Əlaqə Arxiv
news Image
2017.06.29
19:30
| A A A
Yaxşı İQ uzun ömür deməkdir

"The Telegraph" qəzeti yazır ki, "söz son gülənindir" kəlamı doğrudur və orta məktəbdə ağıllı və əlaçı olduqlarına görə çox vaxt sinif yoldaşları tərəfindən lağa qoyulanlar, doğrudan da "axırda güləcəklər", çünki onlar savadsızlardan daha uzun ömür yaşayacaqlar.

Məqalədə deyilir ki, bu artıq elmi cəhətdən isbat edilmiş bağlılıqdır. Uşağın İQ-sü, yəni zəka indeksi onun daha uzunömürlü olacağının göstəricisi sayıla bilər.

Edinburgh, Oxford və London Kollec universitetlərindən olan tədqiqatçılar 1947-ci ildə keçirilmiş Şotlandiya Ağıl Sorğusunda iştirak etmiş 65 min insanın sonrakı həyatlarını təhlil ediblər. Bu sorğuda 1947-ci ildə iştirak edəndə onların 11 yaşı vardı.

Elmi təhlil göstərib ki, yüksək İQ 79 yaşınadək ürək xəstəliklərindən, iflicdən, xərçəngdən və tənəffüs yollarının pozuntularından ölümlərin faizini əhəmiyyətli dərəcədə azaldıb.

Maraqlıdır ki, zəkalı uşaqların ahıl yaşlarda fiziki xəsarətlərdən, həzm sisteminin xəstəliklərindən və demensiyadan (ağıldankəmlik) ölməsi faizi də xeyli aşağı olub.

"Mən bu nəticələrdən çox nikbinəm, - deyib Edinburgh Universitetinin professoru Ian Deary, - Bu mənə belə bir ümid verir ki, biz əgər zəkalı insanların necə yaşadıqlarına göz qoyub, onları təqlid etsək, azacıq uzun ömür və daha sağlam yaşayışa nail ola bilərik".

Bununla belə, alim deyib ki, zəkalılıqla uzun ömür arasında əlaqə hələ tam öyrənilməyib.

Ola bilsin ki, ağıllı adamların daha sağlam həyat tərzləri (məsələn, siqaret çəkməmələri), təhsilləri, sağlamlıq sahəsindəki savadları və genetikası burda böyük rol oynayır.

Maraqlıdır ki, bəzi həyat məhrumiyyətləri, məsələn işsizlik, məişət şəraitsizliyi kimi hallar da ağıllı adamların uzunömürlülüynə cəmi 30 faiz hallarda təsir göstərə bilir.

Alimlər hesablayıblar ki, İQ - zəka indeksində əlavə 15 bal tənəffüs yolları xəstəliklərindən ölüm hallarını 28 faiz, ürək xəstəliklərindən ölüm hallarını 25 faiz və beynə qan sızmasından ölüm hallarını 24 faiz azaldıb.

Başqa sözlərlə bu o deməkdir ki, İQ indeksi 115 olanlar 76 yaşında tənəffüs yolları xəstəliklərindən ölməmək üçün başqalarından 28 faiz daha çox şanslıdırlar. Bu da qeyd olunmalıdır ki, orta İQ rəqəmi hazırda 100 hesab edilir.

İQ göstəricisi 115 olanların sidik kisəsi xərçəngindən ölüm ehtimalı 19 faiz, ağ ciyər xərçəngindən ölüm ehtimalı 25 faiz və bağırsaq xərçəngindən ölüm ehtimalı 11 faiz az olur.

Başqa elmi mülahizələrə görə, İQ yaxşı genetikanın da göstəricisi ola bilər. Son araşdırmalar göstərib ki, çevik reaksiya qabiliyyəti də erkən ölümlərin ehtimalını azaldır.

Alimlər inanırlar ki, həkimlər və xəstəxanalar pasientlərin müalicəsi zamanı onların irsiyyəti ilə yanaşı İQ indeksini də nəzərə almalıdırlar.

Burası da var ki, dünyada savadlıların sayı artır. 1950-ci ildən bu yana İQ indeksi 20 bal yüksəlib (BBC).

Sizin Reklam Yeriniz