“Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nün təsis edilməsi haqqında (9 avqust 2001-ci il) və “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001 -ci il) Azərbaycan Prezidentinin sərəncamları dövlət dilimizin təkmilləşdirilməsinə və işlənmə dairəsinin ölkədə tam əhatə olunmasına güclü təkan olub. 2013-cü ildə AMEA-nın illik yığıncağında çıxış edən Prezident İlham Əliyev dil məsələsinə toxunmuş, bu sahədə yol verilən nöqsanları göstərmiş və qeyd edib ki, Azərbaycan dili zəngin və müasir tələblərə cavab verən ünsiyyət vasitəsi olmaqla bərabər həm də milli varlığımızın təcəssümüdür. Buna görə də onu qorumalı və inkişaf etdirməyimiz vacibdir. Dövlət başçısı yol verilən nöqsanlara iradını bildirərək qeyd etmişdi ki, hər bir həyat hadisəsini Azərbaycan dili vasitəsilə təsvir etmək mümkündür və belə olan təqdirdə xarici sözlərin yersiz şəkildə dilimizə gətirilməsi nöqsandır. Dilin inkişafı üçün bu meyar çox əhəmiyyətlidir.
Teleradio verilişlərinin və mətbuat orqanlarının vəzifəsi ölkədə və ya dünyada baş verən hadisələr haqqında xalqa xəbər çatdırmaq və ya mənəvi istirahətlərini təmin etməklə bitmir. Teleradio verilişləri də, mətbuat orqanları da məktəbdir, həyat məktəbidir. Gəncliyimiz həmin məktəbdən elmi, xəbərləri, mənəviyyatımızı, adət-ənənələrimizi, etikamızı, estetik dünyamızı öyrənə-öyrənə yetkinləşirlər, müasir tələblərə cavab verə bilən əsl vətəndaş kimi formalaşırlar... Deməli, bu sahədə teleradio məkanının da, mətbuat orqanlarının da məsuliyyəti gündən-günə artırılmalıdır.
Hazırkı dövrdə dilimiz öz təbii və daxili qrammatik qanunları ilə zaman-zaman inkişaf edir, təkmilləşir və yenilikləri təsvir etmək baxımından müasirliklə ayaqlaşır. Lakin bununla yanaşı, mediada və işgüzar aləmdə ciddi dil qüsurlarına da yol verilir. Bu işdə məsuliyyət KİV vasitələri üzərinə daha çox düşür. Bu qüsurlar siyahısında orfoepik (düzgün tələffüz qaydaları), orfoqrafik (düzgün yazı qaydaları), üslubi qaydalar, öz sözlərimizin əcnəbi kəlmələrlə əvəzlənməsi və sairəni qeyd etmək olar.
Filologiya elmləri doktoru, professor Mədət Çobanov bu nöqsanları təhlil edərək deyir ki, ölkəmizdə leysan yağışı yağan zaman yağıntının çoxluğunu nəzərə çatdırmaq üçün “suyun hündürlüyü 50-60 sm olub” ifadəsi efirdə tez-tez səsləndirilir: “Bu cümlə istər leksik, istər üslubi, istər elmi, istərsə də məntiqi baxımdan tamamilə qüsurludur. Çünki lap qədim dövrlərdən xalqımız özünün doğma ana dilində suyun bolluğunu və ya çoxluğunu bildirmək üçün “dərin” və ya azlığını bildirmək üçün “dayaz” sözlərindən istifadə edib. Bu sözlər indi də dilimizdə eyni mənada fəal şəkildə işlədilməkdədir.
Bəs, “dərin” və “dayaz” sözlərinin ifadə etdiyi semantik mənalar necə olmalıdır? “Dərin” sözü dilimizdə mayenin, o cümlədən, suyun səviyyəsini müəyyən etmək üçün işlədilən termin səciyyəli sözdür. “Dərin” (“dayaz”) sözü hər hansı bir su hövzəsinin -dənizin, gölün, çayın və s. üst səthi ilə alt səthi və ya dibi arasında olan ölçünü bildirir. Təbii ki, su yerin səthindən hündür ola bilməz. Bu mənada , “suyun hündürlüyü”ndən yox, suyun “dərinliyindən” söhbət etmək olar.
Dilimizdə “dərin” (“dayaz”) sözlərinə leksik şəkilçilərin birləşdirilməsi nəticəsində isə “dərinlik” (“dayazlıq”) sözləri də düzəlmiş və lap qədim dövrlərdən dilimizdə ümumişlək sözlər kimi işlənməkdədir. Tədqiqatçının fikrincə, teleradio verilişlərində-reklamlarda tez-tez səslənən “Çünki o Bekodu, o ağıllıdır” və “Vaniş”daha inadkardır” ifadələri də məna və məzmunca istər dilçilik, istərsə də məntiqi baxımdan çox qüsurludur.
Televiziya və radio aparıcılarının söz ehtiyatı və lüğət tərkibi əksər hallarda kasadlığı və vulqarlığı ilə seçilir. Xüsusilə, özəl kanallarda bu məsələ bərbad haldadır. Radio aparıcılarının danışığında isə rus dilinə məxsus sözlərdən gen-bol istifadə edilir. Qəzetlərdə və saytlarda “görüş” əvəzinə fransız dilindən təhrif olunmuş şəkildə “randevu” sözünün işlədilməsi də yolverilməzdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, müasir ana dilimizin xalqımızın milli sərvəti olan ədəbi dilimizin qorunması, tətbiqinin yaxşılaşdırılması, tədqiqinin müasir tələblər baxımından daha da təkmilləşdirilməsi işində iştirak KİV-in qarşısında duran ciddi problemlərdəndir. Universitetlərdə jurnalist kadrlarının hazırlanması prosesində bu məsələlərə diqqət yetirilməsi sosial və elimi tələbatdır.
N.NOVRUZ