Daşınmaz əmlak bazarında durğunluq davam edir. Eyni zamanda yay mövsümi ilə də əlaqədar alqı-satqı proseslərinin sayı kəskin azalıb. Qiymətlər də ötən illərə nisbətən aşağıdır. Xüsusi ilə də yeni mənzillərlə müqayisədə son bir il ərzində köhnə mənzillər 10 faizə yaxın ucuzlaşıb. Mütəxəssislər ucuzlaşmanın davam edəcəyini düşünürlər. Köhnə mənzillərlə yanaşı, ucuzlaşma yeni tikililərdə də gözlənilir.
"Koneko Group" MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki, bunun bir səbəbi var: “Yeni tikililər adətən, mərkəzə yaxın ərazilərdə inşa edilir. Hansı ki, bu da qiymətləri yüksəldən amildir. Ancaq kiçik sahəli yeni tikililərdə də ucuzlaşma müşahidə edilir. Eyni zamana burada bir incə nüans da var. Bazara təkliflərdə qiymət artımlarını görə bilərik. Lakin real alqı-satqı prosesində bahalaşma müşahidə edilmir. Bu, manatın məzənnəsinin aşağı düşməsindən irəli əlir. Belə ki, insanlar itkini qarşılamaq üçün təklifi yüksək verirlər. Amma bu itki heç cür kompensasiya oluna bilmir. Çünki real alıcılar daşınmaz əmlakı həmin qiymət almır. Bu baxımdan getdikcə qiymətlərdə daha da ucuzlaşacaq.
Yeni tikililərdə qiymətlərin ucuzlaşmamasının bir səbəbi də odur ki, satıcılar tələsmirlər. Mənzilini tez satmaq istəyənlər isə daha likvid qiymətə təklif edirlər. Bütövlükdə təklifin çox, tələbin az olduğu müddətdə qiymətin artması mümkün deyil. Ancaq satış üçün tələsməyənlər mənzillərini yüksək qiymətə təklif edə bilər. Onlar da real qiymətlər deyil. Hazırda bazarda alqı-satqı faktları az olduğuna görə, qiymətlər enəcək. Dünyada da iqtisadi aktivlik aşağı düşüb. Oxşar vəziyyət daşınmaz əmlak bazarında müşahidə edilir. İpoteka kreditləri, sosial mənzillər müvəqqəti canlandırma imkanlarına malikdir. Lakin bazara təklif olunan sosial mənzillərin qiyməti baha deyil. Bu da bazarda qiymətlərin enməsinə təsir edəcək. Odur ki, yaxın müddətdə Azərbaycanda mənzil bazarında qiymətlərin artımını gözləmək olmaz”.
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, manatla alqı-satqıda tələbat kəskin aşağı düşüb: “Ancaq tələbatın azalması ilə yanaşı, təklif də azalıb. Yəni, hər iki istiqamətdə azalmanın olması bazarda müəyyən qədər tarazılıq yarada bilib. Ona görə də keçən ay qiymətlərdə azalma müşahidə etməmişik. Ancaq bir qayda olaraq mənzil bazarında hər yay ucuzlaşma baş verir. Bu da mövsümi xarakter daşıyır. Ancaq əhəmiyyətli dərəcədə azalma müşahidə edilmir”.
Mübariz BAYRAMOV