bürokratik əngəllərin, yuxarıdan gələn direktiv göstərişlərin aradan qalxması deməkdir. Müstəqillik illərində respublikamızda həyat kökündən dəyişikliyə uğrasa da təhsildə və elmdə  köhnə sovet sistemi hələ də öz təsirini güclü şəkildə saxlayır və bu səbəbdən zamanla ayaqlaşa bilmir. Əvəzində tələbələr yenə də diplom almaq, alimlər elmi ad qazanmaq xatirinə vaxt öldürürlər. Nəticədə iqtisadiyyat mütəxəssis sarıdan korluq çəkir, elmimiz isə yerində sayır. Lakin bu o demək deyil ki, bizdə istedadlı şəxslər yoxdur. Əksinə, ölkəmizdəki istedadlılar, coğrafi ərazisinə və təbii iqliminə görə bəlkə də başqa yerlərə nisbətən daha çoxdur. Lakin bu sahədə idarəetmə sisteminin mühafizəkarlığı və ətalətliliyi istedadların cilalanmasına yox, işə gedib-gəlib maaş almağı stimullaşdırır. Məhz bu səmərəsizliyi aradan qaldırmaq üçün dövlət başçısı yeni sistemin tətbiqinə rəvac verib.

Hazırkı məqamda seçilmiş hər 3 universitet publik hüquqi şəxsə çevrilməklə idarəetmədə geniş  müstəqillik qazanacaq. Bu, xüsusilə maliyyə məsələlərində sərbəstliyə və müstəqil seçimə imkan yaradacaq. Başqa sözlə, elmi fəaliyyətlə məşğul olan şəxs asılılıqdan qurtulacaq. Amma eyni zamanda onun məsuliyyəti də artacaq. Çünki, elmi tədqiqatlarında yuxarıdan göndərilmiş mövzuları yox, hər hansı qurum və ya şirkət tərəfindən sifariş verilən və maliyyələşdirilən işləri öyrənəcək. Bu zaman lazımsız mövzular gündəlikdən çıxacaq. Sahibkar öz istehsalının yüksəldilməsi üçün maliyyə ayıracaq və verdiyi pulun müqabilində iş tələb edəcək. Təbii ki, bu yerdə savadlı ilə savadsız alimlər aşkar olacaq və yalnız qabiliyyətlilərə istinad olunacaq.

Ekspertlər bildirirlər ki, dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair xidmətlər təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə  yoxdur. Bu dəyişiklik məhz həmin gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Ali təhsil ocaqlarının publik şəxsə çevrilməsi Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq.

 

N.NOVRUZ​

 

 

Sizin Reklam Yeriniz